HƏSƏD (roman)105


Sevil özünə yer tapmırdı.
Ertəsi gün şöbədə Arzu başını işlə qatmağa çalışsa da, qızın fikri çox dağınıq idi.Özünü ən çətin imtahan qarşısındakı tələbə kimi hiss edirdi.İşdən sonra Azadın dayanacaqda onu gözləyəcəyinə şübhəsi yox idi. Amma…necə? Bu görüşə necə gələcəkdi? Sevgiylə , yoxsa nifrətlə?
Yeganə təsəllisi bacısının “ Sevirsə, anlayacaq!” sözləri idi. Birdən anlamasa, o zaman necə olacaq?
Arzu bacısına gözaltı baxır, daxili iztirablarını yaxşı anlayırdı. Sevil qəlbən sevirdi və yalanları da sevgisi naminə uydurmuşdu. Lakin səhvini birdəfəlik anlamalı, heç bir münasibəti yalan üzərində qurmamalı idi.Bu səbəbdən də ürəyinə daş bağlayıb Sevilə dayaq durmur, təsəlli vermirdi.
İş gününün sonunda sənədləri təhvil verən Sevil :
-Arzu, – dedi, – gedə bilərəmmi?
-Get, – Arzu onun gözlərinə baxdı, – amma çox yubanma, narahat oluruq.
-Birdən…birdən söhbətimiz uzun çəksə?
-Məncə hər şey yaxşı olacaq, – Arzu gülümsəməyə çalışdı, – əsas dürüstlük və səmimiyyətdir. Sən buna çalış, bacı.Qalanlar öz axarı ilə yoluna düşəcək.
-Yaxşı, – Sevil də gülümsədi, – hər şey dürüst olacaq.Əmin ola bilərsən.
-İnanıram.Sən mənim ağıllı bacımsan.Bir daha səhvə yol verməzsən.
Avtobus dayanacağa yaxınlaşdıqca Sevilin ürək döyüntüləri sürətlənirdi.Qız həyəcanını gizlətmək üçün alnına gələn soyuq təri silir, özünü ələ almağa çalışırdı.
Gediş haqqını ödəyib avtobusdan düşdü.Ətrafına nəzər salmadan , asta addımlarla binaya tərəf getməyə başladı.Həlledici məqamı gözləsə də, ona nə yaxınlaşan vardı, nə də bir söz deyən.
-Aydındır, – düşündü, – Solmaz hər şeyi danışıb, bəlkə hələ əlavə rənglər də qatıb.Azad…Azad isə eşitdiklərindən nəticə çıxarıb və…, – gözləri doldu, – və…hər şey alt- üst olub!,- dodaqları əsdi, – bu əzab sona qədər ürəyimi göynədəcək!Öz əllərimlə özümü məhv etdim!
-Sevil, – tanış səs eşidildi, – Sevil!
Qız başını qaldırıb arxaya çevrildi.Azad! Bəli, bu, Azad idi.
-Axşamn xeyir, Sevil!
-A…ax…axşamın xeyir, – qızın səsi titrədi.Elə bilirdim…elə bilirdim…
-Nə olub sənə?, – Azad gülümsədi.
“ Aman Allah! Azadın simasında heç nə dəyişməyib! Yenə əvvəlki kimi mehribandır, – qız özlüyündə düşündü, – belə çıxır ki…belə çıxır ki, Solmaz ona heç nə deməyib!”, – ürəyi bir qədər sakitləşdi.
-Niyə həyəcanlısan?, – Azad bir az da yaxına gəldi, – bir hadisə olmayıb ki?
-Y…yox, nə hadisə?Heç bir şey olmayıb, – qız udqundu, – sadəcə…yorğunam.
-Elə isə, gəl təmiz havada bir az gəzək, söhbət edək, yorğunluğun çıxsın.
-Hə, – Sevil razılaşdı, – söhbət etmək lazımdır, – Azadın gözlərinə baxdı, – çox lazımdır.
Azad qızın həyəcanının səbəbini qismən anlasa da, büruzə vermir, heç nə olmayıbmış kimi təmkinlə, həmişəki mehribalıqla davranırdı.
-Azad, – Sevil yaxınlıqdakı ağacın kölgəsində ayaq saxladı, – mən söhbəti çox uzatmayacağam, çünki anamgil məni gözləyir.Birbaşa mətləbə keçəcəyəm.
-Buyur.
-Mən…Mən…istəyirəm ki…istəyirəm ki, aramızda gizli heç nə olmasın. Hər bir şeyi olduğu kimi təqdim edək.Həqiqət acı olsa belə, – başını aşağı saldı, – dünən…mən sənə…
-Sevil, – Azad onun əlini ovcuna aldı, – sən yaxşı qızsan Sevil!
-Yox, – Sevil əlini çəkdi, – yaxşı olan sənsən! Mən yaxşı deyiləm! Mən! Mən…
-Sakitləş!, – Azad yenidən əlini onun əlinə toxundurdu, – aramla danışaq. Bir – birimizi anlamağa çalışaq.Mən səni hər zaman səbrlə dinləməyə hazıram, əzizim.
-Əzizim!, – Sevil təkrar etdi, – sanki ruhuna bir dinclik gəldi, – əzizim…
-Bəli, əzizim.Sən mənə çox əzizsən Sevil!Hava qədər, su qədər…Sən…ruhumun qidasısan!
Qız sarsılmışdı. Onun bu sözlərə nə qədər ehtiyacı vardı, İlahi! Əlində əlac olsaydı “ Danış, danış, Azad!, – deyərdi, – susma! Sən də mənim ruhuma qida ver!”.
-Ürəyində heç nə saxlama, – Azad sükutu pozdu, – biz hər zaman bir – birimizə dayaq olmalıyıq. Ən çətin anlarımızda bir- birimizə söykənməliyik.
-Azad…sən bağışlamağı bacarırsanmı?
-Baxır nəyi.Əslində hər kəs bağışlamağı bacarmalıdır. Bu, əslində onun özünə hamıdan çox lazımdır.
-Yalanı necə?
-O da yalana baxır, – Azad güldü, – Yalanın da növləri var; qərəzli, xeyirxah…bax, ana da balasına acı dərmanı şirin həb kimi içirdir. Məqsədi övladını aldatmaq deyil, dərdinə əlac etməkdir.
-Elədir.Mən…dünənki söhbətimiz barədə danışmaq istəyirəm. Yəqin ki, Solmaz sənə nələrisə danışıb artıq.
-Yox, – Azad özünü bilməməzliyə vurdu, – biz Solmazla sənin barəndə heç nə danışmamışıq.
-Doğrudan?, – qız heyrətləndi, – qəribədir.
-Buyur, dinləyirəm səni.
-Azad, – Sevil özünü cəmlədi, – mən…mən dünən sənə…yalan demişəm.
-Eləmi, – Azad guya ki, heyrətləndi.
-Hə, – qız ciddi görkəm aldı, -ailəm, valideynlərim barədə.İndi isə hər şeyi olduğu kimi biləcəksən.
-Olsun, nə deyirəm ki, – Azad təmkinini pozmadı.
Sevil heç nəyi gizlətmədən , olduğu kimi Azada danışdı.
Eşitdiklərindən qəti heyrətlənməyən, arabir hətta gülümsəyən Azad sanki ona” Danış, danış Sevil, – deyirdi, – ürəyini boşalt.Bu illər ərzində yığılıb qalmış, ürəyinə ağırlıq edən, səni incidən ağrı – acını bölüş mənimlə!Təskinlik tap.Mənə inan! Mənə güvən!”.

-Bax belə…, – Sevil söhbətini yekunlaşdırdı, – indi hər şeyi bilirsən.
-Burda nə var ki?Sən həqiqətən də çox yaxşı ailənin qızısan! , – Azad dilləndi, – qürurlu, zəhmətkeş, fədakar bir ananın övladısan.Bununla yalnız fəxr etmək olar.Bacın da həyatda hər şeyə savadı, bacarığı ilə nail olub. Sən onunla da öyünməlisən.
-Doğru sözündür?, – qızın gözləri doldu.
-Əlbəttə!Sən də yaxşı qızsan,Sevil! Mən əminəm ki…biz…
-Nə?
-Biz…xoşbəxt olacağıq!Sən və mən!Həyat bizim də üzümüzə güləcək!Çiyin- çiyinə, əl-ələ verib bütün maneələri dəf edəcəyik, inan mənə.
-Demək…acığın tutmur mənə?
-Yox, tutmur! Sən sevgin naminə çalışmısan.Məni itirməkdən qorxmusan.Sevgimizin xətrinə bağışlamaq olar.Bir də ki…həqiqətən valideynlərin , ailən barədə eşitdiklərim çox sevindirdi məni.Atanın da ruhu şad olsun.Ləyaqətli insan olub.
-Mən…bir də heç vaxt…heç nəyə görə…
-Əsas odur ki, səhvini anlamısan və etiraf etməkdən çəkinməmisən.Bu da həyatımızın bir sınağı idi.Gəl unudaq.Həyat üzümüzə xoşbəxtlik qapılarını taybay açdığı bir zamanda , ona arxa çevirməyək.Səadətimizi qarşılayaq!
-Qarşılayaq!, – Sevil kövrəldi, – qarşılayaq!



ARDI VAR.


Govher Rustamova
www.kafiye.net