Yalan və Həqiqət


Kim deyir ki yeriməz yalan, ayaq tutsa da?
Əsrlərdir yol gəlir ,hərdən “yoxa” çıxsa da.

Atası fitnə-fəsad, anası bohtan oldu,
Soğandan-sarımsaqdan “gülməşəkər” doğuldu.

Hələ beşikdə idi ,qorxusu yoxdu onun,
Nə zaman ki dil açdı ,açıldı bəxti onun.

Yalan ayaq da tutdu, hələ bir yeridi də,
Saçından tutub düzün hər yerdə sürüdü də.

Sındırıb əl-qolunu düzü şikəst eylədi
Təmizləyib yolunu hamar ,sərbəst eylədi.

Düzün gözləri yaşlı ,könlü yaralı qaldı,
Əlləri göy üzünə elə uzalı qaldı.

Yalan oldu qocanın ,körpənin də dilində.
Yalan oldu mayası kəsilən çörəyin də.

Qara bir kölgə kimi gəzdi hər yerdə yalan,
Qara bir ləkə oldu saf ürəklərdə yalan.

“Bəs hardadır həqiqət?” deyən dillər kəsildi,
Düzə yoldaş olanlar ayaq altda əzildi.

Yalanın əmri ilə fırlandı çərxi-fələk,
Fələyin qələmiylə yazıldı neçə kələk.

Hərb oyandı yuxudan yalanın əmri ilə,
Qılınclar çıxdı qından yalanın əmri ilə.

Elə bir yer tutdu ki zamanın ürəyində,
Tarixə də düşdü o zamanın kürəyində:

Xalqın tarixi yalan! Yerin tarixi yalan!
Şəhərlərin ,kəndlərin dərin tarixi yalan!

Yandırıldı neçə fakt yalanın əmri ilə,
Yoxa çıxdı neçə xalq yalanın əmri ilə.

Daşların daş köksündə həqiqət susub durur…
Duruşunda bir vüqar ,baxışında bir qurur.

Tanrının səbri qədər səbri var həqiqətin,
Bəzən gec üzə çıxar, fəqət ölməzdir yəqin.

Nəbzlərdə döyünür o, ürəklərdə vurur,
Bəzən qulaq batıran bir sükut ilə susur.

Gün keçər vaxt dəyişər, yalan düşər nəzərdən,
Öz ipinə ilişib silinər ürəklərdən.

Haqqın fədailəri axtarıb tapar düzü,
Ellərə töhvə olar haq kəlamı ,haq sözü.



Tamara Rustamova Tənha Bulud
www.kafiye.net