QAĞA

Rusiyada rus oluruq,
Gürcüstanda gürcü, qağa.
İranda da fars oluruq,
Gəlləm sənnən mərci, qağa.

Özümüzə Türk deyirik,
Türkdən yoxdu əsər , qağa.
Düşmənlərə qorx deyirik,
Hanı bizdə kəsər, qağa?

Ermənini bəyənmirik,
Ölkəmizdə ölkə qurub.
Quyruğunu düyənmirik,
Cefri, İvan öndə durub.

Danışmırıq dilimizi,
Əcnəbinin vurğunuyuq.
Dinc qoymuruq əlimizi,
Əyri işin yorğunuyuq.

Utanırıq adımızdan,
Özümüzə ad gəzirik.
Torpaq çıxıb yadımızdan,
Burda hamı xan, vəzirik.

Dinimiz də qarışıbdı,
Tolerantıq indi, qağa.
Hamı xalqlar barışıbdı,
Bu da təzə dindi, qağa.

Yenilirik hər gün bir az,
Yenilənmək yoxdu, qağa.
Başdan yekə, ağlı dayaz,
İçimizdə çoxdu , qağa.

Torpaqları paylamışıq,
Sərvət qalıb birazcana.
TVlərdə yaylamışıq,
Cancanadı, pəh, cancana!

Bu “cənnətin” görüntüsün,
Duyub bəri gəlmə, qağa.
Altda qalan çürüntüsün,
İyin, qoxun, bilmə, qağa!



Təvəkkül Görüşlü 2020
www.kafiye.net