HƏSƏD (roman) 103



Solmazın ibarəli danışığı araya bir sakitlik gətirdi.Nə Sevil, nə də Azad bu günə kimi onu belə hikkəli görməmişdi. Qıza birdən- birə nə olmuşdu?
Hər üçü susdu.Bir anlığa hərə yaranmış vəziyyəti öz beyninin süzgəcindən keçirib, doğru addım atmaq barədə düşündü.
-Yaxşı, – sükutu Sevil pozdu, – gecdir, mən gedim.Anam narahat olar.Salamat qalın.
-Salamat qalın, – Azad astadan dilləndi.
-Zəhra xalaya mənim salamlarımı çatdır! Anamın da…Çoxdandır görüşmürlər, – Solmaz qıza zəndlə baxdı, – imkan tapıb onları da görüşdürək.
Sevil bir söz deməyib sakitcə oradan uzaqlaşdı.Çiyinlərində sanki dünyanın yükünü daşıyırdı.Ağırlığına zorla tab gətirirdi.Ax, bircə evə tez çatsaydı…
Ona elə gəlirdi ki, Azad da, Solmaz da dayanıb hələ də onun arxasınca baxırlar.Hərəsi ürəyində onu bir cür qınayır.Amma…amma niyə? Sevmək günahdırmı? Onun buna haqqı yoxmu? Bu cavabsız,müəmmalı suallar onu həyatı boyu müşayiət edəcəkmi?
Liftin düyməsini basıb yuxarı mərtəbəyə qalxdı. Əlini qapının zənginə uzatmışdı ki, qapı açıldı:
-Ay qız , harda qalmısan?, – Arzu onu qarşıladı, – niyə bu qədər yubandın?İşdən çıxdığın gör nə vaxtdır! Demirsən anan, bacın nigaran qalar?
-Avtobus gec gəldi, – Sevil könülsüz cavab verdi.
Ayaqqabılarını soyunub içəri keçdi. Zəhra tələsik mətbəxdən çıxıb ona tərəf qaçdı:
-Balama qurban olum! İşdən gəlir!, – qızını qucaqlayıb bağrına basdı, – gəl, gəl başına dönüm!
Sevil bu məqamda doğma ağuşda, doğma nəfəsdə elə bir hərarət hiss etdi ki…Ürəyindən anasının boynuna sarılıb ucadan,hönkürtü ilə ağlamaq keçdi. İlahi, ana qoynu necə rahat imiş!Ana ətri necə gözəlmiş!Qız sanki bütün dünyanı qucaqlamışdı.Yer də, göy də, səma da, torpaq da…hər şey, hər şey onun idi! Bu vaxta qədər niyə duymamışdı bunu?
-Nə olub sizə?, – Arzu ucadan güldü, – Sevilin işləməyi tarixi hadisəymiş ki?!
-Sevilimə qurban olum!, – ana kövrəldi, – ilk dəfə idi ki, evdə onsuz qalmışdım, – qızının qoluna girdi, – gəl , gəl gör sənin üçün nələr hazırlamışam, – otağa keçdilər, – bu evin yaraşığı imişsən ay Sevil, – ana yenidən kövrəldi, – dəcəl də olsan, həyat sənsiz çox maraqsızdır.
-Artıq dəcəl deyil, – Arzu anasının həvəslə hazırladığı yeməkləri süfrəyə düzməyə başladı, -böyük bir şöbənin işçisidir.Özü də, – bacısına baxıb gülümsədi, – bacarıqlı işçisi.Vaxt gələcək, şirkət onunla fəxr edəcək.
-Amin ay bala, Allah ağzından eşitsin!, – Zəhra məhəbbətlə qızına baxdı, – mənim qızım başqa cür ola bilməz.
Sevil indi anlayırdı ki, dünyada ana, bacı sevgisi qədər saf, təmiz, təmmənasız sevgi yoxdur.Onların əhatəsində necə yüngülləşdi, İlahi! Bu insanlar ona necə gərəkmiş!
Şam yeməyindən sonra mətbəxi sahmana salan Arzu , divanda anasını qucaqlayıb mürgüləyən Sevilə baxıb güldü:
-Həə, işçimiz yorulub deyəsən.
-Dəymə qızım, – Zəhra pıçıldadı,qızını bir qədər də özünə tərəf çəkdi, – qoy dincəlsin.
Sevil gözlərini açıb dikəldi, anası ilə bacısının üzünə baxdı:
-Deyəsən yuxulamışam axı, – gülümsədi, – sən necə deyirsən, – anasına baxıb güldü “ Lənət kor şeytana!”.
Hər üçü güldü.
-Burda niyə yuxulayırsan ki, keç öz otağında dincəl, – sözlü adam kimi Sevilə baxıb ehmalca göz vurdu.Başı ilə otağa işarə etdi.
Sevil yerindən qalxdı.Otağına tərəf getdi, çevrilib bir də bacısına baxdı. Hə, Arzu sözlü idi.
Otağında yerini yenicə rahatlamışdı ki, bacısı qapını açıb içəri keçdi.Gülümsəyib, pəncərəyə tərəf işarə etdi:
-Bu o idimi?
-Kim?
-Azad.
-Nə Azad?
-Özünü bilməməzliyə vurma.Mən pəncərədən hər şeyi gördüm.
-Nə olsun ki?
-O olsun ki…zövqün heç də pis deyil.Hündürboy, yaraşıqlı oğlandır.Ciddi görkəmi var.
-Məni izləyirsən?
-Yox, izləmək niyə? Yubandığına görə narahat oldum. Pəncərənin qarşısına keçəndə səni onunla söhbət edən gördüm. Sonradan bir qız da yaxınlaşdı sizə…tanış gəldi mənə nəsə…
-Hə, – Sevilin siması dəyşdi, – tanışdır.Qonşu qızı Solmaz.
-Solmaz. Həə, yadıma düşdü.Analarımız da bir – birinə yaxındırlar.Yaxşı qızdır.
-Hə, yaxşı qızdır, – Sevil təkrarladı, – onu zaman göstərəcək…
-Yaxşı bəs…
-Azad onun doğma xalası oğludur, – Sevil cavabı çox ləngitmədi, – bu da həyatın mənə təzə sürprizidir.
-Olsun da, – Arzu bir şey anlamadı, – burda pis nə var ki?
-Var, – Sevil köks ötürdü, – var, bacı.
-Anlamıram.
Sevilin heç nəyi bacısından gizlətmək fikri yox idi. Odur ki, birbaşa mətləbə keçdi.Azad ilə aralarındakı söhbəti aramla bacısına danışdı. Bəzi məqamlar xoşuna gəlməsə də, Arzu onu səbrlə, diqqətlə sona qədər dinlədi.Araya sükut çökdü.
-İndi necə olacaq, bilmirəm, – Sevil sakitliyi pozdu, – mən niyə bu yalanlara əl atdım axı?Gec-tez onsuz da hər şey bəlli olacaqdı.İndi…mən..
-Yalanla həyat qurulmaz, əzizim, – Arzu astadan dilləndi, – münasibətlər əvvəldən təmiz olmalıdır.Doğru təməl üzərində qurulmalıdır.Yoxsa…yoxsa, gec-tez uçulub-dağılacaq. Mən…mən sənə deməkdən yorulmuşam, Sevil. Birdəfəlik anla ki, atasızlıq, kasıbliq, halal zəhmətlə dolanmaq eyib deyil.Biz heç kimin qarşısında gözükölgəli deyilik!Həyatda eyib sayılan başqa şeylər var…
-Bilmirəm…məni buna nə vadar etdi, – Sevilin gözləri doldu, – bir anlıq mənə elə gəldi ki, yetimliyimə, imkansılığıma görə Azad məndən uzaqlaşacaq.Fikrindən dönəcək.Bu…Bu, mənə ölümdən də betərdir, başa düşürsən?
-Asta danış, – Arzu otağın qapısına tərəf işarə etdi, – anamız eşitməsin.Mən səni yenə anlamıram,-pıçıltı ilə davam etdi, – yetimi, imkansızı sevib evlənmək olmaz ki?Məgər Çingiz mənimlə hansısa imkanıma, qohum- əqrəbama görəmi evlənir?
-Hamı Çingiz deyil.
-Demək…Belə çıxır ki, Azada arxayın deyilsən.Ya da ki, sevgi gözlərini tutub.
-Mən onu itirmək istəmirəm.Bizi ayıra biləcək bütün maneələri aradan qaldırmalıyam!
-Necə? Yalanla?, – Arzu bacısının gözlərinə baxdı, – sən onunla yenidən görüşüb söhbət etməlisən.Özü də çox ciddi. Hər şeyi olduğu kimi.
-Demək asandır.
-Sən deməsən də, bunu Solmaz edəcək. Nə qədər olmaya, doğmadırlar. Onu səndən çox istəyir.Bax o zaman həqiqətən pis vəziyyətə qalacaqsan.
-Başa düşürəm…bəs…birdən Azad məndən üz döndərsə?
-Azad səni həqiqətən də təmiz məhəbbətlə sevirsə, başa düşəcək. Yox, əgər…
-Mən onsuz yaşaya bilmərəm.
-Sizin münasibətiniz pozulsa, elə sənin yalanlarının ucbatından pozulacaq, bunu dərk et nəhayət ki.Doğma, əziz insanlar arasında yalan olmamalıdır!Qoy o, səni necə varsansa, elə də qəbul etsin. Etməyəcəksə, demək bu, sevgi deyil.Təmənnalı sevginin sonu isə acı göz yaşları olur.Bunları yadında yaxşı saxla.
Qızların söhbəti çox çəkdi. Sevil Arzunun əksər fikirləri ilə razı idi.Amma…Azada bunları necə etiraf edəcəkdi? Birdən…Aman Allah! Solmaz hər şeyi açıb- tökdü? Onda necə olacaq?O yalanları Azad ona bağışlayacaqmı?Bundan sonra ona inanıb etibar edəcəkmi?Həyatında belə birinin olmasını istəyəcəkmi?
Yenə suallar…
-Gəl yataq, – Arzunun səsi onu fikirdən ayırdı, – səhər tezdən oyanmalıyıq.Sən isə, – qətiyyətlə bacısına baxdı, – günü sabah Azada hər şeyi olduğu kimi danış.Nə qədər ki, gec deyil, özün hər şeyi yoluna qoy.
-Bəlkə də gecdir, – Sevilin gözləri yol çəkdi, – Solmazı evlərinə qədər yola salacaqdı.Bəlkə də…o, artıq hər şeyi bilir…
-Yat dincəl, – Arzu işığı söndürüb çarpayısına uzandı, – sevirsə…anlayacaq!



ARDI VAR.



Govher Rustamova
www.kafiye.net