KÖHNƏLİB

Yenə gəlir, kandardadı təzə il,
Hamı deyək, dünyamıza xoş gəlib!
Ha söyləyək, ” ömrümüzü bəzə il “,
Mənim ilim daha qardaş, köhnəlib!

Şəkk etmirəm gələn ilə, təzədir,
Yaradanı belə bölüb, təzədir,
Gələn illər köhnə ömrüm gözədir,
Mənim ilim daha qardaş, köhnəlib!

Sökülübdü daha ipi, ilməsi,
Quramadır “yeni ” sözü, kəlməsi,
Nə dəyişər təzə ilin gəlməsi,
Mənim ilim daha qardaş, köhnəlib!

Köhnə illər apardılar yurdumu,
Artırdılar kədərimi, dərdimi,
Təzə gələn köhnələri sordumu?
Mənim ilim daha qardaş, köhnəlib!

Təzə ilə necə girim, bilmirəm,
Köhnə dərdi təzə görüm. . . bilmirəm,
Nimdaş ömrü necə verim, bilmirəm,
Mənim ilim daha qardaş, köhnəlib!



Təvəkkül Goruslu. 2019
www.kafiye.net