HƏSƏD (roman) 101



Nübargilin sonuncu istirahət günü idi.Səhər yeməyindən sonra otağı təhvil verib, hava limanına yollanacaqdılar.
Anası hər şeyi axşamdan hazır etsə də, Nübar təkrarən otağı gözdən keçirdı. Qapını bağlayıb anası ilə bərabər yeməkxanaya düşdü. Zaurla Kamilə həmişəki kimi, artıq orada idilər.
Rəfiqə ilə Nübarı görcək Kamilə yerindən qalxdı, hər ikisi ilə mehribanlıqla görüşdü:
-Sizi görməyənə qədər ürəyim dinclik tapmır, – gülümsədi, – Sabahımız xeyirli olsun.
-Sabahınız xeyir!, – Rəfiqə də səmimiyyətlə görüşdü, – səhər yeməyimiz də nuş olsun.
-Deyirəm ki, ay Rəfiqə, – Kamilə çayları süzə – süzə söhbətə başladı, -burda günlərimiz necə ötdüsə, hiss etmədik.Heç darıxmadıq da…Amma qəribədir, sonuncu gün birdən- birə qəribsədim, – fincanı Rəfiqənin qarşısına qoydu, – evimə, ailəmə dönməkdən ötrü ürəyim qanadlanıb uçur.
-Hə, – Rəfiqə də gülümsədi, – eyni hissləri mən də keçirirəm, – sözünə ara verdi, – günü harada xoş keçirsə – keçsin, insanın gözü həmişə arxada – vətənində , ev – eşiyində, ailəsində olur. Bu, təbii haldır.
-Elədir, – Kamilə gülümsədi, – inana bilmirəm ki, bu axşam evimdə, ailəmdə, balarımın yanında olacağam.
Analar mehriban söhbət edir, yola hazırlıqlarından danışır, məsləhətləşirdilər.
Gənclər…gənclərsə sevgi dolu baxışlarla bir – birinə baxır, bu nağılabənzər həyatın sona çatmasına yalnız təəssüflənirdilər.Ayrı yaşamaq hər ikisinə çox ağır gəlirdi.
-Darıxma , Nübar, – Zaurun baxışları pıçıldadı, – mən həmişə səninləyəm.
-Bilirəm, Zaur, – Nübarın baxışları dilləndi, – bilirəm…
-Sən mənim udduğum hava, aldığım nəfəssən.Səni həyatımdan da artıq sevirəm.
-Onu da bilirəm, Zaur.Sənsə…sənsə mənim həyatımın mənasısan.Sənsiz həyat mənə bir heçdir.Sən…sən qəlbimin hər bir döyüntüsündəsən.
-Damarlarımda axan qanımsan, Nübar…
-Deyiəm ki, – Kamilənin səsi onları xəyaldan ayırdı, – cavanlar çaylarını içib, yaxınlıqdakı mağazaya baş çəksinlər. Yola düşəcəyik, bəlkə bir ürəklərindən keçən nəsə var…
-Çayları buza döndü, – Rəfiqə istehza ilə hər iki gəncə baxdı.Onların deyəsən …
-Çaylarını təzələyərik, – Kamilə oğluna baxıb gülümsədi, – Zaur elə körpəlikdən çayı soyuq içir.
Analar gülüşdülər.
Səhər yeməyini bitirib, gənclər yaxınlıqdakı mağazaya, analar isə otaqlarına yollandılar.
Rəfiqə otağa göz gəzdirdi, hər şey qaydasında idi.Sakitcə kresloya əyləşdi.Çox keçmədi ki, qapı astadan döyüldü:
-Rəfiqə, – Kamilənin səsi eşidildi, – gəlmək olarmı?
-Əlbəttə olar, – Rəfiqə yerindən qalxıb qapını açdı, – gəl bacım, – hörmətlə ona divanda yer göstərdi, – buyur əyləş.
-Bilirsən, – Kamilə əyləşib yerini rahatladı, – nə qədər ki, uşaqlar yanımızda deyil, səninlə bir bacı söhbəti etmək istəyirəm.
Əslində söhbətin mətni- məramı Rəfiqəyə aydın idi,amma bacardığı qədər büruzə verməməyə çalışırdı:
-Buyur əzizim, dinləyirəm.
-Rəfiqə…yəqin ki…, – udqundu, – yəqin ki, nə barədə danışmaq istədiyimi bilirsən…Məni düzgün başa düş bacım. Mən burada, bu saatda elçilik etmək fikrində deyiləm…amma səndən bir ricam var.Gəl…gəl balalarımızın səadətinə mane olmayaq.
Rəfiqə nə deyəcəyini bilmədi.
-Gənclər bir – birini əsl məhəbbətlə sevirlər.Düzü, – sözünə ara verdi, – ilk zamanlar mən də bunu bir o qədər ciddi qəbul etmirdim. Ötəri, keçəri hiss olduğunu zənn edirdim. Amma…
-Nə deyim…Mən onların hisslərinə hörmətlə yanaşıram.Məni düşündürən başqa şeydir.Sən də məni anlamağa çalış. Onlar heç biri hələ ailə həyatına hazır deyillər. Hər ikisi tələbədir.Qarşıda onları hələ neçə illik də tələbəlik həyatı gözləyir. Bir də ki,bacım, sənin Zaurdan böyük iki oğlun da var.Zaur ali məktəbi bitirdikdən sonra hələ əsgəri xidmətə də getməlidir.Özün fikirləş…indi…
-Elədir, – Kamilə başı ilə deyilənləri təsdiqlədi, – amma gəncləri incitmək də insafdan deyil.
-İncitmək niyə?Dərslərin başlamasına az qalıb. İnstitutda yenə birlikdə olacaqlar.
-İnstitutda, – Kamilə ucadan güldü, – əsl qız anasısan vallah, – Rəfiqəni qucaqladı, – vaxt elə sürətlə ötəcək ki…Gənclər bir – birini həqiqi məhəbbətlə sevirlərsə, onlara mane olmaq yox, kömək etmək lazımdır, əzizim.Gəl mən deyənə qulaq as. Dərslər başlayana qədər evdə hər ikimiz söhbəti açaq.Nə vaxt məsləhət bilsəniz, qohumlarımla qapınıza gəlib, Nübarımın xeyir- duasını alım.
-Axı…
-Başa düşürəm.İndi toy etməsək də, heç olmasa, gənclər xatircam olsunlar. Ətrafdakılardan utanıb- çəkinməsinlər.Nübarımın adına söz deyilməsin. Hələlik bir üzüklə işi yoluna qoyarıq, sonrasına Allah özü yol açar.
-Atasının qərarı nə olsa, elə də olacaq.
-Təbii ki…Bizim ailədə də bütün qərarları yoldaşım verir. Söhbəti burda açmaqda məqsədim odur ki,ailələr bu barədə əməlli – başlı düşünüb- daşınsın. Birgə səyimizlə yəqin ki, ümumi bir nəticəyə gələrik, – fikrə getdi, – ehhh…ay Rəfiqə…sənin o sadaladıqlarını gözləyənə qədər ömür gedir…uzatmağın nə mənası?Qərarları qətidirsə,niyə incidək axı onları? Şükür ki, hər iki ailənin hər cür imkanı var. Balalarımıza bir gün ağlaya bilməyəcəyik ki?
-Bilirsən Kamilə, balalarımıza canımız da qurban. Amma bir iş var ki, onlar kömək gördükcə, arxayınlaşacaqlar. Ailə təəssübü çəkmək onların öz işi, öz məqsədi olmalıdır.Ata- anaya güvəndikcə…
-Biz elə övladlar tərbiyə etməmişik bacım. Ailə qurulacaqsa, təəssübünü də özləri çəkməli olacaqlar. Biz müəyyən bir dövrə qədər onlara valideyn olaraq qayğı göstərməli olacağıq. Necə ki, zamanında bizimkilər də bizdən bunu əsirgəməyiblər.
-Doğrudur, – Rəfiqə razılaşdı, – anam son nəfəsinə qədər mənim hər işimə yardım edirdi.
-Elə mənim də…Allah o dünyalarını versin. Övladlarımı elə anamın sayəsində böyütmüşəm, – gülümsədi, – indi növbə bizimdir.Biz də yaxşı nənə olacağıq.
-Nənə…
-Bəli , nənə!, – Kamilə ucadan güldü, – məgər buna haqqımız yoxdur?Nəvə böyütmək bütün anaların arzusudur.Təki Allah o günü bizə qismət eləsin.
-Analar burda baş – başa verib nə danışırlar?, – otağa keçən Nübar əlindəki bağlamaları masanın üstünə qoydu.Maraqlı hədiyyələr almışıq, baxmaq istəyirsiniz?
-Siz baxın,mən gedim qızım, Zaur narahat olar, – Kamilə yerindən qalxdı, – Otaq bağlıdır, – Nübarın üzündən öpüb, otaqdan çıxdı.
-Hə, ana, – Nübar bağlamaları açmağa başladı, – yaxın gəl.Ana…səninləyəm…
-Hə…, – Rəfiqə sanki yuxudan oyandı, – h…hə…
-Nə olub sənə?
-H…heç qızım…, – Nübarı qucaqlayıb bağrına basdı, – gözəl balam, ağıllı qızım.
-Nə baş verdi yenə?, – qız narahat oldu, – Kamilə xala ilə nə barədə danışırdınız?
-Sizin barədə, – Ana qızının saçlarına sığal çəkdi, – sizin barədə.
-Bizim…, – Nübarın yanaqları allandı.


ARDI VAR.


Govher Rustamova
www.kafiye.net