HƏSƏD (roman) 100


Solmaz xalasına bəzi işlərdə kömək edib , evlərinə getməyə hazırlaşırdı.Zümrüd onun evdarlığından da çox razı idi.” Balam uçuq evin dirəyidir, – düşünürdü, – bir qonaqığı təkbaşına yola verər,” uf “da deməz!Kaş bu evdə səni gəlin görəydim ay Solmaz, dərdim olmazdı!”.
Birdən nə fikirləşdisə:
-Solmaz, – dedi, – hava qaralır, nigaran qalaram qızım, bəlkə gecəni burda qalasan? Hə?, – məhəbbətlə ona baxdı, – anana zəng vurub xəbərdar edərəm, – gözünün ucu ilə Azada baxdı, sanki onun da fikrini bilmək istəyirdi.
Azad isə öz düşüncələrinin ağuşunda idi, deyilənləri heç eşitmirdi də.
Solmaz dəhlizdə ayaqqabbılarını geyinə- geyinə:
-Yox xala, – dedi, – narahat olma, mən qaranlıqdan qorxmuram.Avtobus məni evimizin lap yaxınlığına qədər aparacaq, – gözaltı Azada baxdı, gülümsəməyə çalışdı, – xalaoğlu da istirahət etsin.
-Nə istirahət ay qız!, – Zümrüd oğluna tərəf baxdı, – gözlə, heç olmasa dayanacağa qədər ötürsün səni.
Azaddan səs çıxmadığını görüb , bir qədər uca səslə:
-A bala, Azad!Xalan qızı gedir, qalx dayanacağa qədər yola sal barı!
Azad sanki yuxudan ayıldı:
-H…hə…bəli.Nə? Necə?
-Başıma xeyir!, – Zümrüdün qaşları çatıldı , – A bala , nə olub sənə?Gəmilərin batıb?Qalx, qızı yola sal!.
Bir aləmdən başqa bir aləmə düşmüş kimi, Azad yerindən qalxıb anasığilin üzünə baxdı:
-Kim gedir? Hara?
-Solmaz gedir!, – Zümrüd səsini bir az da qaldırdı, – yubanmayın, qaranlıq düşür!.
Axşamın sərinliyi hiss olunurdu.Budaqlarda bir yarpaq da tərpənmirdi.Belə bir xoş havada Azadla yanaşı gedən Solmaz dayanacağa çatmaq istəmirdi.Onunla uzun – uzadı, bitib- tükınməyən bir yol gedəydi kaş.Aylı- ulduzlu gecənin mehi saçlarına tumar çəkəydi, ətrafda sükutu pozacaq heç nə olmayaydı…bir- birinin gözlərinə baxaydılar, ürəklərinin döyüntüsünü dinləyəydilər…
-Hə, gedək , evinizə qədər səni ötürüm, – Azadın səsinə diksindi, – anam düz deyir, – səni tək buraxmaq olmaz.
Yol boyu hər ikisi susurdu, vəziyyəti hərə öz düşüncəsi ilə qiymətləndirirdi ; Azad xalası qızını ta evlərinə qədər yola salmaq, Solmaz isə bir ömür boyu onunla yanaşı addımlamaq…
Evə qayıtdıqdan sonra da, səssiz- səmirsiz otağına çəkilən Azad Zümrüdü narahat etməyə başlamışdı:” Uşağa nə olub görəsən?, – ananı fikir aldı, – niyə dinib- danışmır?Yuxulu adam kimi hər deyilənə gözlərini döyür…Ya Rəbbim! Balamı xata- baladan uzaq elə!Görəsən nə baş verir?”.
Oğlu ilə danışıb, söhbət etməyə bəhanə axtaran ana birdən səhər Rusiyada yaşayan qızından aldığı məktubu xatırladı.Cəld onu süfrənin altından çıxarıb, tumarladı.Bir də gözdən keçirib, Azadın otağına tərəf getdi:
-Azad, gəlmək olarmı?, – qapını astaca araladı, – bir bax, bacından məktub var.Səhər poçtalyon gətirmişdi.Nəvələrimin şəklini də göndərib, – gözləri güldü, – balalarım böyüyüblər!
-Hə? Nə yaxşı!, – Azad məktubu da, şəkilləri də anasından aldı, – darıxmışam onlardan ötrü.Bir bacım var, o da qəriblikdə…hərdən, – gözləri yol çəkdi, – hərdən …doğma insana elə ehtiyacın olur ki…
-Neyləyək bala, – Zümrüd oturacağı çəkib əyləşdi, – mənə də çətindir, ananın fikri həmişə balasının yanında olur.Qismət beləymiş…Canları sağ olsun!Təki evlərində, ailələrində əmin- amanlıq olsun!, – sözünə ara verdi, – qaldı doğmalıq məsələsinə…anadan doğma kim ola bilər?Sən…sən mənə arxayın ola bilərsən.İnsanı ana qədər düşünən, başa düşən, doğru yol göstərən ikinci şəxs yoxdur bala…
-Hə…, – məktubu oxuyub, şəkillərə məhəbbətlə baxan Azad dilləndi, – elədir.Amma…, – baxışlarını kənara çəkdi, -bəzən anaya da hər sözü demək olmur.
-Məni darıxdırma Azad, – Zümrüdün siması dəyişdi, – evə gələndən özündə deyilsən.Xəstə adam kimi haldan , heydən düşmüsən…dinmirsən, danışmırsan…anayam axı, məni də başa düş!
-Ay mənim gözəl anam!, – Azad yerindən qalxıb anasını qucaqladı, – inan mənə, ciddi heç bir şey yoxdur. İstidir, yorğunam…vəssalam.
-Elə deyil…Ana ürəyi hər şeyi hiss edir, onu aldatmaq mümükün deyil!De görüm, dərdin nədir?
-Dərdim?, – Azad güldü, – əgər buna dərd demək olarsa…
-Uzatma!
-Vaxtı çatanda biləcəksən.Narahatlığa səbəb yoxdur.
-Oğul, mən bu barədə danışmağı xoşlamıram, özün bilirsən…Amma hərdən bəzi məqamları xatırlatmaq lazımdır.Mən sizi minbir əziyyətlə böyütmüşəm, – gözəri doldu, – körpə vaxtlarınızda onun barəsində nağıllar uydurmuşam…
-Ana…
-Sözümü kəsmə! Aldadılmış, atılmış qadınlar sırasında olmamaqdan ötrü çox capalamışam. Bir gözüm ağlayanda, el gözünə o birini güldürməyə çalışmışam. Abır- həyamı hər şeydən üstün tutmuşam!
-Bunları bilirəm, ana.
-Yox, bilmirsən!, – Zümrüd özü də hiss etmədən səsini qaldırdı, – evimdə haram tikə olmayıb, – sözünə ara verdi, – atanın kənarda başqa həyatı olduğunu bilirdim.Amma…balalarımın xətrinə susurdum.Evimi-ailəmi dağıtmaq istəmirdim.İsti ocağımı soyuda bilməzdim.Bunu mən düşünürdüm, amma o, yox! Onun üçün həyat eyş – işrətdən, əyləncələrdən ibarət idi.Ailə təəssübünü çəkmək ağlına da gəlmirdi.Mən bunları sənə danışmaqla onu gözündən salmaq fikrində deyiləm, demək istədiyim başqa şeydir, – udqundu, – mən övladımı fikirli, boynubükük görmək istəmirəm.
-Boynubükük niyə? Oğlun ali məktəbi əla qoymətlərlə bitirib, gələn aydan da orda müəllim kimi fəaliyyət göstərəcək.
-Onu bilirəm də, fərəhənirəm də.Nə demək istədiyimi yaxşı başa düşürsən, məni azdırma. De görüm, nə olub.
-Yaxşı, – Azad da digər oturacağa əyləşdi,- sən evdə tək darıxmayasan deyə…bəzi planlarım var.Ailəmizi genişləndirmək barədə düşünürəm.
-Bıy!Bıy…a bala…bıy başıma xeyir! , -Zümrüdün dili topuq çaldı, – genişləndirmək…yəni ki…
-Hə, – Azad gülümsədi, – məncə zamanı çatıb.
-Əlbəttə çatıb!, – Zümrüd sevincindən nə deyəcəyini bilmədi, qalxıb oğlunu bağrına basdı, -mən də bu barədə çox düşünürdüm, amma söhbəti hardan, necə başlayacağımı bilmirdim. Səni şadxəbər olasan bala! Şükürlər olsun! Ölmədim, bu günü gördüm!
-Sağ ol, ana!, – Azad anasının üzündən öpdü, – gördün ki, narahatlığa səbəb yoxdur.
-Daha fikirli niyə gəzirdin ki? Bundan da gözəl xəbər olar?, – Zümrüdün gözləri sevincdən parıldadı, – bacın eşitsə gör necə sevinəcək! Onun da arzusudur axı…Hələ…hələ öz bacımı demirəm,- Azadın üzündən öpdü, – xalanı deyirəm.
-Hə, – Azad əlini saçına çəkdi, – bəlkə də…
-Bəlkə niyə? Bilirəm, onun da ürəyindəndir…Niyə də olmasın! Bir – birinizə elə yaraşırsınız ki!Maşallah! Allah pis gözdən qorusun!
“ Həə…bax indi gəlib çatdıq…, – Azad düşündü, – indi səni necə məyus edim, ana? Arzularını gözündə necə qoyum?Xəyallarını necə alt-üst edim? Hisslərimi sənə necə bəyan edim?Məni anlayacaqsanmı?”.
-Səninləyəm e, – Zümrüd onu dümsüklədi, – deyirəm ki, Solmazı da təhsildən ayırmarıq. Qoy oxuyub diplomunu alsın. Mən sizə hər cür kömək edəcəyəm, təki xoşbəxt olun!
-Solmazı?, – Azad anasının üzünə baxdı, -Solmazı niyə?
-Necə niyə? Oxusun da!
-Ax hə, Solmazı…hə oxusun, nə deyirəm ki…
-Əlbəttə, ağıllı – kamallı qızdır. Oxusun, bir sənətə sahib olsun. Ailə də ki, öz yerində, necə deyərlər, biri digərinə mane olmaz.
-Solmaz ailə qurur ki?
-Bıy!, – Zümrüd təəccüblə oğluna baxdı,- kim qurur bəs? Bilirəm, – ana yenidən gülümsədi, – bir – birinizə laqeyd deyilsiniz. 
-Hər şeyi bilirsən?, – Azad da gülümsədi.
-Əlbəttə, ana ürəyi həssas olur!
-Birdən…işdi-düşdü…yanılsa…
-Yanılmaz!, – Zümrüd yerindən qalxdı, – məni sevindirdin bala. Səhər bacına məktub yazacağam, mütləq bu xəbəri ona da çatdıracağam, qoy sevinsin!
-Tələsmə, ana, – Azad duruxdu, – bir az gözlə.
-Hə, anladım…, – Zümrüd bic- bic güldü, – öz aranızda da həll etmək istəyirsiniz…Nə olar, etiraz etmirəm.Danışın, razılaşın, mən də bacımla işi yoluna qoyaram.
-Ana!, – Azad ciddi görkəm aldı, – ana!
-Nədir a bala?
-Necə deyim…
-Nə deyəcəksən? Hər şey gün kimi aydındır! Ürəyini sıxma! Sizə bir toy edək ki, gəl görəsən!
-Yaxşı, qalsın sonraya. Amma xahiş edirəm, nə Solmazla, nə də xalamla heç nə danışma.
-Yaxşı bala, necə deyirsən! , – oğlunun üzündən öpüb sevincək otaqdan çıxdı.




ARDI VAR.



Govher Rustamova
www.kafiye.net