SƏNDƏN SONRA

Yenə də qapımı döydü xəyallar,
Canlandı gözümdə pərişan anlar.
Yetişib haraya kamanla bir tar,
Bir nəğmə oxutdu, dərdli biçara,
“Səndən sonra”

Açıldı səhifələr hey varaq-varaq,
İlham pərim yenə gətirdi soraq.
Qoyaraq önümə qələm, bir çıraq,
Yazdırır ruhumu hey yora-yora,
“Səndən sonra”.

Deyirdim şeirimi batırmam qəmə,
Keçmişi unutmaq çətinmiş demə.
Sənsizlik deyilən köhnə dərdimə,
Nə təbib, nə loğman tapmadı çara,
Səndən sonra.

Gedişin gəncliyə düşmən kəsildi,
Həsrətin vüsalın bağrını dəldi.
Didərgin sevgimiz yol-iz bilmədi,
Əlacsız yas tutub geyindi qara,
Səndən sonra.

O gündən tərsinə əsdi küləklər,
Pərişan telini yoldu çiçəklər.
Sevgi sarayımı basdı böcəklər,
Tutub saçlarımdan çəkdilər dara,
Səndən sonra.

Sonuncu mənzilə yetdi sözlərim,
Düz yolda büdrəyib, əsdi dizlərim.
Sözümə baxmayıb nəmli gözlərim,
Kipriyim ucundan tökdülər qora,
Səndən sonra.

Dünya gözlərimdə sönük göründü,
Baharım bəm-bəyaz qara büründü.
Eşqim şikəst olub, yerdə süründü,
Bilmədi əlini uzatsın hara,
Səndən sonra.

İndi bax, sağlığım deyil yerində,
Keçmişin izləri qalıb dərində.
Təkcə ürəyimdir vurur yerində,
Kimsə onu sala bilmədi tora,
Səndən sonra.


Müəllif.M.Duyğulu.
O4.12.2019.
www.kafiye.net