Yeddisinə
(təcnis)


Tanrı altı günə dünya yaratdı,
Hansı işlər bəs qaldı yeddisinə?
Hünərin var göstər bircə dənəsin,
Dalbadal söyləyim mən yeddisin, ə…

Daha olmayana adı, eh!…Sanda,
Təsəlli tapırıq, verib ehsan da,
Borc yığılır “üç”də olan ehsanda,
Qarşıda “qırx”ı var, de yeddisi nə!?

Düşünmə ki, ədib müftə ala san,
Yazdığından özün zövqü al asan,
Bəlkə də gec deyil, öyüd alasan,
Ağız açım aqil, ya yeddi sin(n)ə?

Atdığım ox həmən dəyib onluğa,
Dostluqda daxiləm “Qızıl onluğ”a,
Dözdüm…Qalib gəldim altı onluğa,*
İnanmıram amma ki, yeddi sinə.

Nə yazmısan tulla getsin “util”ə,
Çingiz üçün yeni sözlər ütülə,
Uzaq dayan, qoyma cismin ütülə…
Alovlu köksümdə var yeddi sinə!



Beytin mənası belədir: 60 yaşa qalib gəldim, amma inanmıram 70 mənə təslim ola.



26. 11. 2019.
Çingiz Kürdəmirli.

www.kafiye.net