Bəndədi
(Dostum Sakit Məmmədovla deyişmə)

Çingiz:
Kainatı hesab elə, Tanrı üçün a, – zaldı,
Burda olan məxluqatın, neçəncisi bəndədi?
Nə üçün sayı artırdı, verdiyindən az aldı?
Sualıma cavab verən, tapginən bir bəndə, di…

Sakit:
Öz sözünü qoy qaytarım, təcnis ilə özünə,
Yaradançün məxluqatın birincisi bəndədi.
Az aldı ki, nəsil artsın, görsün bəndə özü nə?
Bunu tapdım, bacarırsan, sən də yeni bəndə di.

Çingiz:
Əsil – zatın dürüstdürsə…Halaldırsa ol mayan,
Başqasının da halına, gəl biganə olma, yan!
Bu dünyada söylə nədir, bir oxşarı olmayan?
Diqqət elə hər sözümə, hər sətirə, bəndə di.

Sakit:
Həqiqəti açıq yazsam, vallah burda düz gəlmir,
Balıq üçün tilovları, addım-addım düz, gəlmir.
Bu dünyada əl izidir, bir-biriylə düz gəlmir,
Sualları sən bol elə, hər sətirə, bəndə di.

Çingiz:
Səni suala qərq edim, rəngin qaçsın, göyər… Di!
Sözdən toxum səpdim həmən, nə cücərdi, göyərdi?
“Ər” deyilən neçəsi var, niyə “mavi”, “göy” ərdi?
Bunları nə vadar edib, düşüb belə bəndə, di?
Sakit:
Boş sualdan rəngim qaçmaz, bu dünyada bil ə, sən.
Bəd xəbərdən qəlbdə kədər, şaddan sevinc, biləsən.
Maviyə də ərə gedir, qorxusundan bil, əsən,
Ailəli kişi ilə düşən qızlar bəndə, di.

Çingiz:
Onsuz da boldu dərdimiz, biri də artdı….Daşı!
Xuda yağış yağdırmadı, saldı başlara daşı,
Çayların suyu qurudu, üzə çıxdı çay daşı,
Yüz minlərlə əhalinin, gözü hansı Bəndədi?

Sakit:
Yağış yoxsa, dərd artacaq, yox olacaq su çayda,
İşıq verə evlər üçün, tapmayacaq su, çay da.
Düşünəcək bütün millət, isti keçən suç ayda,
İşıq verməz Mingəçevir, millət gözü “bəndədi”.

Çingiz:
Bərabər hesab olunmur, söylə nə vaxt “bir”ə, bir?
Etdiklərin suallanar, hansı yerdə birəbir?
Hesab etmə Çingiz ilə, oynayarsan birə : bir,
Cəhd eləmə, dirənərsən sal qayadan bəndə, di!

Sakit:
Sakit, mənfi birlə mütləq,”bir”seçilər cinsilə,
Axirətdə hesab gələr, düşünmə ki, cin silə.
Qardaş, məni uşaq sayma, day gəzmirəm cins ilə,
Aşırarsan nərdivanı, möhkəm tutsun bəndə, di.

Çingiz Kürdemirli
www.kafiye.net