Gedirəm sızılan işığa doğru,
Hələ də yollarda,yollardayam mən.
Elə bil dənizdə yalqız bir qala,
Sahildən çox uzaq bir adayam mən.

Yox,tənha deyiləm,həmdəm dərd mənə,
Olub da sevgili,məni tərk etməz.
Həm dərdə,həm mənə aşiq zindanın
Qıfılın açmağa əllərim yetməz.

Dərdim nə,qəmim nə ?..Bir kimsə duymaz,
Almışam dilimə,dişimə sancaq.
Sobalar içində yaş ağac kimi
Cızlaya-cızlaya yanaram,ancaq.

Gedirəm sızılan işığa doğru,
Gedirəm yapışam,tutam əlindən.
Gedirəm ağzımın qıfılın açıb,
Deyəm ki zülmətdən nə çəkmişəm mən.

Tüstüm burum-burum çıxar təpəmdən,
Veribdi çəkməyə Tanrım bir dözüm.
Gedirəm sızılan işığa doğru,
Bir əldə gözyaşım,bir əldə közüm.

Gedirəm zülmətdən işığa doğru,
Gedirəm…gedirəm mən doğulandan.
Olumla ölümün astanasında
Hələ də üzümə açılmayıb dan.

Zülmətdən sızılan işığa doğru
Getsəm də mən hələ,ona çatmamış.
İşə bax!..Sən demə,bu da bir yuxu,
Bir şirin röyaymış,bir xoş aldanış!..

…Dərdim nə,odum nə?..Fəqət duyulmaz,
Almışam dilimə,dişimə sancaq.
Sobalar içində yaş ağac kimi
Cızlaya-cızlaya yanaram,ancaq…

Məzahir İsgəndər
www.kafiye.net