AĞLAYIR VƏTƏN

Yağılar pusuyla kəməndə salıb,
Əzrail başının üstünü alıb.
Əlləri əlimə uzanı qalıb,
Qapaz ilişdirir hər gəlib gedən,
Düşmənlər əlində ağlayır vətən.

Nə gündüzü bəlli nədə gecəsi,
Almayır qulağı ta azan səsi.
Hardadır bu oba elin yiyəsi?
Bir yurdun ürəyi bölünübdü tən,
Düşmənlər əlində ağlayır vətən.

Bülbül yuvasında bayquş oxuyur,
Tər-təmiz havası barıt qoxuyur.
Yağılar telinə fitnə toxuyur.
Yolunda zəhərli biyandır bitən,
Düşmənlər əlində ağlayır vətən.

Səsləyir köməyə hey Qarabağı,
Açılmır bir an da qaşı qabağı.
Qoynunda hər gün at oynadır yağı.
Boşuna ümüddür yanından ötən,
Düşmənlər əlində ağlayır vətən.

Dilimiz varmıdır vətən deməyə?
Mənəm-mənəm deyib özün öyməyə.
İki əl az edər başa döyməyə,
Nə dirimiz bəlli, nə ölüb itən,
Düşmənlər əlində ağlayır vətən.

Duyğulu gəzdirir sinəsində dağ,
Dağı həm Naxçıvan həm də Qarabağ.
Gözləyir gələcək hansısa bir çağ,
Hansı ki, nahaqqı haqqa qul edən,
Düşmənlər əlində ağlayır vətən.

 

18.09.2019
Müəllif. Metanet Duyğulu
www.kafiye.net