HƏSƏD (roman) 90

Səhər Arzunu işə yola salan Zəhra mətbəx masasını yığışdırıb otağa keçdi.Onu təzə görürmüş kimi hər tərəfinə göz gəzdirdi:
-Ehhh…illərdir evimdən -eşiyimdən xəbərim yoxdur,-düşündü,-nə yır-yığışından,nə biş-düşündən…bu vaxtlar evdə olmağa belə adət etməmişəm.
Telefon zəngi onu fikirdən ayırdı.Dəstəyi qaldırdı:
-Alo.
-Xanım,axşamkı məclis deyəsən səni yaman tutub,işə gəlməyi belə unutmusan.
-E..eee…kimdir?,-qadın özünü itirdi,-alo…
-Həə…məclis səni doğrudan tutub…
-Anlamadım…alo…kimdir?
-Zivər xanımdır.Gərək ki,sən bu evin qulluqçususan…bəlkə səhv edirəm?
-E…mən..mən…
-Bəli sən!Özünü illərdir yazıq,fağır kimi göstərib maskalayan sən.
-Siz…siz nə danışırsınız?,-Zəhranın boğazı qurudu,-maska nədir?
-Özün hər şeyi yaxşı bilirsən!,-Zivər səsini qaldırdı,-illərlə evimin çörəyini yedin,bəs eləmədi,indi də bacımın ailəsinə əl atırsan?Evinin ,məclisinin yuxarı başına keçirsən?Geyinib bəzənməklə gözünə xoş görünməyə çalışırsan?
-Zivər xanım…mən…
-Nə Zivər xanım!Bacımın rəhmdilliyindən istifadə etməyə çalışırsan?Evdə qalmış qızını Çingiz kimi oğlana sırıyırsan?Sənin nə böyük iştahan varmış!
-Zivər xanım,məsələ heç də sizin düşündüyünüz kimi deyil,inanın mənə…
-Elə mən düşündüyüm kimidir,-qadın onu dinləmək fikrində deyildi,-yaxşı ki,qəflətən gəlib ora çıxdım,paxırlarının üstü açıldı.
-Nə paxır Zivər xanım?,-Zəhranın gözləri doldu,-cavanlar bir-birilərini…
-Cavanlar bir-birilərini,-Zivər onu yamsıladı,-uşağın başını tovlayıb yoldan çıxarmısız! Vəzifəsinə,puluna tamah salmısınız…
Zəhra eşitdiklərini inkar etmək,həqiqətləri olduğu kimi anlatmaq üçün fikrində münasib sözlər arayırdl ki, gözü qapıda dayanıb sınayıcı nəzərlərlə ona baxan Sevilə sataşdı.Qız sanki söhbəti eşidirmiş kimi ciddi görkəm alıb, anasından qarşı tərəfə tutarlı cavab gözləyirdi.
Zəhra özünü həqiqətən itirmişdi,Zivərin susmaq bilmədən ard-ardınca söylədiyi ağlasığmaz ittihamlardan sarsılmışdı.
Sevil sakitcə ona yaxınlaşıb dəstəyi əlindən aldı və qulağına tutdu:
-Özünü də,qızını da təcili yığışdırmasan evimin çörəyini sənə halal etmərəm!Açıb hər şeyi bacıma deyəcəyəm,bildin?Birdəfəlik yox ol.Gözlərimə görünmə,bu gündən işdən azadsan!
-Əvvəla,-Sevil onun sözünü kəsdi,-anam sizin evin yox,öz əməyinin çörəyini yeyib.Siz onun zəhmətinin halallığını istəyin.Gecəsini gündüzünə qatıb ailənizə xidmət edib,öz ailəsini ,balalarını dolandırmaq üçün hər bir əziyyətə qatlaşıb.Simasını itirməyib!Qaldı hər şeyi açıb danışmaq məsələsinə,heç zəhmət çəkməyin.Çingiz də,ata-anası da hər şeyi çox yaxşı bilirlər.Sizdən fərqli olaraq,onların insaniyyətlikləri olduqca yüksəkdir.Narahat olmaya bilərsiniz,anam bir də sizin evinizə gəlməyəcək.Bizim heç kimin heç nəyinə ehtiyacımız yoxdur.Özümüzü dolandırmağa qüvvəmiz çatar.
Dəstəyi yerinə asıb anasına baxdı.Zəhra hələ də donuq baxışlarla naməlum bir nöqtəyə baxırdı.
-Ana,-qızın səsi onu sanki yuxudan ayıltdı,-hər şey yaxşıdır,ana…balaların böyüyüb.
-Hə…,-Zəhra köks ötürdü,-balalar da böyüyür,dərdləri də…
-Nə dərd?-qız etiraz etdi,-sən bunu dərd hesab edirsən? Elə deyil ana,-qucaqlayıb üzündən öpdü,-əksinə,biz səni bu vaxta qədər daşıdığın yükdən azad etmək istəyirik.Mən də Arzu ilə əl-ələ verib işləyəcəyəm,çalışacağam.Hər şey yaxşı olacaq ana,inan mənə.
-Məni narahat edən bu deyil qızım,-Zəhra da onu mehribanlıqla qucaqladı,-Arzunun gələcək həyatıdır.Çingizin qohumları…
-Çingizin qohumları əsas deyil,-qız anasının qolundan tutub dəhlizdən otağa keçirdi,-əsas olan Çingizin özüdür.Arzuya qarşı münasibətidir.O,özü hər şeyi tənzimləyəcək.
-Balamın sıxılmağını istəmirəm,-Zəhra kövrəldi,-kimlərinsə tənələrindən …
Telefon yenidən zəng çaldı.Ana-bala bir-birinə baxdılar.
Zəhra dəstəyi qaldırmaq üçün dəhlizə tərəf gedirdi ki,Sevil onu dayandırdı:
-Gözlə…əgər…odursa,bu dəfəki cavabını daha sərt verəcəyəm,-deyib otaqdan çıxdı.Susmaq bilməyən telefona yaxınlaşdı.Özünü cəmləyib dəstəyi qaldırdı:
-Alo…bəli…bəli Xavər xanım.Təşəkkür edirik,hər şey çox gözəl idi.Bəli…elədir….siz sağ olun.Aha….bu dəqiqə.
Dəztəyi anasına uzatdı:
-Buyur ana,Xavər xanımdır,-gülümsəyib gözlərini möhkəm qırpdı.
Xavər Zəhranın məclisdəki pərtlinin səbəbini onlar gedəndən sonra bilmişdi.Zivər ona hər şeyi yerli-yataqlı anlatmağa çalışmışdı,lakin bir nəticə əldə edə bilməmişdi.Xavər öz mövqeyində möhkəm idi.
Olanları da səbrlə,təmkinlə Zəhraya anlatdı.Onu bir daha əmin etdi ki,heç kim heç nə ilə bu münasibətə kölgə sala bilməz.
Zəhra dərindən nəfəs aldı.Xavərin hər sözü,hər kəlməsi sanki yarasına bir məlhəm idi…Qadının əminliklə söylədikləri elə bil ürəyinə sərin su çiləyirdi.Daxilində buz bağlamış şübhələr,tərəddüdlər sakitcə əriyib yox olurdu.
Anasının rahat,getdikcə gülümsəyən çöhrəsindən Sevil də söhbətin yaxşı məcraya yönəldiyini aşkar hiss edirdi.Dəstəkdə eşitdiklərini başı ilə təsdiqləyib,razılığını bildirən Zəhraya baxıb sevinclə gülümsəyirdi.
Anasının məmnunluğundan arxayın olub,əl-üzünə su çəkdi.Mətbəxə keçib səhər yeməyi üçün hazırlıq görməyə başladı.
Çox keçmədi ki,anası da mətbəxdə göründü:
-Xavər xanım yaxın günlərdə buradan köçməyimizi təkid edir.
-Təkid edir,köçərik,-Sevil soyuducudan ərzaqları çıxarıb masanın üzərinə düzdü,-özü də lap tezliklə.
-Nə deyirəm…məsləhətdirsə…
-Məsləhətdir.Boz həyatdan qurtul,ana.Ömür boyu üzücü xatirələrlə yaşamaq olmaz.Özünü yaxşılığa köklə.Həyatını dəyişməyə çalış.
Səhər yeməyindən sonra Sevil özü də,anası da mənzili boşaltmaq barədə xeyli götür-qoy edib,lazımi əşyaları yığmağa başladılar.Çingizin tapşırdığı kimi yalnız vacib əşyaları seçib,səliqə ilə bağlamalara qoydular.
Dincini almaq üçün divana əyləşən Zəhra birdən nə düşündüsə:
-Sevil,-dedi,-bir şeyi anlamıram,-imtahanlardan yüksək qiymətlər aldığın halda niyə təhsilini qiyabi şöbədə davam etdirmək qərarına gəlmisən?
Gözlənilməz sualdan tutulan Sevil əvvəlcə nə deyəcəyini bilmədi.Bir qədər fasilədən sonra:
-Bunun bəzi səbəbləri var,ana,-dedi,-indiki durumda isə…məqsədim həqiqətən də oxumaqla yanaşı həm də işləməkdir.Təqaüdçü nənələr kimi evdə oturduğum yetər.
-Bir azdan yay sona çatacaq,sən heç istirahət də etmədin…
-Niyə ki…lap yaxşı dincəldim.Oxumağa da,işləməyə də yetərincə qüvvəm var.İstirahət indi sənə daha vacibdir.Mənə görə isə narahat olma.

ARDl VAR.
www.kafiye.net