HƏSƏD (roman) 88

Səhəri gün hamı xoş əhval-ruhiyyədə idi.Sabah açılar-açılmaz Zəhra da,Sevil də yüksək ovqatla yuxudan oyandılar.Arzu oyanana kimi hər tərəfi sahmana saldılar.Masanın üzərinə cürbəcür şirniyyatlar düzdülər.
Çox keçmədi ki,Arzu da yuxudan oyandı.Qonaq otağına keçərkən heyrətləndi.Anası da,bacısı da ona əsl sürpriz hazırlamışdılar.Hər ikisi onun boynunu qucaqlayıb üzündən öpdü.Ananın da,qızların da sevincləri yerə-göyə sığmırdı.
Birdən Zəhra:
-Dayanın,bizim hədiyyəmiz də var axı,-deyib yan otağa keçdi..Az sonra əlində bükülü bağlama ilə geri qayıtdı.Yenidən qızını qucaqlayıb bağrına basdı,-mənim mələk qızım,uzun illər mən sənə ad günlərində hədiyyə ala bilməmişəm,-kövrəldi,-hər dəfə də üzülmüşəm…şükürlər olsun,qismətdə belə günlər də varmış.Böyüdün,əlin çörəyə çatdı,mənə dayaq oldun.Yükümü yüngülləşdirdin.Bu hədiyyəni sənə sevə-sevə almışam.Onu məndən və bacından qəbul et.Ad günün mübarək əziz balam!
Arzu da kövrəldi.Anası yenə nəsə desəydi hönkürüb ağlayacaqdı.Özünü toplayıb hədiyyəni anasından aldı.Onun titrəyən,qırışmış əllərindən,nəmli gözlərindən öpdü.Astadan:
-Sağ olun əzizlərim,-dedi,-bu hədiyyə mənə dünyanı bəxş etdi.İnanıram ki bu gün həyatımın ən unudulmaz bir günü olacaq,-anasına və bacısına məhəbbətlə baxdı,-mən buna əminəm.
-Elə isə,-Zəhra da nikbin səslə dilləndi,-aç hədiyyəni bax.Mən də əminəm ki,bəyənəcəksən.Özü də zənnimcə lap yerinə düşəcək.
-Eləmi?,-Arzunun gözləri güldü,-elə isə,gəlin birlikdə açaq.Bağlamanı səliqə ilə açan qız gözlərinə inanmadı.Anası ona qiyməti heç də ucuz olmayan gözəl bir don almışdı.
-Ana,-dedi,-ana…
-Hə qızım,-Zəhra məhəbbətlə onu qucaqladı,-bu donu görən kimi bəyəndim.Dərhal gözlərimin önünə sən gəldin,axı çəhrayı rəng sənə çox yaraşır.Heç tərəddüd etmədən aldım.Bilirəm,bəyənəcəksən.
-Zəhmət çəkmisən,ana…sən özün mənə dünyanın ən möhtəşəm hədiyyəsisən.
-Söz ver ki,axşamkı qonaqlığa məhz bunu geyinəcəksən,-ananın gözləri parıldadı,-sən gözəl görünməlisən.
-Elə siz də,-Arzu anasını və bacısını qucaqladı,-sizi məşhur bir salona aparacağam.Orada sizi elə bəzəyəcəklər ki,özünüz özünüzü tanımayacaqsınız.
-Artıq xərc lazım deyil qızım,-Zəhra etiraz etdi,-biz vacib deyilik,əsas sənsən.Bu gün sənin günündür.
-Müzakirə olunmur,-Arzu anasının üzündən öpdü,-hamılıqla salona gedəcəyik.Bu günə nə işlərimiz varsa,planlaşdıraq,günortadan sonra isə…bər-bəzəklə məşğul olacağıq.
Hər üçü mehribanlıqla qucaqlaşdılar.
Axşam saatlarında ana da,qızları da qonaqlığa tam hazır idilər.
Çingiz onları çox gözlətmədi.Deyilən saatda evlərindən götürüb restorana yol aldı.
Gözaltı onun hər bir hərəkətinə,danışığına,davranışına nəzər salan Zəhra məmnunluqla gülümsəyir,daxilində get -gedə rahatlıq tapırdı.
Restoran həqiqətən də möhtəşəm idi.İri,bəzəkli masalar,par-par yanan çilçıraqlar, döşəməyə salınmış gözəl xalılar məkana xüsusi yaraşıq verirdi.Hər tərəf zövqlə bəzədilmişdi.Baş tərəfdə səslənən zərif,incə melodiya sanki gələn qonaqları özünəməxsus ahəngdə salamlayırdı.
Çingiz qonaqları ilə bərabər iri masalardan birinə yaxınlaşdı.Masanın başında əyləşmiş atası,onun yanındakı oturacaqda əyləşmiş Xavər qonaqları çox böyük mehribanlıqla qarşıladılar.Zəhraya da,qızlara da hörmətlə masa arxasında yer göstərdilər.
-Maşallah,bu gün çox gözəl görünürsünüz,-Xavər sözə başladı,-hər üçünüz göz oxşayırsınız.Arzu balamı Allah xoşbəxt eləsin,doğum günü mübarək olsun,-deyib qızı bağrına basdı,-sənə məxsusi hədiyyəm var.İcazənizlə bir qədər gözləyək,-izah etməyə başladı,-elə qapıdan çıxırdıq ki,bacım Zivər zəng vurdu.Gedəcəyimiz yeri bilib çox sevindi.O,Çingizi öz balalarından da artıq sevir.Xahiş etdi ki,onu da gözləyək.Təbii ki,etiraz edə bilməzdim,bacımdır.Bir də ki,elə siz də bir-birinizi yaxından tanısanız,heç də pis olmaz.
-Əlbəttə ,böyük məmnuniyyətlə,-Zəhra cavab verdi,-sizin əziziniz elə bizim də əzizimizdir.
-Elə isə,gözləyək.Hədiyyəmi hamının iştirakı ilə təqdim edəcəyəm.
Çox keçmədi ki,Çingiz xalasını qarşılamaq üçün restoranın qapısına tərəf getdi.Qısa aradan sonra masaya Çingizlə bərabər yüksək zövqlə geyinmiş,bir qədər də ədalı iki xanım yaxınlaşdı.Xavər də,yoldaşı da cəld ayağa qalxıb onlarla hörmətlə salamlaşdılar.Daha sonra Xavər qonaqlarını təqdim etməyə başladı:
-Buyur bacı,tanış ol.Bu,Zəhra xanımdır.Bu,böyük qızı Arzu,bu da kiçiyi Sevildir-Zəhraya baxdı,-siz də tanış olun,bacım Zivər xanım və qızı Aytən balam.
Zivər gözlərinə inanmadı.Qadını sanki ildırım vurdu.Dünya başına fırlandı.Bütün vücudu əsdi…
Gələn qadın görüşmək üçün ona yaxınlaşdı.Üzündən öpmək istəyəndə qəfildən duruxdu.Gözlərinə inanmırmış kimi çaşıb qaldı.Qaşları çatıldı.Dönüb zəndlə Xavərə baxdı.Çevrilib Zəhranı təpədən-dırnağa süzdü.Sonra qızlara baxdı.Heç nə deməyib,oturacaqlardan birini çəkdi.Gözünü Zəhradan çəkmədən,xüsusi əda ilə düz onunla üzbəüz əyləşdi.
Heç bir şey anlamayan ətrafdakılar bir-birinə baxdılar.Aranı düzəltmək məqsədilə Xavər çantasından kiçik bir qutu çıxartdı.
-Hə,əziz qonaqlar dedi,-bu günün səbəbkarı var,-məhəbbətlə Arzuya baxdı,-gözəl balamın ad günüdür.Mən də ona öz hədiyyəmi hazırlamışam.Madam ki,hamı burdadır,demək təqdim edə bilərəm,-deyib qutunu açdı.Oradan bir cüt gözəl sırğanı çıxarıb üzünü Arzuya tutdu,-bunları şəxsən özüm qulaqlarına taxacağam.
Arzu özünü itirdi,bir anasına,bir də Xavərə baxdı.Zəhra bir söz deməyib başını aşağı saldı.Bir anlığa ona elə gəldi ki,gələn qadının iti baxışı onu qılınc kimi dəlib keçəcək.
Xavər yerindən qalxıb Arzuya yaxınlaşdı,sırğaları növbə ilə qızın qulağına taxdı.Üzündən-gözündən öpdü,-mübarəkdir qızım,-dedi,-sağlıqla taxasan.Qoy onlar sənə xoşbəxtlik gətirsin.
Sırğalar gur işığın şüaları altında elə bərq vururdular ki,baxanın gözü qamaşırdı.
Qadın yenidən Zəhranı və qızlarını süzüb qaşlarını düyünlədi.
-Indi isə,-Xavər keçib yerinə əyləşdi,-buyurun təamlardan nuş edin.Ümidvaram ki,bu gün hər şey könlümüzcə olacaq.
-Hə,-buna şübhə etməyə bilərsən,-qadın bacısına baxdı,-belə mötəbər qonaqlar olan yerdə başqa cür ola da bilməz,-düz demirəmmi,əziz Zəhra xanım?
Adının xüsusi intonasiya ilə deyilməsi Zəhranı çox sıxdı.Gözlərini qaldırıb düz qadının gözlərinə baxdı.Oradakı kini oxumaq çətin deyildi.Bir cüt gözlər ona çox söz deyirdi.
Yazıq qadın nə edəcəyini,qarşısındakı insanın alov püskürən baxışlarından canını necə qurtaracağını bilmirdi.
Həyat onu hər cür incitmişdi,lakin belə bir sarsıntıya hazır deyildi.
Əlində əlac olsaydı qızlarını da götürüb , məngənə kimi onu sıxan bu məkandan təcili uzaqlaşardı.
Anasının daxılı sarsıntısı Arzunun gözündən yayınmırdı.Gələn qadının ibarəli danışığı,istehzalı baxışı onu da çıxılmaz vəziyyətə salmışdı.Amma vəziyyətin belə şəkil almasının əsl mahiyyəti ona qaranlıq idi…
Xavər nə qədər çalışsa da,məclisə şən əhval-ruhiyyə qata bilmirdi.Tərəflərdəki gərginlik getdikcə daha da artırdı.Sevil də anasının hansı səbəbdənsə bu qadından çəkindiyini,qarşısında müttəhim kimi əyləşməsini hiss edirdi.Səbəbini bilməsə də,qəlbən anasının halına acıyırdı.
Süfrəyə bir-birinin ardınca cürbəcür təamlar düzülsə də,Çingiz hər vəchlə Arzunun könlünü açmaq istəsə də,nə ananın ,nə də qızların kefi açılmırdı.
Xavər də gözləmədiyi bir vəziyyətə düşmüşdü.Qonaqlarının soyuq münasibəti onun da əhvalına təsir etməyə başlamışdı.
Bir neçə saat davam edən gərginlik Zəhranı darıxdırdı.Üzünü Xavərə tutub:
-İcazənizlə biz gedək,-dedi.Hər şeyə görə çox sağ olun.Əziyyət çəkmisiniz,tanışlığımız xoş oldu,-udqundu,-bizi bağışlayın.
-Hə,-qadın dilləndi,-tanışlığımız həqiqətən də xoş oldu,-bir bacısına,bir də Zəhraya baxdı,-insanları tanımaq yaxşı şeydir.Xüsusilə də…maskalanmış insanları…
-Orası elədir,-Sevil yerindən qalxdı,-anamın dediyinə çox bənd olmayın,hər adamı görmək həmişə xoş olmur.
Qadının üzünün ifadəsi dəyişdi:
-Mən də elə düşünürəm.
-Doğru düşünürsünüz.Hər bərbəzəkli görüntü ürək aça bilmir.Hər parıldayıb göz qamaşdıran da günəş deyil.
-Sən gərək ki,evin kiçiyisən.
-Bəli.Mən yalnız anamın və bacımın kiçiyiyəm.
Zəhra əlini Sevilin çiyninə qoydu:
-Qızım getmək vaxtıdır.Məclis sahibləri ilə görüş,gedək.
Sevil bir söz deməyib əlindəki salfeti masaya atdı.Qarşısındakı qadına hiddətlə baxıb ayağı ilə oturacağı itələdi.

ARDI VAR.
Govher Rüstamova
www.kafiye.net