Neynirəm?

Sən mənə ömürsən, sən mənə həyat,
Sənsız mən şöhrəti, şanı neynirəm?
Qəlbinlə vermisən ruhuma qanad,
Sənsiz il demirəm, anı neynirəm?

Önündə çox olub, günahım mənim,
Sinəmə sancılır hər ahın mənim.
Bu acı həyatda, pənahım mənim,
Sənsiz cismimdəki canı neynirəm?

Sən, ey duyğusuna könül verdiyim,
Sən, ey xəyallarda çələng hördüyüm,
Röyalarda hər gün səni gördüyüm,
Zülmət gecə yetər, danı neynirəm?

Sakitəm, həyatı belə bitirsəm,
Qəm deyil, nəyim var bir gün itirsəm.
Ölüm ayağında özün yetirsən,
Çağırma, vədəsiz banı neynirəm?

21. 07. 2019.
Sakit Memmedova
www.kafiye.net