DEMƏ Kİ

Demə ki, ömrümüz keçdi əzizim,
Payızda baharı yaşayırıq biz.
Alıb çiynimizə illərdən bəri,
Bir eşqin yükünü daşıyırıq biz.

Nə olsun səadət yubanıb bir az,
Ömrün payızında haraya yetib.
Bax, bahar da bizi tərk etməyib ki,
Bəyaz gülləriylə saçında bitib.

Ötən günlərinə heyifsilənmə,
Demə ki, gözümüz itirib nuru.
O, nuru vermişik öz sevgimizə,
Onunçün illərdir qalıb dum-duru.

Demə ki, ömrümüz keçdi əzizim,
Nə olsun sevgimiz cavandır hələ.
Barı bundan sonra bu səadəti,
Çalışıb bir daha verməyək yelə.

Müəllif Metanet Duyğulu.
12.07.2019.
www.kafiye.net