Sarsılmış ürəkdi

Bürüyüb qüssə-kədər, əjdahatək kamına çəkdi,
Bir ömür getdi hədər, hər şeyə bais bu fələkdi.

Qələmim həssas idi, hər sətirin ünvanı vardı,
Bilirdim yazdığımın var dəyəri…Xalqa gərəkdi.

Küsdü ilham pərisi, cismimi tərk etdi bir anda,
Məlum olduqda ki, bu gərdişi-dövran nə kələkdi.

Tarixin yaddaşına düşmək üçün çoxdu seçimlər,
Üyüdüb çeşidləyir, dövran özü xəlbir, ələkdi.

Fanaqram avazımız, çoxlarını etdi müğənni,
Şair oldu qalanı, işlərimiz lap görəcəkdi.

Sanki bir çox həkimin “gen”lərini dəyişdiriblər,
Daha yox Əzrayıla ehtiyac…Uzman gələcəkdi…

Şahmata bənzər həyat, mürəkkəb gedişləri çoxdur,
Qələbə çalanlara deyirlər ki, gör nə zirəkdi…

Ruhum əvf eyləmədi, günahlarım gör nə qədərmiş,
Çingizəm, dərdli qələm, bir də ki, sarsılmış ürəkdi.

 

Çingiz Kürdəmirli.
www.kafiye.net