HAMI DİNDƏN DANIŞIR

İlahi hansı günə,
Gəlib çıxmışıq yenə.
Oğru da gəlib dinə,
Etdiyindən danışır.
Hamı dindən danışır,
Bəs din kimdən danışır?

Düşünməyən sabahı,
Nə savabı günahı.
Ağzından töküb ahı,
Elə kindən danışır.
Hamı dindən danışır,
Bəs din kimdən danışır?

Molla salıb qalmaqal,
Sonra dilin edir bal.
“Quran”ı eyləyib fal,
Şeytan, cindən danışır.
Hamı dindən danışır,
Bəs din kimdən danışır?

Kimi alıb dəstəmaz,
Gedir ki qılsın namaz.
Fikri döndərib bir az,
Öz felindən danışır.
Hamı dindən danışır,
Bəs din kimdən danışır?

Durub dindaram deyib,
Bir qulun haqqın yeyib.
Xalqa xeyir verməyib,
Öz cibindən danışır.
Hamı dindən danışır,
Bəs din kimdən danışır?

Vardır adam bir para,
Xəyanət edir yara.
Qoşulub dualara,
Namaza da qarışır,
Hamı dindən danışır,
Bəs din kimdən danışır?

Baxırsan ki, bir gədə,
İmanı yox bəlkə də.
Sosial şəbəkədə,
Dinlər ilə yarışır,
Hamı dindən danışır,
Bəs din kimdən danışır?

Olsa namus, qeyrət ar,
Demək ibadətin var.
Duyğulu sizdən sorar,
Ürək yanıb alışır,
Hamı dindən danışır,
Bəs din kimdən danışır?

07.03.2019
Müəllif.M.Duyğulu.
www.kafiye.net