AĞLAYIM

Ay ana, dur gedək vətənə sarı,
Yenə o dağlardan çiçək bağlayım.
Göynətsin əlimi buz bulaqları,
Qolumu uzadıb sənə, ağlayım.

Sən gənc ol, mən isə dəcəl bir uşaq,
Qovala, mən qaçım, yenə yarışaq.
Bacı-qardaşımla küsüb, barışaq,
Çatmasın əlimə həna, ağlayım.

Qış olsun, həvəslə gözləyim yazı,
Yemliyə, turşəngə qalım tamarzı.
Mələyib anasın axtarsa quzu,
Səndə qoy alışsın sinə, ağlayım.

Qalxım Çınqıllının şiş təpəsinə,
Baxım Gədiklinin gül sinəsinə.
Dönüb bülbüllərin qəmli səsinə,
Ayrılıq deyilən günə ağlayım.

Bürüsün məhləni təndirin iyi,
İsti lavaşına büküm kəsmiyi.
Arabir başından çəkib örpəyi,
Danışım, yorulsun çənə, ağlayım.

Çıxarım tövlədən mən əmlikləri,
Otlasın çəməndə gül-çiçəkləri.
Gətirim baydanı, sağ inəkləri,
Buzov təpik atsın mənə, ağlayım.

Olsa da Tejgarın zirvəsində qar,
Durmayıb oraya qaçsın ayaqlar.
Çökəndə başıma bəyaz buludlar,
Qarışım dumana, çənə ağlayım.

Toxuyaq xalçanı, uzat hananı,
Çağıraq köməyə cümlə-cahanı.
Bürüsün plovun ətri hər yanı,
Qoy mənə çatmasın yenə, ağlayım.

Girim qucağına nağıl istəyim,
Hərdən sözün kəsib sual eyləyim. 
Qorxanda başımı sinənə əlim,
İfritə, şeytana ,cinə ağlayım.

Səhər uşaqlarla yayılaq düzə,
Gah evcik oynayaq, gah gələk sözə.
Sən tut qollarımnan çək evimizə, 
Gəlməyim imana-dinə ağlayım.

Hər il xəyallarım gələn baharda,
Köç edib, ev qurub, yaşayır orda.
İzin ver ay ana, özgə diyarda,
Baxım saçındakı dənə, ağlayım.

Müəllif.M.Duyğulu.
24.02.2019.
www.kafiye.net