GÜNAHSIZ GÜNAHKAR 

Bir qadın görürəm gözləri gülər, 
Sağına soluna təbəssüm ələr. 
Dərdini qəmini içində gizlər.
Qorxur ki, danışsa eyləyər günah,
Bəs onun günahı nə idi Allah!

Ürəyi qəm dolu kədər doludu,
Puç olmuş həyatı hədər doludu.
Taleyi görünməz qədər doludu,
İçdən içdən çəkir gizli fəğan ah,
Bəs onun günahı nə idi Allah!

Çoxdan ayrılmışdı öz sevdiyindən,
Sızlardı yarası hər an dərindən.
Nə qədər qaçsa da öz kədərindən, 
Yenə dərdi sərə olardı pənah,
Bəs onun günahı nə idi Allah!

Bütün dərdlərini eyləmişdi cəm, 
Üzündə təbəssüm ürəyində qəm.
Gözləri yollarda, taleyi sərsəm,
Bəxtindən şikayət eyləyərdi gah,
Bəs onun günahı nə idi Allah!

Unudub kimliyin unudub soyun,
Olmuşdu taleyin əlində oyun,
Udub uduzmağa əyərdi boyun.
O,bir piyadaydı hər kəs ona şah,
Bəs onun günahı nə idi Allah!

Həsrət duyulurdu hər an səsində, 
Donurdu həyatın buz nəfəsində. 
Taleyin sökülmüş bir gəmisində, 
Üzərdi yelkənsiz hər gün hər sabah,
Bəs onun günahı nə idi Allah!

İndi boylanaraq xatirələrə,
Baş vurub dönərəm , ötən illərə.
Çılğın gəncliyimi verib yellərə, 
Ömrün payızını eylədin fərah,
Bəs mənim günahım nə idi Allah!

Müəllif.Metanet Duyğulu.
23.02.2019.
www.kafiye.net