QARA YANVAR

Hər təqvimdə ağ örpəkli gəlindi,
İllərdi ki, qara geyinib indi.
Susdu dili, nə danışıb nə dindi,
Soldu güllər, qan ağladı bəyaz qar,
Ağ libasın dəyişdi qara yanvar.

Gecə yarı, tank yeridi canına,
Ağ örpəyi, döndü şəhid qanına.
Baxmadılar ahına amanına,
Susdu muğam, sızıldadı kaman tar,
Ağ libasın dəyişdi qara yanvar.

Aldı başın üstünü, düşmən qəfil,
Şeytanların əlində oldu səfil.
Şəhidlərin qanı olub qərənfil,
Məzarına qucaq açıb oldu yar,
Ağ libasın dəyişdi qara yanvar.

Bu kələfin yoxmu ucu, ipliyi?
Ya cəhrəsi, ya teşisi ya iyi.
Niyə susur axı dünya birliyi,
Ermənilər dünyamızı edib xar,
Ağ libasın dəyişib qara yanvar.

Azğın düşmən öz yurdumda aldı can,
Parçalayıb ürəyini etdi qan.
Qalx ayağa vətənim Azərbaycan,
Oyan qeyrət, dillən artıq namus, ar,
Ağ libasın dəyişdi qara yanvar.

Müəllif. Metanet Duyğulu.
19.01.2019.
www.kafiye.net