Can Azərbaycan

Bu gün qan yaddaşın qanayır yenə,
Gözlər bir nöqtədə, alışır sinə,
Təskinlik nə deyim, vətənim, sənə?
Bircə söz deyirəm, yalnız qana-qan,
Qalx, doğma vətənim, can Azərbaycan!

Qoyma uzansın o, düşmənin əli,
Vur, endir susunca, nadanın dili
Çıxar yasdan daha, sən qərənfili,
Axı şəhidlərin qalıb nigaran,
Qalx, ana Vətənim, can Azərbaycan!

Özün qalx, gözləmə gəlsin fələyi,
Hər zaman başında düşmən kələyi,
Səninçün qanayar, Türkün ürəyi,
Dost olmaz hər deyən üzünə can, can,
Qalx, ana vətənim, can Azərbaycan!

Bax, yarandan axan, damla-damladı,
Kim yaşar, qırılsa qolu-qanadı,
Səslə ədalətə, qohumu, yadı
Unutma, düşmən də deyir sənə can,
Qalx, ana Vətənim, can Azərbaycan!

Yerdə qalmasın bir şəhidin qanı,
Qayıtsın torpağı, dönsün ad-sanı,
Dindirsin Duyğulu, duyğularını,
Hüsnünə nəğmələr yazsın an-ba-an,
Qalx ana Vətənim, can Azərbaycan!

Müəllif: Mətanət Duyğulu
20.01.2019
www.kafiye.net