BİR ÖMÜR YAŞADIM

Rəbbimə sığındım,ondan güc aldım,
Dosta şərəf verdim,şərdən öc aldım,
Düz yolla yürüdüm,an-an ucaldım,
Alnı açıq,üzü ağ yaşadım mən..
**
Əməkdir insanı eyleyen xoşbəxt,
Həvəslə zəhmətə qatlaşdım hər vaxt,
Həmişə işimdə olmuşam sərvaxt,
Alnı açıq,üzü ağ yaşadım mən.
**
Bəzən yolum daşlıq,bəzən dağ oldu,
Əkdiyim fidanlar qalxdı bağ oldu,
Qazancım gah kədər,gah xoş çağ oldu,
Alnı açıq,üzü ağ yaşadım mən.
**
Haqq işə səs verdim,şəri dağladım,
Cahilliyə gedən yolu bağladım,
Şeirimlə,nəğməmlə coşdum,çağladım,
Alnı açıq,üzü ağ yaşadım mən.
**
Yolumu düz getdim,yoldan çıxmadım,
Harama gözucu belə baxmadım,
Hiylə işlətmədim,evlər yıxmadım,
Alnı açıq,üzü ağ yaşadım mən.
**
Günahsız dönməkçün haqqın yanına,
Girmədim hər gün bir şeytan donuna,
Qıymadım kimsənin əsla canına,
Alnı açıq,üzü ağ yaşadım mən.
**
Amalım həqiqət,gözüm tox olub,
Vətənə,millətə sevgim çox olub,
Ürəyim qürurla,fərəhlə dolub,
Alnı açıq,üzü ağ yaşadım mən.

Nazlı Hacılı.
9.11.2018.
www.kafiye.net