HƏSƏD.  roman (57)

Arzu bir söz deməyib, Sevilə yaxın bir yerdə əyləşdi:
-Buyur, səni dinləyirəm, – dedi.
Sevil gözlərini yerə dikib, bir müddət dinmədi.Fikri özünə bəraət qazandırmaq deyildi, özlüyündə hadisələrin ardıcıllığını götür – qoy edirdi.
Nəhayət, başını yerdən qaldırmadan, çətinliklə də olsa söhbətə başladı. Heç nəyi gizlətmək, şişirtmək, hisslərə qapılmaq istəmirdi. Elə o səbəbdən də , hər şeyi necə varsa , eləcə də danışırdı. 
Onu dinlədikcə Arzunun gözləri böyüyür, qaşları düyünlənir, üzünün ifadəsi dəyişirdi. Qıza elə gəlirdi ki, ya dəhşətli bir yuxu görür, ya da qorxulu bir filmə baxır.İlahi, bacısı bu qədər mənəviyyatsız idimi ? Onda bu qədər laqeydlik, qəddarlıq hardandır? Ən əziz , doğma bildiyi insana qarşı belə soyuqqanlılıqla pislik etmək hissi niyə bu qədər güclüdür?
Bacısını dinləmək Arzuya nə qədər çətin olsa da , onun sözünü kəsmir , əksinə olanları tam şəkildə nəql etmək üçün şərait yaradırdı. Daxilində yaranan fırtınanı, təlatümü isə bacardığı qədər büruzə verməməyə çalışırdı.
Sevil isə…gözlərini yerdən qaldırmır, arabir dodaqlarını çeynəyir , sifətinə gələn soyuq təri silirdi.
Söhbətini yekunlaşdırıb, başını qaldırdı. Günahkar, aciz baxışlarla bacısının gözlərinə baxdı.O baxışlar imdad diləyirmiş kimi, yalvarışlarla dolu idi. “ Nə etməli? Vəziyyətdən necə xilas olub, necə çıxmalı?”.
-Demək belə…, – Arzu qısa aradan sonra dilləndi , – Mən səni dəfələrlə doğru yola çəkmək istədim , həyata baxışını, insanlara münasibətini dəyişmək istədim, dinləmədin.Sən artıq uşaq deyilsən, Sevil! İlk növbədə hisslərinin əsirliyindən qurtulmalısan. Səni məhvə aparan hisslərinin! Buna yetərincə gücün də , qüvvən də var.Sənə ağıl vermək , danlamaq , tənbeh etmək yersizdir, çünki özün hər şeyi çox gözəl dərk edirsən. Ancaq…özündən böyükləri , sənə faydalı olan məsləhətləri hər zaman dinləməyə çalış, – sözünə ara verdi , – Həsəd, paxıllıq , kin – küdurət qədər insana zərbə vuran başqa hisslər yoxdur. Birdəfəlik anlamağa çalış , hərə öz qismətinə , taleyinə , bəxtinə yazılan həyatı yaşayır.Hamı sınaq meydanındadır. Həyat bizi addımbaşı imtahana çəkir və hələ çox çəkəcək…, – yerindən qalxıb , pəncərənin qarşısına keçdi, – bax, gecənin bu vədəsində gör nə qədər insan hələ də küçədədir. Hər səhər hərəsi bir işin dalınca evdən çıxır. Səncə…onların istirahətə, qayğıya ehtiyacları yoxdurmu?
-Mən…mən bu bir neçə günün ərzində…çox şeyləri dərk edib, anladım, – Sevil astadan dilləndi.
-Anlamaq azdır, – Arzu sözünə davam etdi, – həyata başqa gözlə baxmaq lazımdır. Mənim düşüncəmə görə , həyat mübarizləri sevir, üsyankarları yox.Ona qarşı müharibə etdikcə, o da amansızlaşır.Diqqət et, anamız iki körpə ilə dul qaldıqda , həyatından artıq sevdiyi ömür – gün yoldaşını faciəli şəkildə itirdikdə, həyata qarşı üsyan etsəydi , nələr olardı? Məgər o, ailə həyatı quran zaman belə bir tale yaşayacağını arzulamışdımı?Amma…üsyan etmədi. Kimsənin qarşısında əyilmədi.Həyatı boyu zəngin ailələrin evlərində işləyib – çalışdı , amma onlara həsəd aparıb, paxıllıq etmədi. 
-Hə…bunları mənə xatırlatmağa ehtiyac yoxdur, – Sevil bacısının sözlərini təsdiqlədi, – hər şey gözlərim qarşısında olub.Mənim barışa bilmədiyim…
-Sən pisliklərdən kənar durmalısan, Sevil! Pislik etdikcə, pislik görəcəksən.Həyatı sev, insanları sev. Yaxşı olmağa çalış. O zaman ətrafındakıların da sənə münasibəti dəyişəcək, həyat da üzünə gülməyə başlayacaq.Hər hansı bir həlledici addımı atmazdan əvvəl düşün – daşın. Hissiyyata qapılma.
-Bunları anladım. Amma…mən indiki vəziyyətdə nə etməliyəm? 
-Özünün bu barədə fikrin nədir?, – Arzu suala sualla cavab verdi.
-Nə bilim…Hələ ki…Nübardan da , Zaurdan da kənar dururam. Onlarla üz – üzə gəlməməyə çalışıram.
-Bu, çıxış yolu deyil.
-Bilirəm. Bu , özü də məni çox sıxır, əzab verir. Onlar hər ikisi mənə əziz insanlardır.Onları itirmək…
-Hə…Bunları öncədən düşünməli idin…Bir həqiqəti anla ; sınan ,qırılan heç nəyi yenidən bərpa etmək mümkün deyil. İnsanların itmiş inamını, etibarını yenidən qazanmaq da həmçinin…
-Mən onların etibarını artıq itirmişəm, – Sevilin gözlərində yaş gilələndi, – bu həqiqətdir, -amma vicdan əzabından xilas olmaq istəyirəm. Bu qədər ağır yükü çəkə bilmirəm. Elə bilirəm ki,…hamı məni barmaqla göstərir, ələ salıb gülür ,yaxınlarım mənə nifrət edir .Hər kəs məndən üz çevirib…canlılar da, cansızlar da…, – gözlərini sildi, – çıxış yolu isə…tapa bilmirəm.Mənə yol göstər Arzu.
-Hə…, – Arzu gəlib yerinə əyləşdi, – vicdan dilə gəlibsə…
-Məni çox ağridir , içimi didib- parçalayır.
-Doğru deyirlər ki, insanın ən dürüst, ədalətli hakimi , onun öz vicdanıdır!Təki…yuxulamaya…, – Arzu sözünə ara verdi. Bir qədər fikrə getdi, – Mənə elə gəlir ki…sən zərər yetirdiyin, həyəcan yaşatdığın hər bir kəsin qarşısında günahlarını səmimi etiraf edib, üzr istəməlisən.
-Necə?, – Sevil təəccüblə bacısına baxdı.
-Sadəcə.Yalnız bu yolla vicdan əzabından qurtara bilərsən. O ki qaldı…onların səni anlamasına, günahlarını bağışlayıb əfv etməsinə…o, artıq onların işidir.
-Mən…
-Sən öncə Zaurdan və anasından , sonra da…sevimli rəfiqəndən üzr istəməlisən.Söhbətin yayılıb, genişlənmədiyinə görə də məhz onlara minnətdar olmalısan. Vəziyyət bundan qat – qat ağır şəkil ala bilərdi.Ailəliklə eldə – aləmdə rüsvay ola bilərdik.Hələ…anamız eşidib – bilsəydi…nələr olardı!Görürsənmi, hətta belə bir vəziyyətdə də, dostların səni düşünüblər. Hər şeyi gizli saxlayıblar, adının hallanmasını istəməyiblər.
-Hə, – Sevil başı ilə təsdiqlədi, – elədir.Mən onların sevgisinə , mərhəmətinə layiq deyiləm.Düz deyirsən …hər birindən üzr istəmək lazımdır. Bəlkə…, – bacısının gözlərinə baxdı, – birlikdə gedib…
-Yox! , – sən özün şəxsən bu işi həll etməlisən, kənar müdaxiləsiz ! , – Arzu qətiyyətlə cavab verdi.Öz əməllərinin cavabını özün verib, cəzasını da özün çəkməlisən.
-Yaxşı, – qız başını aşağı saldı, – sən deyən olsun. Sonrakı imtahana bir neçə gün vaxt var. Günü sabah Zaurgilə gedib, anasından da , özündən də üzr istəyəcəyəm. 
-Afərin!
-Qaldı…Nübar…, – gözləri doldu, – Nübar …Mənim əziz rəfiqəm, – göz yaşları yanaqlarına süzüldü, – onun qarşısında günahımı yuya biləcəyəmmi?Bilsən…onu itirmək nə qədər ağırdır!

-Həsəd…Səni içəridən didən həsəd…Əvvəldən onu özündən kənarlaşdıra bilsəydin…Nə verdi , nə qazandırdı sənə?…Peşmanlıqlar, acı göz yaşları.Hətta…cinayətə qədər sürüklədi…Nübar kimi rəfiqəyə həsəd aparmaq? , – acı gülümsədi, – o ki…
-O məni həqiqətən özünə bacı bilirdi, hər tikəsini mənimlə bölürdü, – dodaqları əsdi, – hələ Rəfiqə xala…İlahi ! , – bacısını qucaqlayıb hönkürdü, – mən necə qıydım?!…Onların hörməti, qayğısı qarşısında nələr etdim?!…
-Məsələ ondadır, – Arzu da kövrəldi, – həyatın qanunu budur;sənə bəxş etdiyi ən qiymətli nəyinsə qədrini bilib, dəyərləndirməyi bacarmadınsa, üstündə yarpaq kimi əsmədinsə…əlindən çıxır…
-Nübarı itirmək…mənə çox ağır gəlir, – içini çəkdi, – onun qarşısında günahlarımı hər cür yumağa hazıram.
-Yaxşı, – Arzu saata baxdı, – məncə bu günlük kifayətdir.Yatıb dincəlmək lazımdır.Necə deyərlər, gecənin xeyrindən, gündüzün şəri yaxşıdır, – bacısının saçlarını tumarladı, – məsələnin həllini vicdanının mühakiməsinə burax.Ürəyinin səsini dinlə.O , sənə doğru yol göstərəcək. Ən əsası…ədalətini itirmə!Haqqı nahaqqa vermə.Yaxşılıqları unutma, özün də yalnız yaxşı əməllər sahibi ol! O zaman…həyatın köklü surətdə dəyişəcək, inan mənə.
-Hə…, – Sevil gözlərini sildi, – doğru deyirsən.Nübarla da özüm üz – üzə , göz – gözə söhbət edəcəyəm.
-Lap yaxşı, – Arzu gülümsədi, – səhvi anlamaq özü də təqdirəlayiqdir.Ümidvaram ki, həyatın bu imtahanından düzgün nəticə çıxaracaqsan.


Ardı var.

Govher Rustamova
www.kafiye.net