HƏSƏD. roman.(56)

Arzu işdən evə dönərkən zəngi bir neçə dəfə bassa da, qapını açan olmadı.Qız təşvişlə çantasından açarı çıxarıb tələsik qapını açdı. İşığı yandırıb ətrafa nəzər saldı. Hər şey səhər evdən çıxanda qoyub getdiyi kimi idi. Mətbəxə keçib, plitənin üstündəki qazanın qapağını qaldırdı:
-Hmm…Sevil evə gəlməyibmi? Yemək də yeməyib…Bu nə məsələdir?, – qaşları çatıldı, – bəlkə…bəlkə…pis qiymət alıb?…Ya da ki…
Vaxt itirmədən Sevilin otağına tərəf getdi. Qapını açıb, işığı yandırdı. 
Sevil geyimli halda çarpayısında bir tərəfə qısılıb yuxuya getmişdi. Elə möhkəm yatırdı ki, hətta Arzunun gəlişindən, işığın yanmasından da xəbər tutmamışdı.
Arzunun ürəyi yerinə gəldi:
-Uff…ürəyim düşmüşdü, ay Sevil!, – dərindən nəfəs aldı, – şükür , evdəsənmiş!
Sevil səsə gözlərini açdı. İşığın təsirindən gözlərini qıydı. Heç bir şey anlamırmış kimi, bacısına baxdı:
-Nə olub?
-H…Heç…, – Arzu təəccüblə ona baxdı, – səndən nə əcəb, bu vaxta qədər yatmısan? , – sözünə ara verdi, – yemək də yeməmisən?
Sevil heç bir söz deməyib, başını yenidən yastığa qoydu.Üzünü divara çevirib, gözlərini yumdu.
-Sevil! , – Arzu bacısına yaxınlaşdı. Əlini alnına qoyub, – sənə nə olub? Bəlkə xəstələnmisən? Qızdırman yoxdur ki…?
Sevil tənbəl – tənbəl bacısına tərəf döndü.Gözlərini yumdu. Dodaqları əsməyə başladı. Gözlərindən süzülən yaş yanaqlarını islatdı.
Qəfildən yastığı qucaqlayıb, möhkəm hönkürdü.Yumruqlarını düyünləyib, yastığı döyəclədi.
Qızın bu halı bacısını təşvişə saldı. Cəld onun çantasını açıb, zaçot kitabçasını çıxartdı. Tələsik imtahan nəticələri qeyd olunan vərəqi tapdı.Heyrətdən gözləri böyüdü:
-Ay qız! Sən ki…sən ki …imtahandan “ əla” qiymət almısan! Sevil !…Afərin, Sevil! , – bacısını qucaqladı, – daha niyə ağlayırsan ki? Sevinmək lazımdır, sevinmək!
Sevil onu eşitmirdi. Hikkəsindən bütün bədəni əsirdi.Dodaqları gömgöy idi.
Arzu mətbəxə qaçıb, sərin su gətirdi. Zorla da olsa, bacısına bir neçə qurtum içirtdi, qalanını da ovcuna töküb, qızın üzünə çəkdi:
-Sakit ol, – dedi, – belə hallar olur…İmtahanın həyəcanını hərə bir cür yaşayır, – bacısını qucaqladı, keçib gedər. Əsas odur ki, yaxşı nəticə əldə etmisən, – üzündən öpdü, – anamız da sevinəcək, – burnuna yüngül çırtma vurdu, – ay səni…sən ki qoçaq qızsan! Acizlik sənə heç yaraşmır.Qalx, qalx gedək. Birlikdə yemək yeyək, çay içək. 
Sevil bacısının əliini itələdi:
-İstəmirəm! Heç nə istəmirəm! Əl çəkin məndən! Eşidirsiz , əl çəkin!
-Səni anlamıram! Nə baş verib axı?, – Arzunun siması dəyişdi, – ciddi bir şey olubmu?
-Olub! Özü də çox ciddi!, – Sevil yenidən hönkürdü, – heç kimə lazım deyiləm! Hər şey mənim əksimədir! Mən…mən….
-Eh…sakit ol, – Arzu təmkinin pozmadı, – dur əlinə – üzünə su vur. Özünə gəl. Söz verirəm, səni əvvəldən axıradək diqqətlə dinləyəcəm.Gəl , bir balaca fasilə edək. Hə ?
Sevil toxtayıb gözlərini sildi. Arzunun narahat gözlərinə baxıb, astadan:
-Bu həyatda məni anlayan yeganə adam sənsən, – dedi.Hər şey məni bezdirib…İnsanlar da, əşyalar da…hər şey…Amma …amma…, – yenidən gözləri doldu, – sən…sən…başqasan…, – bacısının boynuna sarıldı, – sənə hər şeyi olduğu kimi danışacağam. Məni qınasan da, tənbeh etsən də , hətta…hətta bacılıqdan silsən də…danışacağam…
-Yaxşı, danışdıq, – biz ikilikdə sənin problemini ağılla həll edəcəyik, – bacısının saçlarını tumarladı, – sən mənim sevimli bacımsan, – səni darda qoyarammı?, – sözünə ara verdi, – indi isə bir qədər sakitləşməyin lazımdır. Hələlik hər şeyi unut. Əsəblərin tam sakitləşdikdən sonra ikilikdə söhbət edərik.
-Yaxşı, – Sevil başı ilə təsdiq etdi, – inanıram ki, məni…anlayacaqsan.
-Əlbəttə…səhvsiz, nöqsansız insan yoxdur. Əsas məsələ, etdiyin səhvi vaxtında anlamaq, onu aradan qaldırmağı bacarmaqdır.
Çox keçmədi ki, Zəhra da gəldi. Arzu həmişəki kimi onu sevinclə qarşılayıb üz – gözündən öpdü. Elə qapının ağzındaca:
-Sənə şad xəbərimiz var, – dedi, – Sevil …, – gözləri güldü, – imtahandan…” əla “ qiymət alıb!
-Ay…Ay mənim gözəl balam! Ağıllı qızım! , – Zəhranın gözləri doldu , – Nə xoş xəbər oldu!
-Həə, indi əl – üzünü yuyub , özü səninlə görüşəcək, – deyib, Arzu vanna otağına tərəf baxdı.
Sevil əl- üzünü qurulayıb, dəhlizə çıxdı. Anasını görcək ona tərəf gedib, qollarını boynuna sarıdı. Üzündən – gözündən öpüb :
-Gözəl anam!…Əziz anam!, – deyib hönkürdü.
Qızının qızarmış, şişkin gözlərinə baxıb heç bir şey anlamayan Zəhra çaşqınlıqla Arzuya baxdı.
-Həə…Sevil imtahanın həyəcanından hələ ayılmayıb, – Arzu vəziyyəti tənzimləməyə çalışdı, – keçib gedər. Ona bir balaca istirahət lazımdır.
-Yaxşı , -ana razılaşdı, – üçümüz də yorğunuq. Birlikdə dincələrik, – məhəbbətlə Sevilə baxdı, – üzün ağ olsun, qızım. Məni yaman sevindirdin. İndi…atanın ruhu da sevinir.Əziyyətlə də olsa, övladlarını ona layiq böyütdüm…Başımızı hər yerdə uca edirlər, – gözləri doldu.
Ananın sözləri Sevilin ürəyinə neştər kimi sancıldı.” Övladlarımı ona layiq böyütdüm…Başımızı hər yerdə uca edirlər…”, – özlüyündə təkrarladı, – eh…mən …mən…sizə layiq deyiləm, – düşündü, – sən…sən mənə belə tərbiyə verməmişdin, ana…Bağışla …bağışla məni…
Arzunun tələsik hazırladığı şam süfrəsində hər üçü yemək yeyib, çay içdi. Həmişəkindən fərqli olaraq, mətbəxi Sevil yığışdırıb, qaydaya saldı.Anasının aldığı meyvələri yuyub, otaqdakı masanın üzərinə qoydu. Şkafdan təmiz nimçələr çıxarıb süfrəyə düzdü.
Zəhranın üzündə məmnunluq ifadəsi vardı.Qızlarına baxdıqca, fərəhlənir, qürur hissi duyurdu.
Çox keçmədi ki, Sevil otağına keçib, Arzunu səslədi. Söhbətin gərginliyini anlayan qız qapını açıb astadan:
-Sevil, – dedi, – bəlkə…başqa vaxta qalsın?
-Yox, – qız qətiyyətlə cavab verdi.Elə bu gecə hər şeyi sənə danışmaq istəyirəm. Bəlkə…bəlkə…vicdanım rahatlıq tapa…
-Demək istəyirəm ki ….
-Vaxtı uzatmağın mənası yoxdur, – Sevil dediyinin üstündə durdu, – sən…sən…məni anlayacaqsan.
-Yaxşı, – Arzu etiraz etmədi, – sən deyən kimi olsun. Həyəcanlanmadan, sakit – sakit anlat görüm, nə hadisə baş verib.
-Çalışaram, – Sevil udqundu, – söhbətimiz …çox çəkəcək.

Ardı var.

Göher Rustamova
www.kafiye.net