HƏSƏD. roman.(55)

İmtahanın həyəcanı hamı kimi Sevilə də sirayət edirdi. Əsəbi halda dəhlizdə o baş – bu başa gedir, əlindəki dəftərçəni vərəqləyir, düsturları, qaydaları təkrar – təkrar gözdən keçirirdi.Aşağı qiymət almağı qüruruna sığışdırmırdı.
Nəhayət Zaur dəhlizə çıxıb onu və daha iki nəfəri imtahan otağına dəvət etdi. Qız onun tərəfə heç nəzər salmadan, inamla addımlayıb otağa daxil oldu. Müəllim və asistent ilə salamlaşdı. Masanın üzərində səliqə ilə düzülmüş biletlərə göz gəzdirib, birini seçdi. Göstərilən yerdə əyləşib, suallara tələsik göz gəzdirdi. Həyəcanından bir anlıq vərəq üzərindəki yazılar süzülüb yox oldu. Tədricən yenidən görünməyə başladı. Qızın üzünə soyuq tər gəldi. Sanki cəhd edib oxumaq istədiyi , hansısa əcnəbi dildə , anlaşıqsız tərzdə yazılmış yazılar idi.
Onun ciddi həyəcan keçirdiyini hiss edən qocaman müəllim:
-Uşaqlar , qətiyyən həyəcanlanmayın, – dedi, – biletlərə il boyu keçirilən , dəfələrlə təkrarlanan suallar daxil edilmişdir. Vaxtınız da kifayət qədərdir. Tələsməyin, düşünün , xatırlayın. Hər şey yaxşı olacaq.
Sevil cəld özünü ələ alıb, biletə bir də , təkrar nəzər saldı.Fikrini cəmləyib, sualları dönə – dönə oxumağa başladı. Rəngi yenidən dəyişdi; sualların hər üçü Nübarın dəftərlərindəki mövzularla bağlı idi. Qeydlər o qədər səliqəli, dolğun aparılmışdı ki, Sevil onları çox asanlıqla oxuyub mənimsəmişdi.Hətta Arzu onu sorğu – sual edəndə özü də məəttəl qalmışdı.” Nübar…Aman Allah! Sən burda da köməyimə gəldin…Zamanında mənə əl uzatmasaydın, indi…mənim halım necə olacaqdı? Nə üzlə bu müəlimlərin qarşısında əyləşəcəkdim? Hansı vəziyyətdə otaqdan çıxacaqdım? Aqibətim necə olacaqdı?… düşündü, – mən bu sualları əzbər bilirəm…bəli…sənin sayəndə.., – gözləri doldu , – amma…əvəzində…mən…”, – özündən biixtiyar gözlərindən yaş süzülməyə başladı. Özünü nə qədər ələ almağa çalışdısa da , bacarmadı , yanaqlarına aramsız axan damlaları əli ilə silməyə başladı.
Qızın bu halı asistentin diqqətindən yayınmadı.Əyilib, müəllimin qulağına sakitcə nə isə pıçıldadı. Müəllim gözündəki eynəyin üstündən Sevilə tərəf baxdı. Astadan nə dedisə, asistent yerindən qalxdı. Qrafindəki sərin sudan stəkana süzüb, qıza yaxınlaşdı:
-Al iç, qızım, – dedi , – hava istidir. Ürəyin sərinləsin.
Sevil sanki onu eşitmirdi. Daxilində baş qaldırmış vicdan əzabı, xəcalət hissi ona güc gəlirdi.Özü öz nəzərində anbaan kiçilirdi , miskinləşirdi.Qarışıq hisslər elə bil onun qəsdinə durmuşdu. Nübarın məsum, gülərüz çöhrəsini onu gözləri önündə canlandırmaqla , yatmış vicdanını oyatmaq istəyirdi. Nübarla keçirdiyi xoş dəqiqələr, rəfiqəsinin ona təmənnasız , saf münasibəti , bir sözlə….hər şey…gözləri önündən kino lenti kimi gəlib keçirdi. O münasibətin ki…bərpası artıq…qeyri – mümkün idi…
-Qızım , həyəcanlanma, – asistent qadın yenidən dilləndi, – bu sualları bilmirsənsə, başqa bir bileti çəkə bilərsən. Darıxma, özünü ələ al. Biz sənin üçün hər cür şərait yaratmağa hazırıq.
Sevil başını əlləri arasına alıb pıçıltı ilə “ Bağışla məni , Nübar…bağışla …bağışla…” deyib , elə hönkürdü ki , ətrafda hamı təəccüblə ona baxdı. Heç kim heç nə anlamadı, təkcə…Zaurdan başqa…Kənardan imtahanın gedişatı ilə bağlı qeydlər aparan Zaur qızın sarsıntılarının əsl səbəbini anlayan yeganə şəxs idi. Onun halına qəlbən acısa da , vicdanının dilə gəlməsinə sevinirdi. Demək ki…hər şey itirilməmişdi. Hələ nələrisə yoluna qoymaq olardı…
-Qalx qızım, – asistent qadın Sevilin qolundan tutdu, – bir qədər dəhlizdə gəziş , əl – üzünə sərin su vur. 
-Yox , lazım deyil , – Sevil qolunu çəkdi , – hər şey qaydasındadır. Mənə görə narahat olmayın, – çantasından yaylıq çıxarıb gözlərini sildi , – bu sualların cavabını əzbər bilirəm, – içini çəkdi , – sadəcə…kiçik bir …əsəbilik keçirdim. O da…keçib getdi, – müəllimin gözlərinə baxdı, – mən cavab verməyə hazıram.
Qızın davranışından bir şey anlamayan qadın dönüb təəccüblə müəllimə baxdı. Müəllim başı ilə razılıq işarəsi verdi.
-N…Nə deyirəm…Buyur, hazırsansa , cavab verə bilərsən.
Sevil inamla yerindən qalxıb, müəllimin masasına yaxınlaşdı. Təklif olunan oturacağa əyləşib, fikrini cəmlədi.
Birinci sualı oxuyub, mövzu ətrafında bildiklərini ardıcıl şəkildə söylədi. Müəllimin işarəsilə lövhə qarşısına keçdi və düsturların köməyi ilə tapşırıqların icrasına başladı.
Qızın dürüst , məntiqli cavabları müəllimi heyran qoyurdu. Biletdəki bütün sualların tam cavablandırıldığını görən müəllim məmnunluqla:
-Qızım, – dedi, – sən imtahana həqiqətən də , çox yaxşı hazırlaşmısan. Açığını deyim ki…belə bir nəticəni gözləmirdim, – gülümsədi, – həyəcanına da elə bir səbəb yox idi. Sənə…” əla” qiymət yazmaq fikrimiz var.Amma…eynəyini çıxardı, – bir neçə əlavə suallara da cavab verməlisən. Buna da hazırsanmı?
Sevil özündən biixtiyar Zaura baxdı. Onun da baxışlarında razılıq ifadəsini görüb ürəkləndi. İnamla “ Razıyam!” , – dedi.
Müəllim eynəyini yenidən gözünə taxıb, qarşısındakı kitabçanı vərəqlədi. Müxtəlif mövzularla bağlı suallar seçib, Sevilin biliyini təkrar imtahan etdi. Qızın cavablarından razı qaldıqca başını ehmalca tərpədən müəllim sonda :
-Çox sağ ol , qızım , – dedi , – cavablarından razı qaldım. Afərin! Sənin biliyini “ əla” ilə qiymətləndirirəm. Ümidvaram ki, digər imtahanlardan da beləcə, alnıaçıq, üzüağ çıxacaqsan!, – deyib, zaçot kitabçasına qeyd etdi.
“Alnıaçıq, üzüağ…, – Sevil özlüyündə təkrar etdi , – bu sözləri mənə şamil etmək olarmı? Mən..onlara layiqqəmmi ? İmtahanlardan “ əla” almaq…işin bir tərəfidir. Əsl məsələ…Həyat imtahanıdır ki…mənim ondan kəsrim var…, – gözləri yenidən doldu , – bax o kəsri düzəltmək lazımdır.
Onun yenidən kövrəldiyini görən müəllim gülümsədi:
-Amma…tədricən…ağlamağı, kövrəlməyi bir kənara qoy. Axı…sən elə də aciz qız deyilsən. Əksinə , inamlı, ürəkli qızsan.
Sevil ayağa qalxdı. Müəllim onun əlini sıxıb, zaçot kitabçasını məmnunluqla təqdim etdi:
-Uğurlar!
Qız müəllimə təşəkkür edib, sevincək otaqdan çıxdı. Dəhlizdə həyəcanla gözləyən qrup yoldaşlarının sual dolu baxışlarına məhəl qoymadan, institutun binasından çıxdı. Yolu keçib, parka daxil oldu. 
Qəribədir…Sanki…park da küskün idi. Onu həmişəki kimi mehribanlıqla qarşılamadı. Soyuqqanlı idi…Ətrafa nəzər saldı. Elə bil ağaclar da , güllər də , hətta …skamyalar da incik idi. Quşlar da…sanki həmişəki kimi ötmürdü…Hər şey yadlaşmışdı…Ona başqa nəzərlərlə baxırdı…Qızın daxilindən bir anlığa üşütmə keçdi. Ona elə gəldi ki , hər şeyi itirib…Bu gen dünyada tək , tamam tək – tənha qalıb…

Ardı var.

Gövher Rustamova
www.kafiye.net