HƏSƏD. roman.davamı(43)

-Çalışaq , cəhd edək , – Sevil sakit tərzdə cavab verdi, – hər halda , onu itirən kəs, axtarmaq üçün buraya üz tutacaq, – ağıllı görkəm aldı, – demək, biz onunla rastlaşa bilərik.Nə bilmək olar , qismətdirsə, qaytarıb verərik özünə.
Rəfiqəsinin sözləri Nübarı tam qane etməsə də , bir qədər sakitləşdirdi. Əlindəki bilərziyi o tərəf – bu tərəfə çevirdi , dönüb ümidlə ətrafa baxdı. Bilərzik sanki onun əllərini yandırırdı. Qız ondan necə yaxa qurtaracağı barədə düşünür , konkret bir qərara gələ bilmirdi. Ürəyində onun sahibinə çox acıyırdı, kömək etməyin yolunu isə bilmirdi. Aciz – aciz Sevilə baxıb:
-Yazıq! , – dedi , – Allah bilir , indi necə məyusdur , həyəcan içindədir…, – dərindən ah çəkdi , – ona necə kömək edək ?
-Məncə , – Sevil fikrə getdi , – özündə saxlasan yaxşıdır. Onsuz da , hər gün dərsdən sonra burdan keçib gedirsən. Nə bilmək olar , bəlkə mənim , ya sənin qarşına çıxdı ?! O zaman onu sevindirərik.
-Bəs…Birdən qarşımıza çıxmasa? O zaman necə olsun ? Başqasının əşyasını özümüzdə saxlaya bilmərik axı…, – nə fikirləşdisə , – bəlkə…bəlkə yaxınlıqdakı polis şöbəsinə təhvil verək , hə ? Necə bilirsən ?
-Ay qız ! , – Sevil hiddətləndi , – nə danışırsan? Nə polis? Bir bu çatmırdı! Sonra da başlasınlar bizi sorğu – suala tutmağa…El – aləm də görsün , bilsin! Sənə bu lazımdırmı? Bir də ki…Bir də ki, onun sahibini tapıb, qaytaracaqlarına əminsənmi ? Şəxsən mən, yox ! Məncə, bir neçə gün səbr etsək , özümüz onu tapa bilərik.
Sevilin dedikləri Nübara inandırıcı görünməsə də , razılaşmağa məcbur oldu. Hava qaralmağa başlayırdı. Artıq kifayət qədər yubanmışdılar. Anasının tapşırığını xatırlayıb:
-Yaxşı, – dedi , – gedək, anama tez qayıdacağıma söz vermişdim, ləngiməyək.
-Doğrudur, – Sevil başı ilə təsdiqlədi, – heç kimə də heç nə demək lazım deyil. Özümüz bir çıxış yolu taparıq , yaxşımı? , – zəndlə Nübara baxdı, – hələ heç anana da bir söz demə, boş yerə həyəcanlandırma.
Nübar bilərziyi könülsüz çantasına qoyub:
-Yox, anam bilsə yaxşıdır, – dedi , – mən ondan xəlvəti heç bir iş görmürəm.Bəlkə, o , bizə daha yaxşı məsləhət verər? Böyükdür , həyat təcrübəsi var.
-Ay qız, bir az səbrin olsun, – Sevil öz sözünün üstündə durdu, – boş yerə onu bu işə qatma. Biz də balaca deyilik , bir çıxış yolu taparıq.
Qızlar qol – qola girib dayanacağa gəldilər. Çox keçmədi ki, gözlədikləri avtobus dayanacağa yaxınlaşdı. Hər ikisi evə yola düşdü.
Anasının narazı baxışları ilə qarşılaşan Nübar, onun üzündən öpüb:
-Bağışla, – dedi , – şənlik o qədər maraqlı keçirdi ki, vaxtın necə ötdüyündən xəbərimiz olmadı.
Rəfiqə qızını məzəmmət etdi:
-Çalış, etibardan düşmə, – dedi , – insan etibarı itirəndə , heç kimdə ona inam qalmır.
– Anladım, – Nübar günahkar görkəm aldı, – bir də təkrar olunmaz. Bağışla, ana.
Ana bir söz deməyib, yan otağa keçdi.
Nübar çantasını açıb yenidən bilərziyə baxdı. Bəlkə də , başqa vaxt olsaydı, hadisəni anasına danışar , məsləhət istəyərdi. Amma indi…anasının onsuz da xoş olmayan əhvalını daha da korlamaq istəmədi. Sevilin sözlərini xatırlayıb, susmağa üstünlük verdi.
Həmin gecə nə Kamilənin, nə də Zaurun gözünə yuxu getmədi. Hər ikisi gərginlik, əsəbilik içindəydi. Heç biri belə bir vəziyyətlə üzləşəcəyini ağlına gətirməzdi. Kamilə fikrində hər şeyi dönə – dönə götür – qoy edir, kimin harda əyləşdiyini , nə işlə məşgul olduğunu təkrar – təkrar xəyalında canlandırırdı.
Zaur isə peşimançılıq çəkirdi; “ kaş ki, heç bu ad günüm olmayadı!, – düşünürdü, – yazıq anam gör necə sarsıntı içindədir ! Doğrudanmı insanları tanımaq olmur ? Yəni bu dünyada heç kimə inanıb, etibar etmək olmazmı? Dost bilib, evinə, ailənə dəvət etdiyin kəs özünü bu cür aparmalıydımı?”.
Səhər hamı auditoriyada olsa da, Zaur hələ gəlməmişdi. Gözü qapıda qalan Sevil :
-Maraqlıdır , – düşündü, – görəsən , Zaur niyə yoxdur ? , – fikrə getdi, – bilərzikdən xəbərləri oldumu ? 
Dərsin başlamasından bir qədər ötmüş qapı sakitcə açıldı. Zaur kefsiz, gözləri şişkin, qanıqara halda otağa daxil oldu. Üzr istəyib, birbaşa arxaya, həmişəki yerinə keçdi və dərsin sonuna qədər başını qaldırmadı.
Onun bu davranışı çoxlarının heyrətinə səbəb olsa da , heç kim ürək edib , ondan heç nə soruşmadı.Qonşu oturacaqda əyləşən ən yaxın dostu Eldar isə onun bu halından çox narahat idi. Həmişə deyib – gülən, zarafatlaşan Zauru belə fikirli görməmişdi.
Sevil başını çevirib, ehmalca Zaura tərəf baxdı.Kefsiz görkəmindən bəzi mətləbləri anladı:
-Həə, – düşündü, – belə görünür ki, bilərziyin yoxluğundan xəbər tutublar, – çevrilib qarşıya baxdı, – qaldı …işin sonrakı mərhələləri…Bilərzik gec – tez onlara qayıdacaq , amma…Nübar…itmiş nüfuzunu bərpa edə bilməyəcək….Birdəfəlik olaraq hamının nəzərindən düşəcək ! Zaur isə…onu ömürlük yaddaşından siləcək! Bax, belə !…
Sonrakı mühazirəni eyni auditoriyada dinləyən rəfiqələr yanaşı əyləşmişdilər.Müəllimin danışdıqlarına məhəl qoymayan Sevil astadan:
-Nübar, – dedi, – bilərzik məsələsini anan bildimi?
-Yox, – qız da pıçıltı ilə cavab verdi, – evə gec qayıtdığıma görə məndən incimişdi. Söhbət etməyə həvəsi yox idi. Odur ki, mən də bir söz demədim.
-Afərin!, – Sevil onu qucaqladı, – bilərzik yanındadırmı?
-Hə, heç çantamdan çıxarmamışam. Kaş sahibi tez tapılaydı. Çox narahatam.
Söhbət kəsildi. Nübar müəllimi dinləyir, Sevil isə fikrində Zaurun diqqətini Nübarın çantasına yönəltmək üçün plan düşünürdü : “ Necə edim ki, Zaur çantada anasının bilərziyini görsün? “.
Fasilədə hamı istirahət etsə də, Nübar hesabat vərəqini işləyib hazırlayırdı.Bayaqdan heç kimlə dinib – danışmayan Zaurun diqqəti ona tuşlanmışdı.Məqam düşən kimi hədiyyəyə görə təşəkkür etmək fikrindəydi.Belə sıxıntılı vaxtında yeganə təsəllisi Nübar olduğundan, gözlərini ondan çəkmir, qızı seyr etdikcə sanki mənən dinclik tapırdı.
Bütün bunlar Sevilin diqqətindən yayınmırdı. Belə fürsəti əldən vermək olmazdı.Astadan:
-Nübar , – dedi, – qələmim pis yazır, bəlkə səndə ehtiyat qələm ola ?
Başı hesabata qarışmış Nübar gözünü yazıdan çəkmədən:
-Hə, – dedi , – var. Çantamı aç , götür . 
Sevil rəfiqəsinin çantasını açdı. Qələmi götürmək istədikdə , guya tələsdiyindən onu yerə saldı. Ağzıaçıq çantadan bilərzık diyirlənib yerə düşdü. Sevil , onu ilk dəfə görürmüş kimi təəccüblə yerdən qaldırdı. Zaur görsün deyə əlində o tərəf – bu tərəfə çevirdi. Oğlanın qaşlarının düyünləndiyini görüb, ürəyində sevindi. Özünü bilərzikdən xoşlanırmış kimi göstərib, onu qoluna taxdı:
-Gör bir necə gözəldir ! , – dedi.
Nübar başını qaldırdı. Bilərziyi onun qolunda gördükdə:
-Sevil, – dedi , – o bizim deyil. Çıxart , çantaya qoy !
Sevilin ona əhəmiyyət vermədiyini görüb , bilərziyi ondan acıqla aldı və çantasına qoydu.
Dünya – aləm Zaurun başına fırlandı! Aman Allah, anasının bilərziyi…Nübarın çantasındaydı!

Ardı var.

Gövher Rustamova 
www.kafiye.net