HƏSƏD. davamı.( 37 )

Çingizin evə həmişəkindən tez gəlişi ananı sevindirsə də, təəccübləndirdi. Oğlunun gecə saatlarında işdən gəlməsinə adət etmiş Xavər xanım sevincini gizlətmədi:
-Nə yaxşı, ay oğul !, – dedi. Sənin üzünə həsrət qalmışam. İşə o qədər aludə olmusan ki, nə evdən xəbərin var, nə çöldən. 
-Bu gün tez gəldim ki, hamısından xəbər tutum, – deyib Çingiz zarafata keçdi.Anasını qucaqlayıb üzündən öpdü, – mənim gözəl anam !
Xavər də məhəbbətlə oğlunun boynunu qucaqladı:
-Həyatımın bəzəyi balam, – gözləri yol çəkdi, – bircə sənin xoşbəxtliyini görsəydim…Ailə qurub , oğul – uşaq sahibi olduğunu görsəydim…
Ananın gözlədiyinin əksi olaraq bu dəfə Çingiz söhbəti zarafata çevirmədi. Ciddi tərzdə:
-Fikir çəkmə , görərsən , ana , – dedi .
Xavər qulaqlarına inanmadı:
-Doğru sözündür ?, – təəccübünü gizlətmədi, – zarafat etmirsən ki?
-Yox, – Çingiz güldü, – məncə , kifayət qədər zarafat etmişəm.Artıq ciddiləşmək zamanı yetişib.
Ananın sevincdən gözləri doldu :
-Yoxsa…bəyəndiyin var ? Hə, Çingiz ? Düzünü de. Mən onu tanıyırammı ?
-Yox ana , tanımırsan, – Çingiz divana əyləşdi, – mən özüm də təzə tanımışam, -arxaya söykəndi, – tanıdım…və bəyəndim.
-Səni şadxəbər olasan, oğul, – ananın üzü güldü, – nə gözəl xəbər verdin mənə. Şükürlər olsun!, – oğluna baxdı, – kimlərdəndir , bala ?
Çingiz əllərini bir – birinə vurub ucadan güldü :
-Lap o tamaşadakı kimi “ Bir tərəfi Şəkixanovlardandır , bir tərəfi də Bakıxanovlardan!”.
-Yenə başladın ? , – ana incik görkəm aldı , – hər halda bilməliyəm , ya yox ? Özümüzə görə ad – sanımız , mövqeyimiz var.
-Vaxtı çatanda hər şeyi biləcəksən , – Çingiz ciddiləşdi, – ad – san , mövqe – belə şeylər məni o qədər də narahat etmir, ana. Sən ki , bunu bilirsən…, – anasının gözlərinə baxdı , – önəmli olan başqa şeylərdir.
-Belə…, – ana fikrə getdi , – demək…
-Ana , mən uşaq deyiləm , – Çingiz qalxıb otaqda gəzişdi, -yaxşını pisdən ayırmağı bacarıram. Təbii ki , bu evə gətirəcəyim kəs, ailəyə layiqli biri olmalıdır. Tərbiyəsi də , əxlaqı da , mədəniyyəti, dünyagörüşü də.
-Hə , bala , – ana bir qədər rahatladı, – elə mənim də dediklərim odur.Hər təbəqənin öz adamı var. Tərəflər arasında uyğunluq olmalıdır.Səviyyələr bir – birinə düz gəlməlidir.
-Hə, – Çingiz fikrə getdi , – bəzən insan düşdüyü şəraitin qurbanına çevrilir …amma bu, onun səviyyəsizliyi kimi qəbul edilməməlidir.
-Sözlü adama oxşayırsan . vallah!, – ana narahatlığını gizlətmədi, – nə şərait ? nə qurban ? Bir açıq danışsana !
-Ana , – Çingiz anasının əllərini ovcuna aldı, -əvvəla hələ aramızda ciddi bir şey yoxdur ;mən sadəcə görüb – bəyənmişəm. Onun məni bəyənib – bəyənməməsi isə, hələ ki…sual altındadır.Nə deyim, qız …çox sadə bir ailənin qızıdır, – stulu çəkib əyləşdi , – hələ körpə ikən atasının fəhləlik etdiyi iri bir müəssisədə güclü partlayış olubmuş. Nə qədər adam tələf olub, – sözünə ara verdi , – yazıq o vaxtdan yetim qalıb. Anası hər cür əziyyətə qatlaşaraq, qızlarını böyüdüb. Doğru – dürüst tərbiyə verib. Oxutdurub.
-Çingiz…, – ananın rəngi boğuldu , – belə çıxır ki…
-Ana , qız çox ağıllı , mədəni , tərbiyəli , ən əsası da yerini bilən qızdır.Başını qaldırıb adamın üzünə də baxmır. Özün bilirsən, mən məhz beləsi ilə ailə qurmaq istəmişəm.Bir də ki …ana, atasız , kasıbçılıqla böyüməsinin günahkarı o deyil axı…Və….bu , onun səviyyəsizliyi kimi başa düşülməməlidir.
-Oğul , – Xavər təmkinini pozmadı, – dediklərində həqiqət var. Amma…mən həyata səndən daha yaxşı bələdəm. Çətinlik görən adam birdən – birə zəngin həyatla üzləşəndə özünü itirir , dəyişir , hətta tanınmaz olur . Dad sonradan görmüşlərin əlindən! Bunu da unutma !
-Ana , – Çingiz mülayim səslə dedi, – dedim axı, hələ ki , ciddi bir şey yoxdur.
Xavər nə fikirləşdisə :
-Sən onu harda görüb- bəyənmisən?, – dedi.
-Şirkətdə.Təzə işçimizdir. Çox savadlı, bacarıqlı , işgüzar qızdır.Narahat olma , – gülümsəyib anasını qucaqladı, – səni məyus etmərəm.
-Mən də onu görə bilərəmmi? , – Xavər zəndlə oğluna baxdı.
-Əlbəttə, – Çingiz başı ilə təsdiqlədi, – lap günü sabah.
-Necə ?
-Lap sadəcə. Şöbəyə gələrsən. Səni orda tanıyan yoxdur. Deyərsən ki, başqa şirkətdə işləyirsən. Bizimlə təcrübə mübadiləsi etmək üçün müdirdən , yəni məndən icazən var , – gülümsədi, – katibə də bunu təsdiqləyəcək.
-Nə təcrübə? Nə mübadilə ay bala ? , – Xavər çaşbaş qaldı , – mənim sizin işlərinizdən başım çıxmır.Sonra da ki, …şirkətdə işləyənlər əsasən gənclərdir . Gülünc vəziyyətə düşərəm.
-Başqa çarəmiz yoxdur , – Çingiz anasının üzündən öpdü, – şərait qurban tələb edir.
-Elə hər şeyi zarafata salırsan, – ana narahat oldu, – fikrinə ağıllı bir şey gəlmədi ?
-Gəl bir təzədəm çay içək , – Çingiz söhbəti dəyişmək qərarına gəldi , – sonra nə isə fikirləşərik, yaxşımı?
-Yaxşı, – ana gülümsədi, – mən sənin xoşbəxtliyini istəyirəm bala, – yerindən qalxdı, – çay da iç, çörək də ye , tələsik işimiz yoxdur. Birlikdə götür – qoy edib, ümumi qərara gələrik.
-Lap gözəl ! , – Çingiz anası ilə bərabər mətbəxə keçdi, – görək…anam nə bişirib ?, – qazanın qapağını qaldırdı, – bəh- bəh , adam bihuş olur…Əllərin yorulmasın !
Ana oğlunun boynunu qucaqladı:
-Gün o gün olsun ki, mətbəxdə biş – düş edən öz ömür – gün yoldaşın olsun. Qulluğunda dayansın, evimizdən körpə səsi gəlsin…, – kövrəldi , – mən də…sənə görə rahat olum.
-Daha niyə kövrəlirsən? Artıq irəliyə doğru addım var , – Çingiz güldü, – qaldı…xırda – para işlər.
Həmin axşam Xavər sevinc hissi ilə bərabər bir qədər narahatlıq hissi də yaşadı.Çingizə etibar etsə də, ailələr arasındakı uyğunsuzluqdan çox ehtiyat edirdi . Peşimançılıq olmasından qorxurdu. Tanımadığı , bilmədiyi bir qapını döymək , bələd olmadığı ailəyə elçi düşüb qız istəmək ona qəribə gəlirdi. Hələ…Çingizin atası…O , bu məsələyə necə baxacaqdı ? Böyük bir şirkətə rəhbərlik edən adam sadə fəhlə ailəsi ilə qohum olmaq istəyəcəkdimi ? Oğlunun seçimi ilə hesablaşacaqdımı?
Bu suallar ananı narahat etməyə başlamışdı.Qəribədir , illərdir övladının xeyir işini görmək arzusu ilə yaşayan Xavər indi həyəcan içində idi. Qızın ailəsi ilə bağlı oğlundan eşitdiyi məlumatlar bir o qədər də ürəyinə yatmırdı. O , fikrində tam fərqli xəyallar qurduğu halda , başqa bir vəziyyətlə üzləşmişdi.Nə edəcəyini bilmirdi. Bəlkə də , hər şey Çingizin dediyi kimi idi…Amma …nə bilmək olar …ilk təəssürat aldadıcı da ola bilərdi…

Ardı var.

Govher Rüstemova
www.kafiye.net