HƏSƏD. roman.davamı.( 36 )

Ertəsi gün qızlar evdən bərabər çıxdılar ; Sevil hansısa mötəbər bir məclisə yollanırmış kimi bər – bəzəkli görkəmdə instituta , Arzu isə həmişəki adi görünüşündə işə yollandı.
Yolüstü şirniyyat dükanından növbənöv şirniyyatlar aldı. İlk məvacibindən şöbənin işçilərini şirniyə qonaq etmək istəyirdi.
İşçilər şöbəyə cəm olduqda Könülün masasına yaxınlaşıb , ədəblə salamlaşdı. Şirni süfrəsi açmaq üçün icazə istədi.Könül onu təpədən – dırnağa qədər əda ilə süzüb “Yalnız işdən kənar vaxtda !” dedi. Arzu əhvalını pozmadan “ Yaxşı “ deyib öz işləri ilə məşğul olmağa başladı.
Nahar fasiləsinə bir neçə dəqiqə qalmış otağın yuxarı tərəfindəki boş masanın üzərini sildi , aldığı çürbəcür şirniyyatı səliqə ilə nimçələrə düzüb zövqlü bir çay süfrəsi hazırladı .
Fasilə elan olunan kimi şöbənin bütün işçilərini süfrəyə dəvət etdi. Hamı böyük məmnuniyyətlə dəvəti qəbul edib masaya yaxınlaşır , şirni payını götürür , Arzunun üzündən öpüb təbrik edirdi . Təkcə…Könüldən savayı.
Sevil qəsdən addımlarını yavaşıdır , hamının diqqətini cəlb etməkdən ötrü auditoriyaya sonuncu daxil olmaq istəyirdi. 
Dərsin başlamasına az qalmış qapını açıb , xüsusi tərzdə, keçib həmişəki yerinə əyləşdi. Çantasından güzgüsünü çıxarıb , özünə baxdı. Hər şey qaydasında idi. Dönüb gözucu auditoriyaya nəzər saldı. 
Hərə öz işi ilə məşğul idi . Oğlanlar otağın arxa tərəfində toplaşıb qızğın söhbət edir , qızlar öyrəndiklərini təkrarlayır , bir – birini sorğu – sual edirdilər . 
Müəllimin gəlişi ilə araya sakitlik çökdü , hərə öz yerinə keçdi. Müəllim imtahan suallarını tələbələrə paylayıb , bundan sonrakı dərsləri məhz bu suallar əsasında quracağını bildirdi və tələbələrdən son dərəcə diqqətli olmağı xahiş etdi.
Zaur tərəfindən özünə heç bir diqqət hiss etməyən Sevil tənəffüslərdə dəhlizə çıxıb , onun qarşısında bir neçə dəfə o tərəf – bu tərəfə keçsə də , diqqətini özünə cəlb edə bilmirdi. 
Zaur dostları ilə söhbət etsə də , gözü Nübargilin auditoriyasına tərəf baxırdı. Sanki anbaan Nübarın dəhlizə çıxaçağı məqamı gözləyirdi. 
Nübar əlində salfetə bükülü nə isə dəhlizə çıxdı. Ona qəfildən yaxınlaşan qızı dinləyib, nələrisə izah etməyə başladı. 
Həmin anda dünya Zaurun idi . Ətrafında gedən heç bir söhbəti eşitmir , kimsəni görmürdü . Məftunluqla Nübara baxırdı. Əlində imkan olsaydı , zamanı durdurardı. Bu anları uzatmaq, sonsuzluğa qədər çəkib aparmaq üçün nələrdən keçməzdi ?
Elə həmin anlarda Sevilin bu səhnəni hiddətlə seyr etdiyini isə heç təsəvvürünə belə gətirmirdi.
Nübar qızdan ayrılıb dəhlizə diqqətlə nəzər saldı , gözü Sevili axtarırdı. Onu görən kimi gülə – gülə , tələsik yanına gəldi :
-Maşalah! , – dedi , – bacım bu gün nə gözəldir ! , – əlindəki bükülünü uzadıb , – al , – dedi , – anam almalı piroq bişirib . Qızları qonaq etdim , bu da sənin payın. 
Sevil sanki onu eşitmirdi . Donuq baxışlarla düz gözlərinin içinə baxırdı. Daxilində qıza qarşı anbaan artan həsəd , kin – küdurət hissi ilə çapalayırdı. 
-Sevil , – Nübar duruxdu , – sənə nə oldu ? , – rəngin niyə dəyişdi ?
-Heç , – Sevil özünü ələ aldı , – elə bir şey yoxdur . Ola bilsin ki , yorğunluqdandır . Axşamlar dincəlmədən dərslərimi oxuyuram .
-Afərin ! , – Nübarın üzü güldü , – inanıram ki , imtahanlardan yaxşı qiymətlər alacaqsan, – üzündən öpüb saçlarını tumarladı , – bu gün həqiqətən də çox gözəl görünürsən .
Zəngin vurulması söhbəti yarımçıq kəsdi . Nübar piroqu Sevilin ovcuna qoyub :” Nuş olsun !” dedi və tələsik otaqlarına tərəf getdi.
Sevil başını çevirib Zaura baxdı . Zaurun gözləri dəhlizin sonuna qədər iti addımlarla gedən Nübarı müşayiət edirdi.
Qız hikkəsindən dodaqlarını çeynəyib , acıqla otağa keçdi . Hirslə dəftər – kitabını açıb , müəllimin dediklərini sürətlə yazmağa başladı . Dərsin sonuna qədər bir dəfə də olsun başını qaldırıb Zaura tərəf baxmadı.
Dərsin sonu yaxınlaşdıqca Zaurun həyəcanı artırdı. Qısa aradan sonra dekanlıqda Nübarla yanaşı oturaraq hesabat verəcəyini düşündükcə , ürəyi sürətlə vururdu. 
Müəllim lazımi tapşırıqları verib , tələbələrlə sağollaşdı və auditoriyanı tərk etdi .
Zaur hesabat vərəqini tələsik doldurub dəhlizə çıxdı. Pəncərə qarşısına keçib həsrətlə Nübarı gözləməyə başladı.
Sevil də vaxt itirmədən çantasını yığıb otaqdan çıxdı və digər pəncərənin qarşısında dayandı. Hərçənd ki , dünən görüb yaşadığı xoşagəlməz hissləri təkrar yaşamaq istəmirdi, amma gəldiyi qənaəti özü üçün tam sübuta yetirmək istəyirdi.
Nübarın otaqdan çıxması ilə Zaurun pəncərədən aralanması bir oldu. Sürətlə qızın arxasınca getməyə başladı. Ona yaxınlaşıb nə isə dedi və ikisi birlikdə dekanlığa yollandılar.
Sevil gümanında yanılmadığını tam şəkildə anladı ; Zaurun ürəyi Nübarda idi.
Artıq sarsıntılar yaşamamaqdan ötrü nə onların arxasınca düşmədi , nə də gizlicə pusmadı.
Tələsik institutdan çıxıb dayanacağa tərəf getdi. 
Hesabat çox çəkmədiyindən Zaurla Nübar dekanlıqda yubanmadılar , lazımi məlumatları verib birlikdə parka sarı addımladılar.
Zaur nəsə fikirləşib :
-Nübar , – dedi , – bir neçə gündən sonra ad günüm olacaq . Dostlarım məni təbrik etmək üçün bir yerə yığışmağımızı təklif edirlər . Mən nə qədər tərəddüd etsəm də , öz fikirlərində qalırlar.
-Nə gözəl ! , – Nübarın gözləri güldü , – çox yaxşı təklifdir . Səni qabaqcadan təbrik edirəm!
-Çox sağ ol , – Zaur bir qədər həyəcanla , – bilirsən , – onlar bizim evdə yığışmaığı qərara alıblar. Anam da etiraz etmir , evimiz böyükdür …
-Səni qəne etməyən nədir ki ?, – Nübar təəccübləndi .
-Hm…necə deyim …, – Zaur bir qədər fasilə etdi , – səni…səni də dəvət etsəm…gələrsənmi ?
Gözlənilməz sual qızı çaşdırdı . Nə cavab verəcəyini bilmədi.
-Evimi , ailəmi görüb tanıyarsan …
-Nə deyim …- qız çaşbaş qaldı , – axı…axı…orda sənin dostların olacaq. Mən…
Narahat olma , qızlar da olacaq , sənin rəfiqən Sevili də dəvət edəcəyəm. İstəyirəm ki …həmin gün…sən də bizimlə birlikdə olasan . Hə , nə deyirsən ?
-Açığı , təklifin mənim üçün gözlənilməz oldu , – Nübar qısa aradan sonra cavab verdi, – evdə anamla danışaram. Etiraz etməsə , məmnuniyyətlə dəvətini qəbul edərəm.
-Yaxşı, – Zaur gülümsədi , məncə etiraz etməz . Burda nə var ki ?
-Mən adətən hər yerə ata – anamla gedirəm. O səbəbdən də icazə almağım vacibdir.
-Olsun ! Gələn bazar gününə qədər vaxtın var , – Zaur mehribanlıqla qızın gözlərinə baxdı, – sənin iştirakın mənə dünyanın ən möhtəşəm hədiyyəsi olacaq !.

Ardı var

Govher Rüstemova
www.kafiye.net