HƏSƏD. roman.davamı ( 35 )

Onun sözlərinə əhəmiyyət verməyən Arzu daha bir neçə donu nəzərdən keçirdi. Satıcının da məsləhəti ilə anasına xoşrəngli gözəl bir don seçdi . Onu xəyalən anasının əynində təsəvvür edib , gülümsədi .
Sevilinsə qaşqabağı heç açılmırdı ; “ Mən bu geyimlərin heç birini əynimdə təsəvvür etmirəm “ deyirdi. 
Qızın narazılığını görən satıcı :” Sizə daha dəbli , gözəl geyimlər təklif edə bilərəm , – dedi , – amma …onların qiyməti…
Sevil heç düşünmədən :
-Göstərin! , – dedi , bəyənsək , alacağıq.
Satıcı razılaşıb kiçik qapıdan iç otağa keçdı . Az sonra əlində bir neçə don geri döndü . Sevilin heyrətdən gözləri böyüdü . Onlar həqiqətən də çox gözəl idilər .Qız vaxt itirmədən onları bir – bir geyinib baxır , güzgünün qarşısında o tərəf – bu tərəfə fırlanır , görkəmindən xoşlanırdı.Əlində imkan olsa , onların hamısını alardı…
-Hə , Sevil , – nə deyirsən ? Hansını götürək ? , – Arzu mehribanlıqla soruşdu , – Bəyəndiyin varmı?
-Hamısını bəyənirəm…, – deyib Sevil yenidən güzgüdə əynindəki dona baxdı, – nə bilim…pulumuz çatarmı …
-Bir neçəsini almaq istəsəniz , qiymətlərdə güzəşt edə bilərik, – satıcı gülümsədi ,- seçdiyiniz geyimə uyğun digər aksesuarlar da təklif edə bilərik.
Sevilin gözləri parıldadı . Dönüb Arzuya baxdı .
Arzu onu mehribanlıqla qucaqlayıb :
-Ürəyin istədiyini seç , – dedi .
Birlikdə Sevilə iki don , onlara uyğun ayaqqabı , çanta və bəzək əşyaları seçdilər . Sevil yerə – göyə sığmırdı. Bacısının sevincini görən Arzu məmnun halda ödəniş edib , satıcıya razılığını bildirdi .
Yolüstü evə lazım olan bəzi məişət əşyaları da alıb , axşama yaxın evə döndülər .Həm yorğun , həm də aç idilər . 
Arzu tələsik mətbəxə keçib , şam yeməyi hazırlamağa başladı. Sevil isə otağında , aldıqları geyimləri təkrar – təkrar gözdən keçirirdi .
Zəhranın gəlişinə artıq yemək hazırlanmış , çay dəmlənmiş , mətbəx səliqəyə salınmışdı. Arzu yorğun olsa da , gördüyü işlərin nəticəsindən razı idi .
Anasını sevinclə qarşılayıb üz – gözündən öpdü . Əlindəki zənbilləri alıb içəri keçirdi . 
Qızlarını xoş əhvalda görən ana :
-Hə , deyin görüm , şəhərə çıxa bildinizmi , – dedi , – təzə bir xəbəriniz varmı?
-Var ! , – Sevil sevincək otağına keçdi , – gözlə !
Arzu mehribanlıqla anasına baxıb sakit təzdə :
-Gözlərini yum , – dedi .
Zəhra gülümsəyib gözlərini yumdu . Arzu onun üçün aldığı təzə donu gətirib üstünə tutdu :
-Hə , indi aç , – dedi .
Ana gözlərini açanda heyrətdən dondu . Qızı ona necə də gözəl bir hədiyyə almışdı ! İllərdən bəri heç kimdən heç nə görməyən , gözləməyən Zəhra qızının üzünə baxdı . Çuxura düşmüş gözlərində minbir sual oxundu. Sevincdən dodaqları əsdi , gözləri doldu :
-Bu …Bu …nə …mənə…, – sanki bir anlığa nitqini itirdi .
Arzu onu qucaqlayıb bağrına basdı :
-Hə , sənə ! Dünyanın ən gözəl , ən layiqli , ən cəfakeş , ən fədakar anasına! Sən ondan qat – qat artıqlarına layiqsən ana ! , – deyib yanağından öpdü .
Sevil Arzunun onun üçün aldığı geyimləri geyinib bir – bir nümayiş etdirməyə , otaqda təntənəli şəkildə o tərəf – bu tərəfə yeriməyə başladı. 
Zəhra heyrətlə Sevilə baxdı :
-Qızım ! Sən necə gözəl görünürsən ! , – dedi .
-Bəs necə ! , – Sevil qürrələndi , – mən həmişəki Seviləm , məni gözəlləşdirən isə , bax bu bahalı geyimlərdir . Boş yerə deməyiblər ki , “ Gözəllik ondur , doqquzu dondur !”., – fikrə getdi , – bax , elə götürək …Nübarı ! O , məndən gözəldirmi ? Xeyr ! Amma …atasının aldığı bahalı geyim hesabına gözəl görünür , diqqət cəlb edir !
-Diqqəti başqa cür də cəlb etmək mümkündür , – Arzu ona baxıb gülümsədi , – savadla , ağılla, mədəniyyətlə , tərbiyə və əxlaqla …
-Yaxşı , Arzu , -ana birdən qızına tərəf döndü , – bəs…bəs özün üçün nə almısan?
Arzu cavab verməyə tələsmədi.
-Heç nə ! , – Sevil onun əvəzinə dilləndi . Pulumuz çatmadı.
Ananın üzü tutuldu.Söhbəti dəyişmək qərarına gələn Arzu şən səslə :
-Həə, indi də gəlin , birlikdə şam yeməyi yeyək , üçümüz də yorğunuq , acıq, – deyib mətbəxə keçdi .
Həvəslə süfrə hazırlamağa başladı.
Yemək zamanı Zəhra Arzuya baxıb :
-Qızım , – dedi , -ilk maaşından gərək özünə də bir şey alaydın , – dedi .
-Eybi yox , – ana , – Arzu gülümsədi , – ilk olmasın , sonrakı olsun. Gələn dəfə də özümə alaram.
-Puluna qənaət etsən yaxşı olar , – Sevilin qaşları çatıldı ,- gələn qışa qədər pul toplayıb, mənə təbii xəzdən kürk almalıyıq , – son tikəsini udub ayağa qalxdı , – isti çəkmələr də!
Əllərini yuyub otağına tərəf getdi . Dərs hazırlamağa həvəsi yox idi , indi o , tamam fərqli aləmdə idi . Özlüyündə :” Sabah Nübar mənə həsəd aparacaq!, – düşünürdü , – tək o yox , hamı! Mən hamıdan gözəl görünəcəyəm ! Hamının diqqəti məndə olacaq ! Hətta…hətta …Zaurun da ! Mənimlə söhbət etməyə , parkda gəzməyə cəhd edəcək …O zaman…o zaman …mən…mən də…özümü dartacağam ! Qoy həsrət onu incitsin! Yandırıb – yaxsın ! “ deyə şirin xəyallar qururdu.


Ardı var .

Govher Rüstemova
www.kafiye.net