HƏSƏD.  roman. davamı ( 34 )

Bir anlığa Nübara elə gəldi ki , Zaurun dəryatək dərin baxışlarında boğulub itəcək. Özündən biixtiyar o baxışlarda çapalamağa , nicat yolu axtarmağa başladı.
Tələsik sağollaşıb , artıq dayanacaqdan uzaqlaşmaqda olan avtobusa tərəf qaçdı. Arxa qapıdan içəri keçdi . Pəncərədən boylanıb yenidən Zaura tərəf baxdı . O baxışlar bayaqkı deyildi . Onlar sanki Nübara incik – incik “ Nə oldu , Nübar? Niyə məndən qaçdın ? Hisslərimi niyə anlamadın , Nübar ? “ deyirdi.
Avtobus aramla gedir , baxışlarsa onun inadına bir az da itilənirdi . 
Zaur ta gözdən itənə qədər avtobusun arxasınca baxdı. Sonra asta addımlarla , könülsüz evlərinə tərəf getməyə başladı.
Gördüklərinin təsirindən hələ də həyəcan içində olan Sevil ağacların arxasından çıxıb , tələsmədən dayanacağa gəldi . Növbəti avtobusu gözləməyə başladı. Getdikcə artan qəzəbi , kini fikirlərini bir – birinə elə qatmışdı ki , yerində sakit dayana bilmir , əsəbiliklə o tərəf – bu tərəfə vurnuxur , ətrafındakı insanları sanki görmürdü .
Avtobus dayanacağa yan alan kimi heç kimə əhəmiyyət vermədən , tələsik keçib qarşıdakı oturacağa əyləşdi . Pəncərədən bayaq Zaurla Nübarın dayandığı yerə qəzəblə baxdı , hikkəsindən dodaqlarını çeynədi .
Yol boyu gözləri arxada qalan binalarda , ağaclarda , maşınlarda olsa da , fikri tamam başqa yerdə idi .Onu maraqlandıran bir şey vardı : “ Niyə məhz Nübar ? Bu qız nə vaxta qədər qaratikan kolu kimi onun yolunu kəsəcəkdi ? Niyə hər şeyin ən yaxşısı onun qismətində idi? Niyə ?…Ehh…, – düşündü , – hanı ədalət ? , – həyat dediyimiz budurmu ? Birini hər barədə bəxtəvər yaradır , digərini isə…addımbaşı əzir , sıxır . Başqasının xoşbəxtliyini kənardan seyr etməyə vadar edir . Yox , – acıqla dişlərini bir – birinə sıxdı , – heç kim məni alçalda bilməz. Mən öz üstünlüyümü hamıya sübut edəcəyəm! Nübar…yox , Nübar , sən mənim qarşımda maneə ola bilməyəcəksən ! Nə hisslərimi , nə də sevgimi sənə fəda etməyəcəyəm”.
Gediş haqqını ödəyib , evlərinin yaxınlığındakı dayanacaqda avtobusdan düşdü . Fikirli – fikirli binanın girişinə daxil olub , pillələri qalxmağa başladı .Qapını açıb içəri keçdi . Nə Arzu , nə də anası hələ işdən gəlməmişdi .
Əynini dəyişib , əl- üzünü yudu . Mətbəxə keçib , bacısının səhər tezdən tələm – tələsik hazırladığı yeməyi isitdi . İştahı olmadığından , bir – iki qaşıq yeyib , boşqabı kənara itələdi . 
Otağına keçib , çarpayısına uzandı . Səssizlikdə gözlərini yumdu . İndi o , heç kəsi nə görmək , nə də eşitmək istəmirdi .Öz fikirləri , xəyalları , düşüncələri ilə təkbətək qalmaq istəyirdi .
Nübar bu gün evə tam fərqli bir əhvalda gəlmişdi ; bu vaxta qədər duymadığı , naməlum bir hiss sanki onu bir aləmdən alıb, başqa bir aləmə aparmışdı. Sirli- sehrli, möcüzəli bir aləmə…
Anasının həvəslə hazırladığı nahar süfrəsinə əyləşsə də , xəyalı fərqli məkanda idi . Hətta fikrini anasının söhbətinə də cəmləyə bilmirdi . Gözləri ona baxır , qulaqları isə heç nə eşitmirdi .
Qızının qeyri – adi davranışını hiss edən Rəfiqə :
-Qızım , yaxşısanmı ?, – soruşdu , – gözümə birtəhər dəyirsən , – dedi.
Qız fikrini özünə cəmləyib :
-Hə , ana , yaxşıyam , – dedi . Baxışlarını kənara çəkib , – bir az yorğunam , dincəlməyə ehtiyacım var .
Rəfiqə qızının üzündən öpüb saçlarını sığalladı:
-Yeməyini ye , get dincəl , qızım , – dedi , – özüm hər şeyi yığışdıracağam.
-Hə , – Nübar gülümsədi , – sabah bazar günüdür , – yatıb dincələrəm.
Birdən öz sözünə özü də duruxdu :” Sabah bazar günüdür…bazar günü…demək dərsə getməyəcək…və…Zauru görməyəcək…”
Uzun , qalın , sıx kirpikləri arasındakı iri qara gözləri yol çəkdi…
Sevil elə möhkəm yuxulamışdı ki , nə anasının , nə də Arzunun gəlişindən xəbər tutmamışdı .
Otağın qapısının yavaşca açıldığını hiss edib gözlərini açdı .Qaranlıqda Arzunun pıçıltısı eşidildi :
-Sevil…yatmısanmı ? …ay Sevil…
Qız pəncərəyə tərəf baxdı , artıq axşam düşmüşdü. Astadan :
-Hə , – dedi .
Arzu otağın işığını yandırdı . Bacısını qucaqlayıb :
-Səndən nə əcəb ? , – dedi . Bəs gecə kim yatacaq ?
Sevil tənbəl – tənbəl gərnəşib əsnədi .
-Sabah bazar günüdür , – Arzu sözünə davam etdi , – birlikdə şəhərə çıxarıq . Söz verdiyim kimi sənə təzə geyim , ayaqqabı alarıq .
-Yaxşı , – Sevil yatağından qalxdı .Özü də ən bahalılarını…
Əl- üzünə su çəkib , mətbəxdə çay içən anası ilə salamlaşdı.Tələsik şam yeməyi hazırlayan Arzu ona da bir stəkan çay süzüb masanın üstünə qoydu :
-Gəl sən də mürəbbəli çay iç , – dedi .
Sevil etiraz etmədən bacısının süzdüyü çayı içib , dərslərini hazırlamaq üçün yenidən otağına çəkildi.Əzbərlədiyi düsturları , qaydaları dönə – dönə təkrarlamağa , tapşırıqları yerinə yetirməyə başladı .
Ertəsi gün Arzu özü tezdən oyansa da , bacısını oyatmağa tələsmədi .Gecə yarısına qədər imtahana hazırlaşan Sevil elə şirin yatmışdı ki , qızın onu ayıltmağa ürəyi gəlmirdi.
Günəşin pəncərədən süzülən ilıq şüaları düz Sevilin çarpayısına düşürdü . Qız gözlərini açıb divar saatına baxdı, günortaya az qalırdı . Cəld yerindən qalxıb pəncərələri açdı . Otağa yazın saf havası doldu . Qapını açıb dəhlizə çıxdı . Başı səliqə – sahman işlərinə qarışmış Arzu onu görcək gülümsədi :
-Yatmış şahzadəmiz oyandımı ? , – dedi , – keç yuyun , səhər yeməyini ye , mən də hazırlaşım, – deyib əlindəki işi bir kənara qoydu.
Çox keçmədi ki , qızlar birlikdə evdən çıxıb şəhərin mərkəzinə , ardıcıl düzülmüş , geyim əşyalarının satıldığı mağazalara yollandılar.
Sevil sıralanmış , çeşidbəçeşid donları gözdən keçirir , dodaqlarını büzüb narazı halda başını bulayırdı. Satıcıların təklif etdikləri heç bir kostyumu, donu bəyənmir , özünə yaraşdırmırdı. Qiymətləri baha olsa da , hərəsində xoşuna gəlməyən nə isə tapıb , əda ilə satıcının üstünə atırdı . Bacısının ərköyün davranışından tutulan Arzu :
-Sevil , – dedi , – səbrli ol . Özünü darıxdırma , satıcılarla da kobud rəftar etmə. Onların vəzifəsi alıcıya mal təklif etməkdir . Seçim isə , təbii ki , alıcıya məxsusdur , – deyib asılqandakı tünd rəngli , güllü dona baxdı, – necə bilirsən , anamız o donu bəyənərmi ?
-Anamız ? , – Sevilin gözləri böyüdü .
-Hə , – deyib Arzu donu diqqətlə gözdən keçirdi , – məncə pis deyil. Əsl mövsümə uyğun , yaraşıqlı dondur .
-Anamız onu hara geyinəcək ? , – Sevil istehza ilə bacısına baxdı , – teatra , yoxsa restorana ? Bir də ki …bir də ki …məncə …pulu israf etmək lazım deyil . Hər halda , bu gün mənə görə evdən çıxmışıq . Bədxərclik etsək , mənə layiqli bir şey ala bilmərik , – deyib gözlərini süzdü 

Ardı var ..

Govher Rüstemova
www.kafiye.net