HƏSƏD  roman / davamı  33

Sevil Arzuya verdiyi vədə əməl edərək otağından çıxmır , gecə keçənə qədər düsturları , qaydaları əzbərləyir , tapşırıqları yerinə yetirirdi . Bilmədiklərini bacısından soruşub öyrənir , Nübara zəng vurmağı qüruruna sığışdırmırdı. “Nəyim ondan əskikdir ki ? , – düşünürdü, – özünü məndən savadlı görüb niyə qürrələnməlidir ? Yox ! Buna qətiyyən yol vermək olmaz ! Mən öz üstünlüyümü ona sübut etməliyəm ! , – deyib daha böyük inadkarlıqla imtahanlara hazırlaşırdı .
Ertəsi gün dərslərin bitməsinə az qalmış Nübara yaxınlaşıb :
-Yenə də dərsdən sonra dekanlıqda hesabat verəcəksənmi ? , – soruşdu .
-Hə , imtahanlara qədər hər gün yığıncağımız olacaq , – Nübar cavab verdi , – məni gözləmək səni yorurmu ? , – rəfiqəsinə baxıb gülümsədi .
-Yox , – Sevil ciddi tərzdə ona baxdı , – vaxt itirmək istəmirəm. Material çox , vaxt isə azdır . Dərsdən sonrakı gəzintiləri də hələlik təxirə salmaq istəyirəm. İndi qüvvəmi imtahanların hazırlığına yönəltməliyəm.
-Afərin ! , – Nübar onu qucaqladı , – bax bu , başqa məsələ. İndi döndün oldun əvvəlki Sevil , – rəfiqəsinin üzündən öpdü , – inanıram ki , ən qısa zamanda qrupunuzun əlaçı tələbələri sırasında olacaqsan. Sənin buna qüvvən də , bacarığın da , savadın da imkan verəcək.
“ Gör necə sevinir ?! , – Sevil zəndlə ona baxdı , – əlbəttə …parkda Zaurla mənsiz gəzmək istəyir …”, – düşünüb rəfiqəsini acıqla süzdü.
Zəngin vurulduğunu eşidən Nübar :
-Sənə uğurlar , əzizim! , – deyib Sevilin üzündən öpdü , – nə çətinliyin olsa , çəkinmədən mənə de , yaxşımı ? , – dedi və auditoriyaya tərəf getdi.
Arxasınca kinayə ilə baxan , ta otağa keçənə qədər acıqlı baxışlarla onu müşayiət edən Sevil də öz auditoriyalarına qayıtdı . 
İndi o , həmişəkindən fərqli olaraq , müəllimi daha diqqətlə dinləyir , lazımi qeydlər aparırdı . Yeni mövzular ona nəinki maraqsız gəlmirdi , əksinə , diqqətini çəkirdi .
Dərs bitən kimi dəftər – kitabını çantasına yığıb , arxaya , Zaura tərəf döndü. Dostları ilə şirin söhbət edən Zaur isə ona tərəf baxmır , masasının üstünü yığışdırır , dekanlığa getməyə tələsirdi. . Nübarla eyni məkanda əyləşmək , qızın gözəl çöhrəsini görmək , ecazkar səsini dinləmək ona elə anlar yaşadırdı ki …saatlarla o hisslərin sehrindən çıxa bilmir , dönə – dönə həmin məqamları xatırlamaq istəyirdi . Qız onu sözün əsl mənasında ovsunlamışdı.
Zaurun dostları ilə sağollaşıb , tələsik otaqdan çıxması Sevilə möhkəm əsər etdi . . Hər dəfə ondan özünə qarşı etinasızlıq gördükcə mənən əzilir , sıxılırdı . Sonradansa o hisslər kinə , qəzəbə çevrilərək , onu daxildən sarsıdırdı.
Özlüyündə “ Eybi yox , Zaur , – düşündü , mən sənin qəlbinə yol tapacağam . Nəyin bahasına olursa – olsun , tapacağam ! Səni heç kimlə paylaşa bilmərəm !” , – deyib çantasını götürdü , çıxışa tərəf getdi .
Dəhlizə çıxan zaman kənardan Nübarın hesabat vərəqini oxuya – oxuya , məşğul halda dekanlığıa tərəf getdiyini gördü . Elə bu an pəncərənin qarşısında dayanan Zaur tələsik onun ardınca düşdü , yaxınlaşıb nəzakətlə salamlaşdı .
Fikri əlindəki vərəqdə olan Nübar da başını qaldırıb , onunla mehribancasına salamlaşdı , birlikdə dekanlığa daxil oldular .
Sevilin qaşları çatıldı. Gördükləri onu ciddi narahat etməyə başladı.” Bayaqdan otaqdan çıxan Zaur niyə dəhlizdəki pəncərənin qarşısında idi ? Niyə Nübarı görən kimi arxasınca getməyə başladı ?Niyə onu görəndə üzünün ifadəsi dəyişir ? Aman ! Yoxsa …Yox , yox ! Ola bilməz ! “ həyəcanlanmağa başladı .
Evə getmək fikrindən daşınıb , xəlvəti bir yerə çəkildi .
Dekanlıqda ağız deyəni qulaq eşitmirdi ; hamı tələsik hesabat verib evə getmək istəyirdi .
Zaurla Nübar arxadakı oturacaqlarda yanaşı əyləşdilər . Dekan müavininin gəlişi ilə otağa sakitlik çökdü .
Qrup nümayəndələri bir – bir hesabat verməyə başladılar . Nübar hamını diqqətlə dinləyir , bəzən icazə alaraq onların fikirlərinə müdaxilə edir , maraqlı ideyalar irəli sürürdü . Dekan müavini gülümsəyib , onun dediklərini başı ilə təsdiqləyirdi .Maraqlı düşüncələri , fikirləri ilə əksər hallarda razılaşırdı.
Zaur …Zaur isə fərqli aləmdə idi …
Hesabatdan sonra birlikdə dekanlığı tərk edib dəhlizə çıxdılar . Nübar Zaurla sağollaşıb çıxışa tərəf gedirdi ki , Zaur onun qolundan ehmallıca tutub:
-Nübar , – dedi , – etiraz etmirsənsə , səni dayanacağa qədər ötürüm . Mənim də yolum parkın içindən keçir . Bir az təmiz hava alıb . söhbət edərik . Sonra səni dayanacağa qədər ötürərəm. Hə ? Nə deyirsən ?
Gözlənilməz təklifdən qız tutuldu :
-Mən tələsirəm , Zaur , – dedi . Başqa vaxta qalsın. 
-Elə mən də tələsirəm , – Zaur gülümsündü , – onsuz da eyni yolu gedirik .Burda qeyri – adi nə var ki ?
-Heç…Heç bir şey yoxdur , – Nübar çaşqınlığını gizlətməyə çalışdı , – yaxşı , gedək. 
Birlikdə institutun binasından çıxıb parka tərəf getməyə başladılar . Nübar düşdüyü anlaşılmaz vəziyyətdən sıxılsa da , bunu büruzə verməməyə çalışırdı. 
Parkın girəcəyinə çatanda :
-Amma , burda çox yubanmayq , – dedi , – anam nigaran qalar . Həm də …Həm də …
-Həm də , nə ? Mənimlə yanaşı addımlamaq sənə …
-Yox , elə deyil , – qız vəziyyətdən çıxmağa çalışdı , – bilirsən , atam xəstəxanadan təzə çıxıb. Evə gəlib – gedənlər olur . Anam …
-Aydındır , – Zaur onun sözünü kəsdi .
Sevilin onun ailəsi barədə dediklərini xatırladı. Qızın ailəsində yaşanan problemləri yadına salıb fikrə getdi . Sevilin uydurmalarına inandığından qızın halına təkrar acıdı.
-Bilirsən , – Nübar onu fikirdən ayırdı , – atam bir neçə ay əvvəl güclü avtomobil qəzası keçirib. Vəziyyəti olduqca ağır idi , sağ qalacağına ümid yox idi , – dedi .
Zaur özlüyündə “ Aman ! , – düşündü , – gərək ki , Sevil onun atasının içki düşkünü olduğunu deyirdi …Yəqin… avtomobili içkili halda idarə edib… , – dönüb qıza baxdı , – həm də deyirdi ki , kişi əyyaşlıq edir , ailəsinə baxmır … heyf , Nübar belə həyata layiq deyil…”.
-Anam həmin günlərdə çox əziyyət çəkirdi …, – Nübarın gözləri doldu .
“ Yazıqlar ! , – Zaur düşündü , – gör ana – bala necə zülm çəkirlər …”
-Anam hər əziyyətə qatlaşırdı , – Nübar sözünə davam etdi, – təki atama bir şey olmayaydı.
“Əhsən belə qadına ! , – Zaur düşündü , – hətta evinə , ailəsinə baxmayan kişiyə belə sədaqət göstərib . Hər zəhmətinə , əziyyətinə dözüb !”.
-Hə , dayanacağa çatdıq , – deyib , Nübar qarşıdan gələn avtobusu göstərdi , – odur , avtobus da yaxınlaşır . Hələlik , – deyib mehribanlıqla Zaurun gözlərinə baxdı .
Vurğunluq , məmnunluq , heyranlıq dolu o baxışar …qızı bir anlığa duruxdurdu . Gözlər sanki dilə gəlmişdi , danışırdı .Dilin izah edə bilmədiklərini sanki baxışar anlatmağa çalışırdı.O gözlər, o baxışlar …indi ona çox sözlər deyirdi …Heç kimin , heç zaman söyləmədiyi sözləri …
Bu an…hər ikisi xəbərsiz idi …Arxalarınca xəlvəti gələn , onlara xəlvəti göz qoyan , qəzəbli baxışlarla , gizlicə hər addımlarını izləyən Sevildən xəbərsiz idi …

Ardı var 

Gövher Rustamova
www.kafiye.net