HƏSƏD  roman  / Devamı 32

Hətta gözlərindən ara – sıra yanağına süzülən damlalardan da xəbərsiz idi . Xəyalında zaman – zaman qurub – yaratdığı xoşbəxtlik sarayı indi kərpic – kərpic sökülüb dağılırdı…Hər şey , hər şey gözlərində mənasızlaşır , dəyərdən düşürdü .” Həyat çox qəribədir , – fikirləşirdi , – ətrafında saysız – hesabsız sevənlərin olar ,sənsə…tək birinin oduna yanarsan. Çoxluğun arasında səni milyon göz axtarar , sənin gözlərinsə tək birini arayar …Bayramlarda , ad günündə gül – çiçək yağışına bürünər , təbriklər içində itib – batarsan , sənsə …tək birinin təbrikini gözləyərsən…Və…o “ biri “ gözlərini yolda qoyar , sənə acılar yaşadar. O acıları dada – dada yenə şirin xəyallar qurarsan , “o “nu arayarsan. …Maraqlıdır , insan çox vaxt onu sevib – əzizləyənə deyil , oda – alova yaxana meyllənir…Eh …Çingiz …Çingiz …hər şeyi məhv etdin…Əslində …əslində qınamıram səni…yox , qınamıram …, – əli ilə gözünün yaşını sildi , -ürəyə …zor yoxdur! Seçimi özü edir …Yumruq boyda olsa da , hökmü böyükdür …Ən zəhmlini , əzəmətlini , vüqarlını belə yumşaldıb muma döndərir …Mənim ürəyim səni , sənin ürəyinsə …onu seçdi …Nə etməli ? Həyatın izah olunmayan qanunlarından biri də bu…”
-Siz hələ də burdasız , Könül xanım ?, – xadimənin səsinə xəyaldan ayıldı , – İşləriniz çoxdurmu?
-Yox , Sevda xala , çox deyil , – deyib Könül çantasından yaylığını çıxartdı. Qadın görməsin deyə üzünü yana çevirdi. Dərindən içini çəkib , gözlərini quruladı. 
-Könül xanım …, – qadın ona yaxınlaşdı , – bir şey olmayıb ki ? , – narahatlıqla soruşdu .
Qız buna bəndmiş kimi “ Olub , Sevda xala ! Olub ! “ deyib elə hönkürdü ki , qadın çaşbaş qaldı.
-Hər şey məhv olub ! Arzularım da , xəyallarım da , həyatım da …Hər şey ! Hər şey ! Eşidirsiz , hər şey !, – Könül fasiləsiz danışır , yanaqlarına aramsız süzülən göz yaşlarına hakim ola bilmirdi .
Heç bir şey anlamayan xadimə ona təəccüblə baxır , nə edəcəyini bilmirdi . İllərdən bəri qürurlu , zəhmli , ədalı insan kimi tanıdığı Könülün bu halından baş açmırdı.İlahi , nə baş verirdi görəsən ? 
Çəld əllərini yuyub – quruladı . Masanın üstündəki qrafindən stəkana su süzdü, Könülə uzadıb:
-Al , iç qızım , – dedi , – sakitləş .Hələ cavansan , bərkə – boşa düşməmisən…Həyat…Həyat qəliz bir şeydir , mənim balam ,- deyib köks ötürdü , – hər şey …bizim istədiyimiz kimi olsaydı , nə vardı ki…
Könül sudan bir qurtum içib stəkanı masanın üstünə qoydu .Xadimənin heç zaman əhəmiyyət vermədiyi ağ saçlarına , çuxura düşmüş kədərli gözlərinə baxdı . Onlarda sanki dünyanın dərd – qəmi cəmlənmişdi .” Bu vaxta qədər bunları niyə görməmişəm? , – düşündü , – qadının yaşı o qədər də çox deyil , amma…üz – gözündən , qəm- qüssə yağır …”
-Bax , qızım , bir düşün , – xadimə onun saçlarını tumarladı , – axşam düşən kimi hamı ev – eşiyinə yığışır …Səncə , mən…ali təhsilli mühəndis …niyə burdayam?
Könülün qaşları çatıldı . Təəccübünü gizlətmədi :
-Ali təhsilli mühəndis? – gözləri böyüdü .
-Bəli …, – qadın ah çəkdi .İki oğlan uşağını tək böyüdürəm…Səbəbini deməyəcəyəm…Onları layiqli övlad kimi böyüdüb, oxutmaq üçün dəridən- qabıqdan çıxıram, – acı – acı gülümsədi , – səhər tezdən uşaqları dərsə yola salıb , özüm layihə institutuna yollanıram. Səkkiz saatlıq işdən sonra isə , evə tələsirəm. Balalarımın çayını – çörəyini verib , bax bura gəlirəm…Otaqları silib – süpürməyə…
-Bağışlayın , Sevda xala , – Könül onu qucaqladı , – deyəsən dərdinizi təzələdim .
-Mənim dərdimin heç köhnəldiyi olubmu ki ? , – qadın yerindən qalxdı . Demək istədiyim başqa şeydir , qızım. Həyatın acısı da var , şirini də .Xoşbəxt həyat yalnız nağıllarda , filmlərdə olur . İnsan yaşadıqca hər cür gözlənilməzliklərlə rastlaşır.Onları üsyanla qarşılamaq yox , sadəcə ağıllı çıxış yolu axtarmaq lazımdır. Mübariz insanlar çətinliklərlə üzləşsələr də , nəticədə qazandıqları itirdiklərindən çox olur, – deyib önlüyünü taxdı . Başını aşağı salıb , otağı yığışdırmağa başladı .
Könül bir söz deməyib, çantasını yığdı . Sağollaşmazdan əvvəl bir də dönüb fikirli – fikirli otağı yığışdıran qadına baxdı.Astadan :
-Sağ olun , Sevda xala , – dedi . Sabah görüşənədək…
Qadın başını qaldlrıb gülümsədi :
-Yaxşı yol , qızım. İşlərin avand olsun.Darıxma , hər şey qaydasına düşəcək, – dedi.
Könül pillələri ağır – ağır enir , xadimədən eşitdiklərini fikrində götür – qoy edirdi . Çiyinləri sanki dağ boyda bir yük daşıyırdı .Bu yükün ağırlığına zərif çiyinləri tab gətirə biləcəkdimi? Puç olmuş arzularına , xəyallarına birdəfəlik əlvida deyə biləcəkdimi ? Çingizlə Arzunun xoşbəxtliyini kənardan seyr edib , özünü məmnun kimi göstərə biləcəkdimi ? Qəribədir…Həmişə vüqarlı görünüşü , yaraşıqlı görkəmi , səliqəli , dəbli geyimləri ilə seçilən bu qız …indi sadə , adi geyimli, başıaşağı birinə …həsəd…sözün əsl mənasında həsəd aparırdı .
Çingiz maşını Arzugilin binasının lap yaxınlığında saxladı. Qız təşəkkür edib maşından düşməyə hazırlaşarkən , ona tərəf dönüb :
-Arzu , – dedi , – bir təklifim var .
-Buyurun , Çingiz müəllim , – qız duruxdu .
-Gəlin , sabahdan aramızdakı rəsmiiyətə son qoyaq . Bir – birimizə “ sən “ deyə müraciət edək.Hə ? Necə bilirsən?,- Çingiz gülümsəyib Arzunun gözlərinə baxdı.
Gözlənilməz söhbətdən özünü itirən Arzu çaşqınlıqla baxışlarını kənara çəkdi.
-Sən …Sən çox yaxşı qızsan Arzu , – Çingiz davam etdi , – Və …yadında bir şeyi möhkəm saxla ! Məndən sənə zərrə qədər xətər toxuna bilməz ! , – gülümsədi , – Sənə qarşı münasibətim saf və təmizdir . Hələlik bu qədər . İndi isə , get . 
-Mən…Necə…Mən …, – Arzunun dili dolaşdı .
-Sən hər cür xoşbəxtliyə layiq qızsan , Arzu , – Çingiz yenidən ona baxdı , – və…ola bilsin ki , yaxın vaxtlarda …bu evə …qonaqlarınız gəlsin , – gülümsədi , – yaxşı , bugünlük bəsindir , – deyib güldü .
-Salamat qalın ! , – deyib Arzu cəld maşından düşdü .
Sürətlə addımlayıb binanın girişinə daxil oldu .Divara söykənib nəfəsini dərdi . Ürəyinin döyüntüsü sanki qulaqlarında eşidilirdi . Həyəcandan əl- ayağı əsirdi . Çingizdən eşitdikləri fikrində fasiləsiz dolanmağa başladı :” Ola bilsin ki …yaxın vaxtlarda , bu evə qonaqlarınız gəlsin…qonaqlarınız gəlsin…! Aman Allah ! Çingiz bununla nə demək istəyirdi ? Yoxsa …
Qız beynini çulğalamış sonsuz sayda suallar qarşısında aciz qalmışdı . Bu nə idi axı ? Həyat onun üçün nə hazırlayırdı ? 
Pillələri ehmalca qalxıb qapının zəngini basdı . Qapını açan anasını qucaqlayıb bağrına basdı. Dönə – dönə öpməyə başladı . Ana qızının həyəcandan əsən buz kimi soyuq əllərini ovcuna aldı :
-Sənə nə olub , qızım ? , – dedi .Niyə titrəyirsən ?
-Heç , ana …, – qız özünü ələ aldı , – bu gün…bu gün ilk əməkhaqqımı almışam.
-Təbrik edirəm , mənim balam , – Zəhra qızının gözlərindən öpdü ,- xeyirli olsun!
-Həə, bax bu , yaxşı xəbər oldu , – Sevil yan otaqdan çıxdı . Gözləməkdən gözümün kökü saraldı . Bazar günü mağazalara çıxıb mənə yeni əyin – baş alarıq.Köhnələrdən bezdim lap!
-Yaxşı , – Arzu gülümsəyib otağa keçdi , – sənə ürəyin istədiklərini alarıq , – deyib aldığı məvacibi stolun üstünə qoydu , – Ana , – dedi , – bu pulları lazım bildiyin şəkildə xərcləyə bilərsən.
Ananın gözləri doldu :
-Sağ ol , qızım , – dedi , – ruzin bol olsun.
Sevil cəld pulları götürüb saydı :
-Aha , – pis deyil , – dedi , – bunlara həm don , həm də ayaqqabı almaq olar . Qalanına da , bəzək əşyaları alarıq .
Ana pulları ondan alıb Arzuya verdi .
-Bacın tədbirli qızdır , – dedi , – özü hər şeyin yönünü – yolunu yaxşı bilir , – dedi .
Arzu qaşları çatılmış Sevilə baxıb güldü :
-Darıxma , – dedi , – sənə ürəyin istəyən hər şeyi alacağam . Amma bir şərtlə , dərslərindən yalnız yaxşı qiymətlər almalısan, oldumu ?
-Oldu , – Sevilin gözləri güldü .
Şam yeməyindən sonra hərə öz işi ilə məşğul idi . Arzu isə…hələ də Çingizdən eşitdiklərinin qeyri – adi təsirindən çıxmamışdı. .

Ardı var 

Gövher Rustamova 
www.kafiye.net