HƏSƏD  roman/davamı  31

Bacısını sevinclə qarşılayan Arzu onu bikef görüb:
-Çox yorğunsanmı ? , – soruşdu , – gəl , əl – üzünü yu , birlikdə şam edək , – dedi .
Sevil daxili sarsıntılarını büruzə verməyib :
-Yox , – dedi , – bir az dincəlmək istəyirəm , – deyib birbaşa öz otağına keçdi.
Nübarın dəftərlərini masanın üzərinə yığıb bir – bir gözdən keçirməyə başladı. Düsturları , tənlikləri , riyazi hesablamaları gördükcə qızı dəhşət bürüyürdü : İlahi , qısa müddət ərzində bütün bunları necə mənimsəyib yadda saxlayacaqdı? Kurs işlərini necə yazacaqdı?…
Qapının astadan açıldığını görüb:
-Gəl , Arzu , – dedi , – dəftərləri yenidən vərəqləməyə başladı .
Arzu bacısını dərs hazırlayan görüb təəccübləndi :
-Səndən nə əcəb ? , – dedi .
-Qarşıdan ciddi imtahanlar gəlir , – Sevil könülsüz cavab verdi . Bu qədər dərsi necə öyrənib yadda saxlamaq olar ?
-Onları ilboyu, tədricən öyrənmək lazım idi , əzizim , – deyib ,Arzu qalın dəftərlərdən birini əlinə aldı .Yazıları diqqətlə gözdən keçirməyə başladı , – əgər ciddi səy göstərsən, mən sənə kömək edərəm, – dedi . 
-Doğrudan? , – Sevilin gözləri güldü .
-Əlbəttə . Mən bunların hamısından “ əla “ qiymətlər alırdım, – Arzu stulu çəkib əyləşdi , – indi də işlərimin icrasında bu biliklər köməyimə gəlir . Müdiriyyət də işimdən razıdır , hətta əməkhaqqından əlavə pul mükafatı vermək fikirləri də var . Bilik, savad insana həmişə başucalığı gətirir …
-Nə yaxşı ! , – Sevil bacısını qucaqladı , – mənə daha bahalı geyimlər alarıq!Qoy hamı mənə baxıb həsəd aparsın!
-Sevil! , – Arzu ciddi görkəm aldı , – çalış sənə geyiminə görə deyil , tərbiyənə , davranışına , əxlaqına , savadına görə həsəd aparsınlar. Səmimiyyətin, mehribanlığın, qayğıkeşliyin ilə diqqət cəlb etməyə çalış , geyiminlə yox , – saata baxdı , – bir az dincəl , bu düsturları bir – bir sənə izah edim. Söz verirəm, həvəslə yanaşsan, qısa müddət ərzində bunların hamısını mənimsəyəcəksən, yetər ki, istəyin olsun.
-Yaxşı , – Sevil başı ilə razılığını bildirdi , – gecəmi gündüzümə qatıb oxuyacağam.
-Afərin! , – Arzu bacısını bağrına basdı, – yaxşı olar ki , dərsdən çıxıb , birbaşa evə gələsən. Rəfiqəngilə getməyin mənası yoxdur . Bunları öyrənməkdə mən sənə kömək edəcəyəm, – deyib otaqdan çıxdı . 
Sevil bacısının dediklərini özlüyündə götür – qoy etməyə başladı. Əslində , dərslərini Nübarla hazırlamaqdansa , evdə , Arzu ilə hazırlamağa daha çox üstünlük verirdi . Rəfiqəsinin qarşısında qürurunun sınmasını istəmirdi . Amma…İnstitutdan çıxıb evə gəlmək onun bütün planlarını alt – üst edə bilərdi ; Zaurla münasibətində sərinlik yaranardı, əvəzində oğlanın fikri Nübara tərəf yönələ bilərdi .Nə etməli ?…Onlar bir – birini yaxından tanıyıb bələd olsalar , işlər gözlənilməz şəkil ala bilərdi…
-Ehh…niyə hamının hər işi yolunda gedir ? Mənimsə …, – köks ötürdü .
Həmin gecə həqiqətən də Arzu bacısına çox kömək etdi , bimədiklərini izah edib, dəfələrlə təkrarlatdı .
Sevil məktəbdə dərs əlaçısı olduğundan bacısının izahatlarını tez anlayıb qavrayırdı . Arzu onu təriflədikcə , daha da həvəslənir , dərsə marağı artırdı .
Arzu şöbənin bütün işçilərinin sevimlisinə çevrilmişdi . Sadə , səmimi davranışına , işgüzarlığına görə hamı ondan razı idi . Təkcə …Könül …Könül onunla rəsmi davranır , dostyana münasibətin yaranmasına qəti imkan vermirdi.Qızın şöbədə getdikcə artan hörməti onu daha da qıcıqlandırırdı .
Səhər aylıq əməkhaqllarının verilməsi xəbəri Arzunu çox sevindirdi . Həyatında ilk dəfə olaraq əməyinin bəhrəsini görəcəkdi . Daxilində sevinc qarışıq bir həyəcan hissi də vardı .Ən əsas da …anası sevinəcəkdi . “ Bircə onun yükünü yüngülləşdirə bilsəydim, – düşünürdü , – yazıq çox əziyyət çəkir…”
Günün sonunda Arzunun digər işçilərdən xeyli artıq əməkhaqqı alması Könülü çox təəccübləndirdi , hətta düşünməyə də vadar etdi . Dəqiq anlamasa da , son nəticədə səbəbi Çingizin qıza olan xüsusi münasibətində görürdü. 
İş saatı bitdikdən sonra bir qədər yubanmağı qərara aldı . 
Hamı şöbədən çıxdıqdan sonra Arzu da çantasını yığıb evə getməyə hazırlaşırdı. Otaqda təkcə qalmış , özünü işlə məşğul kimi göstərən Könülə baxıb :
-Siz hələ getmirsiniz ? , – soruşdu .
Qız başını qaldırıb acıqla onu süzdü :
-Yox , işim çoxdur , – dedi .Siz gedin.
Arzu sağollaşıb otaqdan çıxdı . Könülün ona qarşı münasibəti qızı məyus edirdi . Onun qəlbinə necə yol tapacağını dəfələrlə düşünüb , götür – qoy etsə də , heç nəyə nail ola bilmirdi . Könülün ürəyi onunla barışmırdı ki , barışmırdı …
Arzu bir neçə pillə enmişdi ki , Çingizin səsini eşitdi . Duruxub addımlarını yavaşıtdı. Onun otağına keçməsini gözlədi . Çingiz isə , əksinə , otağının qapısını bağlayıb , şirkətdən çıxdı . 
Sükan arxasına əyləşib , avtomobili işə saldı . Güzgüdə şirkətin qapısına tərəf baxdı , Arzunun çıxacağını gözləməyə başladı . 
Çox keçmədi ki , Arzu tələsik addımlarla binadan çıxdı və avtobus dayanacağına tərəf getməyə başladı. Bir neçə addım getmişdi ki , yanında dayanan tanış maşından tanış səs gəldi:
-Arzu xanım , keçin əyləşin . Mən də sizin tərəfə gedirəm. Yolüstü sizi də evinizə qədər apara bilərəm.
Qız özünü itirdi . Rəngi dəyişdi .Yanaqları pörtdü :
-E …e…mənə görə narahat olmayın , – dedi , – mən…mən…avtobusla gedəcəyəm, – deyib başını aşağı saldı .
-Keçin , keçin əyləşin , – deyib Çingiz onun sözlərinə məhəl qoymadan arxa qapını açdı. Vəziyyəti yüngülləşdirmək məqsədilə zarafata keçdi , – maaş almısınız , avtobusa minməyiniz məsləhət deyil , – deyib güldü .
Arzu da gülümsədi . Etiraz etməyin yersiz olduğunu görüb, arxa oturacağa əyləşdi. 
Maşın yerindən tərpəndi .Bütün bunlar …pəncərədən onları xəlvəti izləyən Könülün gözləri qarşısında baş verirdi ….
Qız pəncərə qarşısında donub qalmışdı. Heç vaxt xəyal etmədiyi , ağlına gətirmədiyi bir mənzərə onu mat qoymuşdu…

Ardı var 

Gövher Rustamova
www.kafiye.net