HƏSƏD  roman/ davamı  30

Gördüklərindən bir anlığa sarsılsa da , özünü sındırmamağa çalışdı . Onlara yaxınlaşıb, çöhrəsinə süni təbəssüm verdi :
-Elə bilirdim çox çəkəcək , – dedi , – hə , gedəkmi ?, – Nübarın qoluna girdi .
-Gedək , – Nübar etiraz etmədi , – amma , parkda çox yubanmayaq . Biz həm istirahət etməli , həm də dərslərimizi hazırlamalıyıq .
Birlikdə institutun binasından çıxdılar.Zaur qızların söhbətinə müdaxilə etmir , parkdakı bəzək ağaclarını , al – əlvan gülləri məmnunluqla seyr edir , quşların səsini dinləyirdi . Özünü bu məkanda Nübarla , yalnız və yalnız Nübarla görmək istəyirdi .
Sevil özünü Nübarı dinləyirmiş kimi göstərsə də , fikri Zaurda idi . Rəfiqəsinin onlara qoşulması heç ürəyinə yatmırdı .
Nübar isə parkda gəzməkdən çox , evə getmək , Sevilə dərslərini hazırlamaqda kömək etmək barədə düşünürdü .
Zaurun qrup nümayəndəliyi ilə bağlı sualı onu fikirdən ayırdı .Dönüb diqqətlə onun gözlərinə baxdı . Baxışlarında ciddiyyət , məsuliyyət , çalışqanlıq , qətiyyət oxudu . 
Zaur verdiyi tutarlı suallara tutarlı da cavablar gözləyirdi . Nübarı diqqətlə dinləyir , qızın söylədiklərini öz beyninin süzgəcindən keçirirdi .Onların belə işgüzar söhbəti Sevilə heç də maraqlı gəlmir , əksinə bezdirirdi . Söhbəti dəyişmək üçün fikrində mövzular düşünür , münasib məqam axtarırdı . .
Nəhayət , parkın qurtaracağına çatanda Nübar saata baxdı :
-Aman! , – dedi , – yubanırıq . Bir azdan axşam düşəcək . Təcili evə getmək lazımdır . Anamız da nigaran qala bilər. Həm də …, – Sevilə baxdı , – bacımla dərslərimizi hazırlamalıyıq.
Sevil dodağını büzdü . İstəməsə də , razılaşmağa məcbur oldu .
Həmişəki qaydada qızlar avtobusla öz yollarına , Zaur da öz yoluna davam etdi .
Rəfiqə qızları gülər üzlə , mehribanlıqla qarşıladı . Sevilin üzündən öpüb , saçlarını sığalladı.
Qızlar əl – üzlərini yuyub otağa keçənə qədər onlar üçün gözəl bir nahar süfrəsi hazırladı . Hər cür qulluqlarında durdu .
Qızlar bir qədər dincəlib , istirahət etdikdən sonra Nübarın otağına keçdilər . Burda qızın həm rahatlığı , həm də dərs hazırlaması üçün hər bir şərait yaradılmışdı.
Nübar kitablarını , mühazirələrdə apardığı qeyd dəftərçələrini masanın üzərinə qoyub :
-Hə , indi də , keçək dərslərimizə , – dedi . Əvvəlcə de görüm , əsas çətinliklərin nədədir ?
Sevil gözlərini döydü . Nə cavab verəcəyini bilmədi . Axı o, son zamanlar nə mühazirələri dinləyir , nə də qeydlər aparırdı . 
Rəfiqəsinin tutulduğunu görən Nübar bir qədər yumşaq tərzdə :
-Bilirsən , – dedi , – məndə imtahana düşəcək suallar var . Gəl onlardan başlayaq . Bir – birimizi sual – cavab edək .Bilmədiklərimizi yenidən təkrarlayaq .
Sevil naəlac qalıb , başı ilə razılıq bildirdi .
Nübar ən sadə suallardan başlasa da , Sevil onların heç birinə cavab verə bilmir , maddım – maddım rəfiqəsinin üzünə baxırdı .Bir neçə gün əvvəl müəliminin tənbehlə dediyi sözlər indi öz təsdiqini tapırdı . Sevilin dərs barədə həqiqətən də ciddi problemləri vardı.
Nübar rəfiqəsinin düşdüyü bu acınacaqlı hala narahat olsa da , onu pərt etməməkdən ötrü təmkinini pozmur , sualların qoyuluşunda dəyişikliklər edirdi . 
İstədiyi nəticəni görmədikdə :
-Sevil , – dedi , – sən məgər mühazirələri dinləyib , qeydlər aparmamısan?
Sevil çiyinlərini çəkdi :
-Yox … mən yalnız dinləyirdim…
-Axı…sən…ən adi suallara cavab verə bilmirsən…, – Nübarın qaşları çatıldı , – Nə baş verir , Sevil? Bəlkə …bəlkə , səni narahat edən nəsə var ? Utanma , de . Mən sənə həmişə kömək etməyə hazıram .
-Yox , məni heç nə narahat etmir , – Sevil ciddi görkəm aldı , – indi yorğunam . Ola bilsin, ona görədir .
Nübar rəfiqəsini çıxılmaz vəziyyətə salmamaqdan ötrü özünü deyilənlərə inanırmış kimi göstərib:
-Hə , ola bilər , – dedi . Amma imtahanlara çox az vaxt qalır . Gəl var qüvvəmizi toplayaq , ciddi hazırlaşaq .
Bütün dəftərlərini masanın üzərinə yığdı .
Dərs ilinin əvvəlindən bəri keçdikləri əsas mövzuların qısa qeydlərini ona verdi :
-Bax , bacı , – dedi , bunları evə çatan kimi yaxşıca öyrən . Nəyi başa düşməsən, zəng vur , soruş. Yaxşımı ? Sabah yenə sənə suallar verəcəyəm. Darıxma , biz bütün çətinlikləri birlikdə dəf edəcəyik . Sən savadlı , bacarıqlı qızsan . İnanıram ki , imtahanlardan da yaxşı qiymətlər alacaqsan. 
Sevil dəftərləri götürüb , ayağa qalxdı :
-Yaxşı , – dedi , – anamgil nigaran qalar , mən gedim. 
Qapıya tərəf yönələndə Rəfiqə əlində bükülü bir bağlama ona yaxınlaşdı:
-Al , qızım , – dedi , – şirniyyatdır.İndi bişirmişəm. Ananla bacını da qonaq edərsən .
Sevil razılıq edib Nübargildən çıxdı . Evlərinə tərəf ağır – ağır addımlamağa başladı.Düşdüyü vəziyyət onu çox sıxırdı; bir tərəfdən Zaurla Nübar arasında yaranan mehriban münasibət , digər tərəfdən isə , dərslərindən günbəgün geriləməsi , rəfiqəsinin sualları qarşısında aciz qalması onu çox pərişan etmişdi . Özü özünə necə də miskin görünürdü …

Ardı var.

Gövher Rustamova
www.kafiye.net