HƏSƏD. roman / davamı 28

Günün sonunda işçilərin şöbədən çıxıb getdiyinə tam əmin olan Arzu Könüllə danışmaq qərarına gəldi . 
Sakitcə onun masasına yaxınlaşıb :
-Könül xanım , – dedi , – vaxtınızı bir neçə dəqiqə almaq olarmı ?
-Deyəcəklərin iş barəsindədirsə , buyur , – Könül ona tərəf baxmadan , ötkəm cavab verdi .
-Nə deyim…, – Arzu tutuldu , – həm iş barəsindədir , həm də…
-Tələsirəm…qısa söhbətdirsə , dinləyə bilərəm , – Könül yenə rəsmi cavab verdi.
Arzu ürəklənib bir az da irəliyə gəldi :
-Bilirsiniz , – sıxıla- sıxıla danışmağa başladı , – mənə elə gəlir ki …sizin bugünkü narahatlığınızın səbəbkarı mənəm. Amma …inanın mənə…
-Hansı narahatlığın ? , – Könül acıqla ona baxdı .
-Məncə …dünən mənə verdiyiniz qovluğa görə …Çingiz müəllimlə aranızda xoşagəlməz söhbət olub …
-Eləmi ? , – Könül istehza ilə gülümsədi , – məncə , müdirlə mənim aramda olan söhbətin heç kimə aidiyyatı yoxdur !
-Doğrudur , – Arzu razılaşdı , – amma …mənim ucbatımdan xoşagəlməz nəsə olubsa , sizdən üzr istəməyə və vəziyyəti izah etməyə hazıram .
-Ehtiyac yoxdur ! , – Könül çantasını yığmağa başladı , – olan oldu , keçən keçdi .
-Mən işi vaxtında təhvil vermək üçün qovluğu evə aparıb , bütün gecəni işləmək qərarına gəlmişdim , başqa çıxış yolum yox idi , – Arzu günahkar görkəm aldı , – amma bunu icazəsiz etməməli idim. Başım işə qarışdığından vaxtın necə keçdiyini hiss etməmişdim. Hava artıq qaralmışdı. Qovluqla bərabər şöbədən çıxanda təsadüfən Çingiz müəllimlə rastlaşdım . İşdən sonra niyə bu qədər yubanmağımın səbəbini soruşdu . Mən də…mən də , məcbur olub…həqiqəti danışmalı oldum , – əslində…danlanmalı siz yox , mənəm. Sənədləri icazəsiz götürməməliydim.
-Maraqlıdır , – Könül qaşlarını qaldırdı , – siz o “ təsadüfi “ görüşünüzdə nə çox məsələ müzakirə etmisiniz ?!
-Başa düşmədim, – Arzu özünü itirdi , – hansı məsələni ?
-Məsələn , – Könül keçib yenidən yerinə əyləşdi , – məsələn , iki saat vaxt verildiyini . Daha sonra, sənə həvalə olunan işi nahar fasiləsinə qədər təhvil verdiyini…, – zəndlə qıza baxdı.
-Mən onları maşında , evə gedərkən , yolda danışdım. 
Könülün gözləri təəccübdən böyüdü :
-Maşında ? Yol gedərkən ? , – özündən biixtiyar səsini qaldırdı , – Belə de !
-Deyəsən fikrimi düzgün anlatmadım , – Arzu həyəcanlandı , – demək istəyirəm ki , …
-Fikrini çox gözəl anlatdın! , – Könül onun sözünü kəsdi , – demək …gec gəlib , tez öyrənənlərdənsən ! Halal olsun ! , – yerindən qalxdı , – uğurlar ! 
Arzu eyhamlardan bir şey anlamasa da , Könülü daha da qıcıqlandırdığını hiss etdi . Özlüyündə “ Gərək hövsələsizlik etməyəydim , Könülün tamam sakitləşəcəyini gözləyəydim , – düşündü , – deyəsən , qaş düzəltdiyim yerdə vurub göz çıxartdım axı..”
Könül çantasını götürüb qapıya tərəf getdi . Nə fikirləşdisə , geriyə dönüb kinayə ilə :
-İndiki söhbətimizi də müdirə çatdıra bilərsən ! , – dedi , – özü də …maşında , evə gedərkən , – deyib otaqdan çıxdı .
Arzu söhbətdən çox pərişan olmuşdu , özünə yer tapmırdı . Dindirən olsa , ağlayacaqdı .
Çantasını götürüb , şöbədən çıxdı . Fikirli – fikirli pillələri enməyə başladı . Könülün sözlərindən elə pərt idi ki , qarşıdan gələn Çingizi də görmürdü . Başını aşağı salıb , sakitcə aşağı mərtəbəyə enirdi :
-Yenə yubanırsınız , Arzu xanım ? , – Çingizin səsinə başına qaldırdı , -yenə təcili iş tapşırılıbmı?, – müdir gülümsədi .
-Yox , yox ! , – Arzu öz səsinə özü diksindi , – heç bir iş tapşırılmayıb. Sadəcə …sadəcə , mənim ucbatımdan kiminsə danlanmağı mənə pis təsir edir …günahkar Könül xanım deyil , mənəm…
Çingiz ucadan güldü :
-Könül xanım sizə görə yox , öz əməllərinə görə danlanıb . Sizdə isə …zərrə qədər də günah yoxdur . Gedin , sizi tam əmin edirəm . Heç nəyə görə də , vicdan əzabı çəkməyin, – dedi .
Arzunun gözləri güldü :
-Çox sağ olun , Çingiz müəllim , – dedi , – yüngülləşdim.
-Hə , – Çingiz nəsə fikirləşdi , – dünən təhvil verdiyiniz işi gözdən keçirdim , çox xoşuma gəldi , – əlini saçlarına çəkdi , – belə qərara gəldim ki , bu ay sizə maaşdan əlavə mükafat da verək .
-Nə mükafat ?, – qız çaşbaş qaldı .
-Pul mükafatı . İşçinin zəhməti qiymətləndirilməlidir .Şirkətimiz yaxşı işləyən işçiləri tez – tez mükafatlandırır , – Çingiz elə inandırıcı danışdı ki , öz dediyinə özü də inandı .
Əslində bu , onun şəxsi ideyası idi . Arzunun geyimindən də , qayğılı simasından da , ailələrinin maddi sıxıntısını hiss edirdi. Ürəyindən hansı bir yollasa , onlara kömək etmək keçirdi .
Qızı çox yubatmaq istəməyib :
-Yaxşı , gedin , – dedi , – dincəlin .
Arzu müdirlə minnətdarlıq hissi ilə sağollaşıb , şirkətdən çıxdı .Həqiqətən də, sanki çiynindən ağır bir yük götürülmüşdü . Dərindən nəfəs alıb , dayanacağa doğru getməyə başladı. Daxilində özünə də bəlli olmayan , ona rahatlıq gətirən bir hiss vardı …
Amma …pəncərədən onu xəlvətcə izləyən Çingizdən xəbərsiz idi. Heç xəyalına da gətirməzdi ki, çəkindiyi , ehtiyat etdiyi bir şəxsdə ona maraq oyanmışdı . Ağlına da gəlməzdi ki, böyük bir şöbəyə rəhbərlik edən, hər cür maddi təminatı olan , vəzifəli bir kəs onu bəyənmişdi …Məhz səmimiyyətini , təmiz qəlbini , abır – həyasını , ismətini , mədəniyyətini sevmişdi …Hər kəsdə görə bilmədiklərini bu qızda görmüşdü .

Ardı var .

Gövher Rustamova
www.kafiye.net