HƏSƏD. roman.  ( 26 )

Elə o səbəbdən də özünü bilavasitə günahkar hesab edir, “Mən sənədləri evə aparmaq istəməsəydim, belə olmazdı , – düşünürdü , – yəqin ki , müdir mənə görə onu möhkəm danlayıb…”
Amma hazırkı vəziyyətdə Könülə yaxınlaşıb üzr istəməyə cəsarət etmirdi , qız belə əsəbi halda onunla kobud rəftar edə bilərdi .
Həmin gün Könül heç kimlə dinib – danışmadı . Arzunun səmtinə isə heç baxmadı da …
İmtahanların başlamasına çox az vaxt qalırdı . Tələbələr bir – biri ilə fikir mübadiləsi edir , mühazirələri diqqətlə dinləyir , lazımi materialları əldə etməyə çalışırdılar.
Sevil isə bacısının əməkhaqqı alacağı günü səbrsizliklə gözləyirdi ; fikrində həmin pullara necə geyim – keçim , bər – bəzək əşyaları alacağını indidən götür – qoy edirdi .Xəyalən bahalı əyin – başla , bər – bəzəklə auditoriyaya daxil olur , ətrafı saymazyana süzür , hamının heyranlıqla ona baxdığına məhəl qoymadan , əda ilə yerinə əyləşirdi …Zaur isə …Zaur isə …gözlərini ondan çəkə bilmir …yerində donub qalır …
-Sevil ! , – müəllimin səsinə diksindi , – sənə nə olub ? Məni qətiyyən dinləmirsən ?! Fikrin – xəyalın hardasa , başqa yerdədir ! 
Qız xəyallardan ayrılıb , bir anlığa duruxdu . Nə cavab verəcəyini bilmədi , kəkələyə – kəkələyə : -Mən…nə ..hə ..bəli …
Tələbələr yerbəyerdən gülüşdülər .Müəllim qaşlarını çatdı :
-Qarşıdan həlledici imtahanlar gəlir . Diqqətini bir yerə cəmləyib hazırlaşmaqdansa , xəyallar aləmində uçursan! 
-Mən…-qız özünə haqq qazandırmaq istədi .
-Sən , – müəllim onun sözünü kəsdi , – məsuliyyətsiz tələbəsən! Fikrin dərsdən başqa yüz yerə dolanır ! Ağlını başına cəm elə , fikrini dərslərə ver!
Sevil pərtliyini büruzə vermək istəməsə də , pörtmüş yanaqları , dolmuş gözləri onun daxili sarsıntısını aşkar bildirirdi .
Yaylığının ucu ilə gözlərini silib , qələmi əlinə aldı . Müəllimin lövhədə yazdıqlarını necə gəldi dəftərinə köçürməyə başladı .
Özlüyündə “ Hə , əlbəttə …kasıba , yetimə daş atarlar da ! …, – düşündü , – var – dövlət içində yaşasaydım , gündə bir paltar geyinsəydim , vəzifəli adamın qızı olsaydım , mənimlə belə rəftar etməzdilər ! , – içini çəkdi .
Tənəffüsdə müəllim onu yanına çağırdı :
-Qızım , – dedi , – sözlərimdən incimə , – nə edirəmsə , sizə görə edirəm . Gənc , gözəl qızsan . Amma son zamanlar dərslərdən xeyli geriləmisən . Mühazirələri dinləmirsən , qeydlər aparmırsan. Bu , məni çox narahat edir . Bir düşün , imtahanlardan necə çıxacaqsan ? Səncə , aşağı qiymət alıb , kursda qalmaq yaxşıdır , yoxsa yaxşı qiymətlərlə , alnıaçıq , üzüağ növbəti kursa keçmək ? 
Sevil bir söz deməyib başını aşağı saldı .Heç kimin yox , Zaurun qarşısında danlanıb gülüş hədəfinə çevrilməsi ona çox pis təsir etmişdi . 
Növbəti dərs başlayandan bir neçə dəqiqə sonra dekanlığın katibəsi qapını açıb müəllimdən üzr istədi :
-Bağışlayın , Arif müəllim , – dedi , – imtahanlarla əlaqədar dekanlıqda qrup nümayəndələrinin iclası keçiriləcək. Mümkünsə, bu qrupun nümayəndəsi dekanlığa gəlsin.
Arif müəllim tələbənin dərs zamanı harasa yayınmasına müsbət baxmasa da, iclasın dekanlıq tərəfindən təcili keçirildiyini nəzərə alıb :
-Yaxşı , – dedi , – amma yaxşı olardı ki , iclaslar dərsdən kənar vaxtlarda keçiriləydi , – otağa göz gəzdirdi , – qrup nümayəndəsi kimdir ? , – soruşdu .
Hamı yerbəyerdən “ Zaur ! , Zaur ! “ qışqırdı . Zaur könülsüz halda yerindən qalxıb , otaqdan çıxdı .Pillələri enə – enə “ Axı , bu mənim nəyimə lazımdır ?, – düşündü , – o cür maraqlı mühazirə yarımçıq qaldı …eh …”.
Dekanlığa daxil olarkən özünü itirdi . Digər qrupların da nümayəndələri artıq burada idilər. Çox geniş , səliqə – sahmanlı otaqda tanımadığı çoxlu sayda tələbələr vardı . Keçib kreslolardan birinə əyləşdi . 
Dekan müavini otağa daxil olub hamını salamladı :
-Bütün qrup nümayəndələri burdadırlarmı ? , – soruşdu .
Qızlardan kimsə :
-Təkcə Nübar yoxdur , – dedi , – harda olsa , gələr .
Nübar qapını açıb icazə istəyərək , arxa tərəfdə qoyulmuş kresloya əyləşdi .
“ Nübar …Nübar …bu adı eşitmişəm , – Zaur düşündü , – amma …harda ? …Həə, yadıma düşdü ! Gərək ki , Sevildən …Deyirdi ki , eyni məktəbdə , eyni sinifdə oxuyublar .Haqqında heç də yaxşı danışmırdı …Nə isə …”
İclas çox çəkmədi .Qrup nümayəndələri dekanlıqdan lazımi göstərişlər alıb , auditoriyalara qayıtdılar .
Növbəti dərsdə qruplar iri mühazirə otağında birləşdilər .
Nübar otağa daxil olan kimi , gözü tələbələrin arasında Sevili axtarmağa başladı . Sevil həmişəkindən fərqli olaraq , lap arxada , bir küncdə kefsiz oturmuşdu . Heç kimlə danışmır , başını qaldırıb heç kimə baxmırdı . Bundan narahat olan Nübar cəld arxaya doğru addımladı. Ona yaxınlaşmağa az qalmış , özü də bilmədən kiminləsə toqquşdu . Zaur da gözlənilməz toqquşmadan çaşbaş qaldı . Hər ikisi çaşqınlıqla bir – birinə baxdı . Nübar gülümsəyib :
-Bağışlayın , – dedi , – rəfiqəmin yanına tələsdiyimdən , bilmədən oldu . Üzr istəyirəm.
Zaur qızın iri qara gözlərinə baxıb :
-Mən üzr istəyirəm , – dedi , – bir qədər ehtiyatsızlıq etdim .Bağışlayın.
Hər ikisi gülümsədilər . 
Nübar Sevilə yaxınlaşıb , yanındakı oturacağa əyləşdi . Rəfiqəsini qucaqlayıb :
-Bacımın niyə kefi yoxdur ? , – dedi .
Sevil buna bənd imiş kimi başını onun çiyninə qoyub hönkürtü ilə ağlamağa başladı. Gözlərindən fasiləsiz axan yaş yanaqlarından süzülürdü . Heç bir şey anlamayan Nübar cəld çantasından təmiz , ütülü yaylığını çıxarıb , onun gözlərini , üzünü silməyə başladı :
-Nə olub axı ? Xətrinə dəyən olub ? Aşağı qiymət almısan ? 
Sevil sualların heç birinə cavab vermir , ağlamağa davam edirdi . Rəfiqəsinin bu halından təşvişə düşən Nübar nə edəcəyini bilmirdi . Qıza ürəyi yanırdı , necə kömək edəcəyini isə bilmirdi . 
Həmişəki kimi arxa masada əyləşən Zaurun gözündən isə bunlar yayınmırdı . Maraqla qızlara baxır , Nübarın rəfiqəsinə göstərdiyi canyananlığı xəlvətcə seyr edirdi . Qız nə qədər səmimi idi …
Mühazirənin başlamasına baxmayaraq , Sevil sakitləşmək bilmirdi . Nübar elə hey onun saçlarını sığallayır , ürək – dirək verirdi .
Zaur …Zaur isə …bayaqkı iri , qara gözlərin , qeyri – adi , məlahətli səsin sehrinə düşmüşdü…

Ardı var .

Gövher Rüstemavo
www.kafiye.net