HƏSƏD.roman (24)

-Yazıq qız ! , – düşündü , – demək mən ona rast gəlməsəydim, bu böyüklükdə qovluğu evə aparıb , səhərə qədər işləyəcəkdi …Niyə ? Könülün onu işlə yükləməkdə məqsədi nədir ?, – fikrə getdi , əsəbi halda əli ilə alnını ovuşdurdu . 
Avtobus dayanacağa çatan kimi , böyük bir dəstə qapılara tərəf yüyürdü . Minmək istəyənlər o qədər çox idi ki , düşənlərə maneçilik törənirdi .Hamı evinə tələsirdi . Arzu nə qədər çalışsa da, avtobusa minə bilmədi . Onu ötürüb , növbəti avtobusu gözləməli oldu .Yenə də həyəcanla saata baxır , anasının nigaran qalacağına görə narahat olurdu .
Çingiz vaxt itirmədən otağının qapısını bağladı . Pillələri sürətlə enib şirkətdən çıxdı . Avtomobilinə yaxınlaşıb, qapını açdı . Cəld sükan arxasına keçib maşını işə saldı . Gözü dayanacaqda məyus – məyus dayanıb gözlərini avtobusun gələcəyi yola dikən Arzuda idi .Qız sanki ətrafdakıları görmür, eşitmirdi .
Qarşısında dayanan zil qara rəngli , xarici markalı avtomobilə də əhəmiyyət vermədi . 
Çingiz başını maşının pəncərəsindən çıxarıb :
-Arzu xanım , – dedi , – etiraz etmirsinizsə , – sizi evinizə qədər apara bilərəm. Gecdir , evdəkilər yəqin ki , nigarandırlar . 
Arzu özünü itirdi . Nə cavab verəcəyini bilmədi .Çaşqınlıqla Çingizə baxdı. Özünü toplayıb :
-Yox ! Yox ! Narahat olmayın , – dedi , – indilərdə avtobus gəlməlidir . Mən elə də uzaqda yaşamıram , cəmi on dəqiqəlik yoldur . Çox sağ olun .
Uzaqdan avtobusun gəldiyini görüb sevincək :
-Odur , – dedi , – avtobus artıq yaxınlaşır . Yolunuzdan qalmayın , siz də yorğunsunuz.
Bu dəfə də minməyə ciddi cəhd göstərsə də , səyləri boşa çıxırdı . Mənzil başına tələsən insanlar bir – birini itələyir , düşənə , minənə aman vermirdilər . 
Birdən Arzu kütlənin içindən kiminsə yavaşca onun qolundan tutduğunu hiss etdi . Çaşqınlıqla qolunu çəkmək istəyəndə Çingizi həmin adamların arasında gördü . 
Çingiz onun qolundan tutub çətinliklə də olsa , kütlənin içindən çıxardı . Maşının arxa qapısını açıb ciddi tərzdə :
-Əyləşin ! , – dedi , – gecdir .
Onun səsindəki qətiyyət qızı mübahisə etməkdən çəkindirdi . Heç bir söz demədən keçib arxa oturacağa əyləşdi .
Maşın magistral yola çıxdı . Arzunun gərginliyini aradan qaldırmaq üçün Çingiz mülayim səslə:
-Hə , – dedi , – indi deyin görək hansı tərəfə gedəcəyik ?
Az sonra onlar Arzunun yaşadığı ünvana doğru gedirdilər .
Qız güzgüdə arabir ona tuşlanan baxışlardan çəkinir , daxili bir narahatlıq keçirirdi .Bunları çox gözəl anlayan Çingiz :
-Arzu xanım , – dedi , – məncə sizə başqa bir iş tapşırılmışdı axı …
-Bəli …, – Arzunun səsi güclə eşidildi , – mən onu nahar fasiləsinə qədər işləyib , Könül xanıma təhvil vermişəm.
Çingiz heyrətləndi :
-Niyə tələsirdiniz ki ? Bizim kifayət qədər vaxtımız var . 
-Nə bilim , – qız çiyinlərini çəkdi , – mən tapşırılan işi vaxtında yerinə yetirməyə çalışıram .
-Bu , yaxşı xüsusiyyətdir , – Çingiz gülümsədi , – amma …sizdən bir xahişim var , sıxılmayın . Şöbənin işçilərinə qaynayıb – qarışın .Gördüyünüz işdən zövq alın . İşə gələndə xoş əhval – ruhiyyədə gəlin , sarsıntılar içində yox , – güzgüdə Arzuya baxdı , – bax , o zaman işinizin keyfiyyəti daha yüksək olacaq . Oldumu ?
-Oldu , – Arzu da gülümsəyib, deyilənləri başı ilə təsdiqlədi .
Araya sükut çökdü . Arzu pəncərədən yaraşıqlı binaları seyr edir , zahirən sakit görünməyə çalışsa da , daxilən narahat idi. İndi anası kim bilir nə hisslər keçirirdi … 
Yaşadığı evə yaxınlaşdıqlarını görüb , – biz artıq çatırıq , – dedi .
Çingiz maşını binanın qarşısında saxladı.Mülayim səslə :
-Hə , çatdıq , Arzu xanım , – dedi . 
Arzu qapını açıb maşından düşdü . Başını yerdən qaldırmadan:
-Çox sağ olun , Çingiz müəllim , – dedi , – sizə əziyyət verdim .
-Mənə heç bir əziyyət vermədiniz , – Çingiz cavab verdi , -əksinə , çox xoş oldu , – saatına baxdı, – gecdir , – dedi , – gedin, gecəniz xeyrə qalsın. 
Arzu :
-Xeyrə qarşı , – deyib , binanın girəcəyinə doğru getdi . 
Zəng çalınan kimi Zəhra qapıya yüyürdü . Arzunu görcək , onu bağrına basıb öpdü :
-Hardasan qızım ? , – dedi , – özümə yer tapa bilmirdim . Sən heç bu vaxta qalan deyildin . Bir hadisə baş verməyib ki ?
-Yox ana , – Arzu anasını qucaqladı , – bu gün işim çox idi . İşdən sonra qalıb işləməyə məcbur oldum . Çox yorğunam – deyib otağa keçdi .
Divana əyləşib gözlərini yumdu . Ac – susuz , fasiləsiz işləmək onu taqətdən salmışdı . Gözlərini açmaq istədi ; kirpiklərindən sanki daş asılmışdı .
-Gəl , gəl , qızım , əl – üzünə su çək , – anasının səsi gəldi , – biz də şam yeməyimizi yeməmişik, səni gözləyirdik .
Arzu əllərini yuyub anasının mətbəxdə hazırladığı şam süfrəsinə oturdu . Yorğunluqdan yemək yeməyə belə həvəsi yox idi . Sevil isə heç nə danışmır , səssizcə anasının çəkdiyi yeməyi yeyirdi .
Zəhra özünə də yemək çəkib əyləşdi . Arzuya baxıb :
-Ye , qızım , – dedi . Yeməyini ye , get dincəl , – nə fikirləşdisə , – bu vaxt avtobuslar dolu gəlir , sənə görə çox narahat oldum . Rahat gəldinmi ?
-Avtobusla gəlmədim , – Arzu çörək götürdü , – minə bilmirdim , adam çox idi , – sözünə ara verdi , – sağ olsun , müdir maşınla gətirdi .
– O !!! , – Sevil güldü , – bacısına zəndlə baxdı , – artıq irəliləyiş var ! Bacımı evə müdir şəxsən gətirir ! , – deyib qəhqəhə çəkdi .
Arzu acıqla ona baxdı :
-Müdir də sənin kimi , mənim kimi adamdır , – yeməyinə ara verdi , – mərhəmət hissi insanın canında – qanında olur …, – bacısına baxdı , – təəssüf ki , hər kəs onu anlaya bilmir .

Ardı var .

Govher Rüstamova
www.kafiye.net