HƏSƏD. roman ( 23 )

Könül ziyalı ailəsində böyümüş , Rusiyada ali təhsil almışdı . Bir neçə xarici dil bilirdi .Çox bacarıqlı , işgüzar , məsuliyyətli işçi olduğundan Çingiz onu özünə müavin təyin etmişdi .Yeni layihələrin müzakirəsi zamanı onun da fikirlərinə önəm verir , məsləhətlərini dinləyib hesablaşırdı.
Şux qamətli , gözəl görünüşlü bu qız çoxlarının diqqətini cəlb etsə də , ürəyi …Çingizdə idi . Nə vaxtsa onunla xoşbəxt həyat quracağına böyük ümidlər bəsləyirdi .Geyiminə də , oturuşuna – duruşuna da , danışığına da , xarici görünüşünə də xüsusi diqqət verir , onun məhəbbətini qazanmağa çalışırdı .Heç bir vəchlə hisslərini büruzə vermirdi .Aralarında rəsmi , işgüzar münasibətdən başqa heç nə yox idi .
Arzunun savadlı , bacarıqlı işçi kimi şöbəyə gəlişi ilk günlər onu sevindirsə də , son zamanlar Çingizin qıza qarşı xüsusi diqqəti Könülü düşünməyə vadar etmişdi .Özü ilə onun arasında heç bir uyğunluq görməsə də , daxilində hansısa bir hiss onu narahat etməyə başlamışdı.Yox, onu heç xəyalən də olsa , Çingizə nə yaraşdırmır , nə də layiq görmürdü .Özü ilə müqayisədə isə …Arzunu heç eyni tərəzidə belə təsəvvür etmirdi . .
Bəs…bəs nə idi onu narahat edən ? Yəqin ki …həyatın gözlənilməz gərdişindən ehtiyatlanırdı.
Başını çevirib gözucu Arzuya baxdı. Təpədən – dırnağa qədər onu süzdü . Əynindəki solğun rəngli dona , ayağındakı köhnə ayaqqabıya , sadə saç düzümünə göz gəzdirdi .Diqqət cəlb edəcək , xoşa gələcək bir şey görmədi. Arzu , anası fikir çəkməsin deyə “ Şirkət öz işçilərini geyimlə təmin edir “ desə də , işə olanını geyinib gəlir və bundan zərrə qədər də olsa, çəkinmirdi.
Könül “ Yox , yox ! Bu qızda Çingizi məftun edəcək heç bir şey yoxdur !” , – düşündü, – ola bilsin ki …ona sadəcə yazığı gəlir , – özünə təsəlli verdi , – Çingiz beləsinə heç vaxt aludə olmaz !, – deyib sakitləşməyə çalışdı, -qızı isə …işlə elə yükləmək lazımdır ki , gözünü açıb dünyaya baxmağa macal tapmasın !”
Sakitcə yerindən qalxıb Arzunun masasına yaxınlaşdı . Qız bütün diqqətini işə cəm etdiyindən , onun gəlişini hiss etmədi. 
-Bir çətinliyin yoxdur ki ? , – Könülün səsinə diksindi , – başını qaldırıb gülümsədi , – Xeyr , Könül xanım , – dedi , – tapşırığınızı günortaya qədər yerinə yetirib , təhvil verməyə çalışacağam .
-Lap yaxşı , – Könül də gülümsədi , – tələsmə , günün sonuna qədər vaxtın var , – keçib yenidən yerinə əyləşdi .
“ Sürətlə və dəqiq işləyir …Hm…”düşündü . Siyirməni çəkib , iri bir qovluq çıxartdı .Açıb , içindəki vərəqləri ötəri gözdən keçirdi , – hə …səni işlə yükləyib, bezdirmək mənim boynuma!”.
Arzu əlindəki işləri nahar fasiləsinə qədər təhvil verməkdən ötrü ciddi – cəhdlə çalışır , başını qaldırmadan , ətrafa fikir vermədən , səylə işləyirdi .
Sonuncu sənədi də hazırlayıb saata baxdı . Gülümsəyib “ Hə , çatdıra bildim , – düşündü , – yəqin ki , işimi bəyənəcəklər “.
Nahar fasiləsinə bir neçə dəqiqə qalmış əlindəki qovluqla bərabər Könülün masasına yaxınlaşdı . Sevinclə “ Tapşırığınızı vaxtından əvvəl yerinə yetirdim “ deyib , qovluğu masanın üstünə qoydu .
Könül daxilən təəccüblənsə də , özünü soyuqqanlı göstərdi . Rəsmi tərzdə :
-Qalsın , nahar fasiləsindən sonra baxıb , fikrimi , iradlarımı bildirərəm , – dedi .
Gördüyü işə qarşı gözləmədiyi münasibətdən bir qədər tutulan Arzu pərtliyini büruzə vermədi. Astadan :
-Bəli . Siz bilən məsləhətdir , – deyib , – sakitcə yerinə keçdi .
Fasilədən sonra Könül Arzunun təhvil verdiyi işi diqqətlə yoxlamağa başladı. İradlarını bildirmək üçün dəftər – qələm də hazırladı . Nə qədər çalışsa da , ciddi bir nöqsan tapa bilmədi . “ Demək belə …, – fikrə getdi , – işi dəqiqliyi ilə mənimsəyib.”düşündü .
Ucadan :
-Arzu , – dedi , – bura yaxınlaş .
Qızın ürəyi sanki yerindən qopdu :” Aman Allah ! Görəsən hansı səhvə yol vermişəm ? “ , – düşündü . Günahkar görkəm alıb Könülün masasına yaxınlaşdı :
-Bəli , Könül xanım …
Könül ciddi görkəm aldı :
-Təcili işimiz var , – əlindəki iri , ağır qovluğu ona verdi , – vaxtımız çox azdır, uzağı iki günə təhvil verməlisən ! , – dedi.
Arzu “ Baş üstə ! “ deyib qovluğu götürdü . Masasının üzərinə qoyub , yerinə əyləşdi . Açıb , sənədləri bir – bir gözdən keçirməyə başladı . Qaşları çatıldı “ İlahi ! Bu qədər işi iki günə necə çatdıracaqdı ? “.Başını əlləri arasına aldı . Bir anlığa gözləri heç nə görmədi . Alnına soyuq tər gəldi , nəfəsi darıxdı . 
Özünü ələ almağa çalışdı. Stəkandakı sərin sudan bir qurtum içdi.Özlüyündə “ Eybi yox , – dedi, – gecəmi gündüzümə qatıb çalışacağam, amma işi vaxtında təhvil verəcəyəm !” dedi , -lazım gəlsə , lap qovluğu evə də apararam . “
Qızın keçirdiyi həyəcan , sarsıntı Könülün gözündən yayınmdı. Hətta ürəyinə də yatdı …
Arzu iş gününün sonuna qədər fikrini işdən ayırmadı . Onunla yanaşı masalarda əyləşən qızların söhbərlərinə , zarafatlarına məhəl qoymadan işlədi . 
Havanın qaraldığını hiss edib başını qaldırdı . Şöbədə yır – yığış edən xadimədən savayı heç kim yox idi . Saata baxdı . Heyrətdən gözləri böyüdü : “ Aman Allah ! Başım işə qarışdığından vaxtın necə keçdiyini bilməmişəm ! , – düşündü . Sənədləri tələsik qovluğa yığdı , – çantasını götürüb xadimə ilə sağollaşdı . Pillələri sürətlə enməyə başladı . Aşağı mərtəbəyə çatanda qəflətən Çingizlə rastlaşdı . Bu vədə qızın hələ də şirkətdə olması müdiri təəccübləndirdi :
-Axşamınız xeyir , Arzu xanım , – dedi , – evə niyə getməmisiniz ? İş saatınız ki , çıxdan bitib ?! 
Qız özünü itirdi . Dili topuq çala – çala :
-B…Bəli …, elədir , – deyib başını aşaığı saldı, – Könül xanım təcili iş tapşırıb …Onu iki günə təhvil verməliyəm…Burda bacardığım qədər çalışdım , amma …vaxt məhduddur …o səbəbdən də …qovluğu evə aparıb , işləməyə qərar verdim …
Çingizin qaşları çatıldı :
-Təcili iş ? Maraqlıdır …Hansı işdir ? Baxmaq olarmı ?
Arzunun üzü pörtdü : “ Yaman yerdə axşamladım ! , – düşündü, – yəqin ki , sənədləri şirkətdən çıxarmağa icazə verilmir . ..Allahım , bu nə işdir düşdüm?!”
Çingiz mülayim tərzdə qovluğu ondan aldı :
-Yorulmusunuz , – dedi , – gedin , dincəlin. Səhər davam edərsiniz .
Arzu həmin anda ondan hər cür üzr istəməyə hazır idi , təki işini itirməsin…Gözləri doldu :
-Çingiz müəllim , – dedi , – bilirəm , sənədləri şirkətdən çıxarmağa ixtiyarım çatmır …amma …amma , inanın mənə , mən bunu işimizin xətrinə etdim.
Çingiz halını pozmadan :
-Sakit olun , – dedi , – burda elə bir şey yoxdur . Vaxtınız da …, – Arzunun gözlərinə baxdı , – məhdud deyil . Gedin , hava qaralıb , yubanmayın .
Arzu bir söz deməyib sağollaşdı . Şirkətdən çıxıb iti addımlarla dayanacağa doğru yeriməyə başladı .
Çingiz otağına keçib əlindəki qovluğu masanın üzərinə qoydu. Açıb baxanda qaşları çatıldı. “Bu ki , keçənilki , köhnə sənədlərdir ! Çoxdan yoxlanıb , təsdiqlənib …Könül bunları yenidən Arzuya niyə verib ki ? …Maraqlıdır …İki gün də vaxt verib .Halbuki , bu sənədlərin üzərində şöbənin bütün işçiləri bir ay işləyib…Heç nə anlamadım…”, – əlini saçlarına çəkdi . Əsəbi halda otaqda gəzişib , pəncərənin qarşısına keçdi . Təsadüfən dayanacağa tərəf baxdı . Gözü avtobusun gəlməsini həyəcanla gözləyən , tez – tez saatına baxıb narahatlıq keçirən Arzuya sataşdı …

Ardı var .

Govher Rüstamova 
www.kafiye.net