HƏSƏD. ( 22 )

Nübar evə qayıdanda Kamran artıq evdə idi . Qız qapıdan içəri girən kimi birbaşa atası oturan otağa keçdi . Onun boynunu bərk – bərk qucaqlayıb :
-Həmişə evimizdə – eşiyimizdə , ata ! , – dedi .Sənsiz bu evin yaraşığı yoxdur! Allah səni bizə çox görməsin ! , – deyib üzündən öpdü , gözləri doldu.
Atası da onu bağrına basdı , saçlarını tumarladı :
-Sağ ol , qızım , – dedi , – şükür , artıq hamımız bir yerdəyik.Darıxma , bundan sonra bir də sizi qoyub heç yerə getməyəcəyəm , – gülümsədi .
Söhbətdən Rəfiqənin də gözləri doldu :
-Allah bizə bir də pis günlər göstərməsin , – deyib yanağına süzülən yaşı sildi.
-Yaxşı , nə olub sizə ? , – Rəhim hər ikisini qucaqladı , – sakitləşin , – Rəfiqəyə, – yaxşı bir çay dəmlə , – dedi , – birlikdə içək .
Rəfiqə özünü ələ alıb , mətbəxə keçdi . Az sonra ailə əvvəllərdə olduğu kimi süfrə başında əyləşib şirin söhbət edirdi .
Arzu işdən yorğun gəlsə də dincəlmir , ev – eşiyi sahmana salır , anasının gəlişi üçün şam yeməyi hazırlayırdı . Ailə birlikdə şam etdikdən sonra isə mətbəxi səliqəyə salıb , işdən gətirdiyi materialları gözdən keçirir , səhər görəcəyi işləri planlaşdırırdı .Gecələr hamıdan gec yatır , səhərlər hamıdan erkən oyanırdı .
İşə başıaşağı gəlib – getməsi , sakitcə bir tərəfə çəkilərək işi ilə məşğul olması , səliqə – sahmanı Çingizin diqqətindən yayınmırdı .Hər günün sonunda şöbənin işlərini yoxlayarkən qızın hesabatını gözdən keçirir , görəcəyi işi bu tezlikdə , lazımi səviyyədə mənimsəməsinə heyran qalırdı . Müavini də ondan razılıq edir , “ Çox uğurlu kadr seçimimizdir “ deyirdi .
İş gününün sonunda otaqda gəzişib pəncərə qarşısına keçən Çingiz Arzunun şirkətdən çıxıb tələsik yol keçdiyini gördü . Qız başını qaldırıb heç kimə baxmadan dayanacağa doğru gedirdi. 
Sadə geyimi , heç kimi heç nə ilə cəlb etməyən davranışı Çingizdə maraq oyatmışdı .” Adətən bu yaşda qızlar başqa cür həyat tərzi keçirirlər , – düşünürdü , – gözəl görünməyə , diqqət cəlb etməyə çalışırlar . Amma …bu qız doğrudan da fərqlidir …”
Müavininin otağa gəlişi onu fikirlərdən ayırdı . Qız :
-Çingiz müəllim , – dedi , – mənimlə işiniz yoxdursa , evə gedim, olarmı ?
-Bəli , gedə bilərsiz , – Çingiz cavab verdi , – nə fikirləşdisə , – sizdən bir söz soruşum , – dedi .
-Buyurun.
-Arzu …, – müavinə baxdı , – ciddi bir problem yaşamır ki ? 
-İşdə ? Məncə yox .Tapşırıqların öhdəsindən bacarıqla gəlir , çox savadlı qızdır . Hətta digər işçilərə də kömək edir .
-Eləmi ? , – Çingiz otaqda gəzişdi , – bəs ailəsində , şəxsi həyatında ?
-O barədə məlumatım azdır , – müavini təəccüblə ona baxdı .Arzu söhbətcil qız deyil . Nahar fasiləsi zamanı arabir nələrsə danışır , o da ötəri …Mənim başa düşdüyümə görə , atası yoxdur . Gərək ki , ailədə iki bacıdırlar . Nə deyim…sadə, başıaşağı qızdır …
-Anladım . Təşəkkür edirəm. Sizi çox saxlamayım , gedin. 
Müavin sağollaşıb otaqdan çıxdı . Pillələri enə – enə özlüyündə “ Qəribədir , – düşündü , – Görəsən …Çingiz Arzu ilə niyə maraqlanır ? Qızda onun diqqətini cəlb edən nə var ?”. Bir şey anlamayıb çiyinlərini çəkdi .
Səhər şöbəyə hamıdan tez gələn Arzu masaların üstünə əl gəzdirir , otağı səliqəyə salırdı . 
-Sabahınız xeyir ! , – Çingizin səsinə duruxdu .
Özünü itirdi . Başını aşağı salıb , astadan :
-Sabahınız xeyir , – dedi .
-İşə vaxtından tez gəlmisiniz , – Çingiz zəndlə ona baxıb gülümsədi .
– Bəli …Mən.. erkən oyanmağa adət etmişəm…Lap uşaqlıqdan…
-Erkən oyanmaq yaxşı haldır , – Çingiz otağa göz gəzdirdi , – açığını deyim ki …sizin gəlişinizdən sonra otaq xeyli sahmana düşüb.İşlərinizdən də razıyam.
-Çox sağ olun , – Arzu pörtdü .
-Amma …bir söz deyim , inciməyin , – yaşıdlarınıza bənzəmirsiniz . Sanki …, – sözünün ardını gətirmədi .
Müavinin şöbəyə gəlişi söhbəti yarımçıq kəsdi .Çingiz onunla da hörmətlə salamlaşıb otaqdan çıxdı .
Müavinin üzünün ifadəsi dəyişdi . “ Bu nədir ? Bir şey anlamıram …Səhər tezdən Çingizi şöbəyə gəlməyə nə vadar edib ? , – işiylə məşğul olan Arzuya baxdı , – bu qızla niyə belə maraqlanır ? Görəsən , onunla nə barədə söhbət edirdi“ . Qaşları çatıldı . 
Çingiz otağında var – gəl etdi . Nə fikirləşdisə , katibəni çağırdı :
-Sənubər xanım , – dedi , – xahiş edirəm , Arzu xanıma deyin , hesabatı götürüb buraya gəlsin.
Katibə :
-Baş üstə , – deyib otaqdan çıxdı .
Çox keçmədi ki , Arzu sənədlərlə bərabər qapıda göründü. Astadan :
-Olar ? , – dedi .
-Olar , – Çingiz ona yer göstərdi , – buyurun əyləşin . Sənədləri gətirmisinizmi?
Arzu :
-Bəli , – deyib , əlindəki qovluğu Çingizin masasının üstünə qoydu .
Çingiz sənədləri gözdən keçirir , arabir işlə bağlı suallar verirdi . Arzu həyəcan keçirsə də , özünü itirmir , suallara dolğun cavab verməyə çalışırdı. Qızın ciddi davranışı , məntiqli danışığı, işə münasibəti Çingizə çox xoş təsir bağışlayırdı . Hətta özündə onun şəxsi həyatı ilə bağlı marağın oyanmasına da təəccüb edirdi . 
Şəxsi müşahidələrindən belə qənaətə gəlmişdi ki , Arzu imkansız ailənin qızıdır . Amma bununla yanaşı , çox qürurlu, əməksevər , məsuliyyətli , mədəni qızdır . 
-Arzu xanım , – dedi , – işinizdən razıyam . Siz savadlı kadrsınız. Hiss olunur ki, təhsiliniz yüksək səviyyədədir .
-Ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm , – Arzu utana – utana cavab verdi .
-Hə , bilirəm . Sənədlərinizin surəti məndədir . Amma tərcümeyi – halınızı çox qısa yazmısız , – gözucu Arzuya baxdı .Ailəniz , ailə üzvləriniz haqda demək olar ki , məlumat yoxdur . 
-Nə deyim , – Arzu duruxdu , – mənim elə də zəngin tərcümeyi – halım yoxdur. Adi fəhlə ailəsində anadan olmuşam . Bir bacım var , bir də…anam . 
-Üzr istəyirəm , bəs atanız ?
-Atam …, – rəngi tutuldu , – atam hələ biz uşaq ikən dünyasını dəyişib . İşlədiyi müəssisədə güclü partlayış nəticəsinə xeyli adam tələf olubmuş…
-Bağışlayın , – Çingiz verdiyi suala görə üzr istədi , – dərdinizi təzələdim. Üzrlü sayın.
-Eyb etməz , – Arzu gözlərini yerə dikdi , – bizi anamız təkbaşına böyüdüb , çox böyük zəhmət , əziyyət hesabına .
-Anlayıram . Bəs bacınız ?
-Bacım bu il Ali məktəbə qəbul olub. 
-Nə gözəl ! Demək ailədə hər şey qaydasındadır , – diqqətlə Arzuya baxdı .
-Bəli …qaydasındadır , – Arzu baxışlarını yerdən çəkib , ona baxdı .
Çingiz o gözlərdə nələr oxumadı ?…
Arzunu çox incitmək istəmədi :
-Yaxşı , vaxtınızı almayım , – dedi , – mənə bir deyəcəyiniz yoxdursa , buyurub gedə bilərsiniz. 
-Təşəkkür edirəm , – deyib Arzu ayağa qalxdı . Qovluğu götürüb sakitcə otaqdan çıxdı .Ürəyi hələ də həyəcanla vururdu .
Şöbəyə daxil olan kimi müdir müavini :
-Hardaydın , Arzu ? , – dedi .
-Çingiz müəllim çağırmışdı , – qız cavab verdi . Sənədlərlə maraqlanırdı . 
“ Hmm…demək belə , – müavin düşündü . Sənədlərlə , yoxsa …Arzu ilə ?”. 
-Başqa nə soruşdu ?, – marağını gizlətmədi .
-Heç , – Arzu dilləndi , – gərək ki , tərcümeyi – halım da onu qane etmir . ” Çox qısa yazılıb ” dedi , ailəmlə bağlı suallar da verdi .
“ Aha …aydındır …qızın ailəsi ilə maraqlanmağa başlayıb …Bu heç də yaxşı hal deyil !” , – müavin dodağını dişlədi .

Ardı var .

Govher Rüstamova 
www.kafiye.net