HƏSƏD  ( 21 )

Müəllimin gəlişi ilə auditoriyada sakitlik yarandı . Hər iki qrupun tələbələri diqqətlərini cəmləyib mühazirəni dinləməyə , qeydlər aparmağa başladılar.
Ara – sira müəllim suallarla müraciət etdikdə isə Zaur hamıdan əvvəl cavab verir , fikrini əsaslandırmağa çalışırdı.Belə məqamlarda Sevil gah Zaura , gah da Nübara baxırdı . Hələ ki , şübhə doğuran heç bir şey aşkarlamamışdı. Zaur danışarkən Nübar heç arxaya dönüb , ona tərəf baxmırdı da . Başını aşağı salıb , öz yazı – pozusu ilə məşğul olurdu . Zaurun da fikri bütünlüklə dərsdə , mühazirədə idi . Təkcə Sevil beynini çulğalamış qara fikirlərin əsiri idi . Neyləsə də , onlardan yaxa qurtara bilmirdi .
Dərs boyu apardığı müşahidələrinin nəticəsi olaraq anladı ki , narahatlığına heç bir səbəb yox imiş . Qısqanclığı da , həyəcanı da əbəs imiş. Bu , onu qismən sevindirsə də , tam sakitləşdirmirdi . Qarşıda hələ oxuyacaqları neçə illər vardı ; bu müddət ərzində hər şey ola bilərdi . “ Demək , – özlüyündə düşündü , – tədricən elə etmək lazımdır ki , Zaurda Nübara qarşı nifrət oyansın ! , – dodağını dişlədi , – hmm, – yəni …hadisələri qabaqlamaq lazımdır . Aha …bu istiqamətdə plan qurulmalıdır . Aman ! , – birdən qaşları çatıldı , – Zaur da Aygünün əvəzinə qrup nümayəndəsi olsa , onlar dekanlığın yiğincaqlarında bir yerdə olacaqlar ! Nə pis oldu ! Bax , elə orda Nübar Zaurun diqqətini cəlb edə bilər ! Nə etməli ? – Təcili olaraq əməli işə keçmək lazımdır . Nübarı Zaurun gözündən salmaq üçün bütün vasitələrdən istifadə etmək gərək !”
Mühazirənin sonuna yaxın Nübar yavaşca rəfiqəsinə tərəf əyilib, astadan :
-Sevil , – dedi , – dərs bitən kimi tez evə gedərik . Bu gün atam xəstəxanadan evə yazılacaq. Anama kömək etməliyəm. Yəqin ki , atama baş çəkmək üçün evə gələnlər olacaq , – gözləri sevincdən yaşardı , – nəhayət ki, atam evimizdə olacaq .
Sevil heç düşünmədən :
-Sən gedərsən , – dedi , – mənsə qrup yoldaşlarımla bir az parkda gəzmək istəyirəm. Hava gözəldir , heç yerə də tələsmirəm.
Nübar razılaşdı :
-Yaxşı əzizim , – dedi , – dostlarınla dincəl . Hava doğrudan da çox gözəldir .
Zəng vurulan kimi Sevilin üzündən öpüb :
-Hələlik , – dedi , – sabah görüşənədək , – tələsik çantasını yığıb otaqdan çıxdı . 
Sevil xəlvətcə dönüb arxaya baxdı . Zaur da dəftər – kitabını qovluğuna yığır , evə getməyə hazırlaşırdı .
Qapıya çatanda Sevil astadan :
-Zaur , – dedi , – gözlə , onunla bərabər dəhlizə çıxıb , – bilirsən – dedi , – bugünkü mühazirədə bəzi şeylər mənə qaranlıq qaldı.
-Məsələn nələr ?, – Zaur diqqətlə ona baxdı , – müəllim ki , hər şeyi təfərrüatı ilə izah edirdi . 
-Nə bilim .., – Sevil ciddi görkəm aldı , – bir qədər düşünüb , – gedək , – dedi , – parkda gəzək , – mənə aydın olmayanları da aydınlaşdıraq , – gülümsədi , – əlbəttə , əgər istəsən…
Zaur bir söz demədi ; onsuz da yolu parkdan keçirdi .
İnstitutdan birgə çıxıb , yolu keçdilər . Parkın girəcəyindəki skamyalardan birinə əyləşdilər . Zaur:
-Sevil , – dedi , – bir söz deyim , xətrinə dəyməsin. 
Sevil ciddiləşdi :
-De .
-Məncə sən dərslərə bir o qədər də ciddi yanaşmırsan. Ən sadə mövzuları belə çətinliklə mənimsəyirsən . Adi düsturlar yadında qalmır . İncimə , belə getsə , sənə çətin olacaq.
Sevil :
-Niyə çətin olur ? Mənim sənin kimi dostum var , – deyib gözlərini qıydı , bilmədiklərimi səndən soruşub öyrənərəm.
-Mən buna etiraz etmirəm , – Zaur başı ilə razılıq işarəsi etdi, – amma özün də məsuliyyətini artır . Başa düşmədiklərini yerindəcə müəllimdən soruş , izahatı diqqətlə dinlə .
-Hmm , – Sevil istehza ilə gülümsədi , – özümü reklam edimmi? Başqaları kimi hamının diqqətini özümə cəlb edimmi?
-Anlamadım , – Zaur çaşbaş qaldı , – nə reklam ? Nə diqqət ?
-Onu hamı bacarmır , – Sevil dediyinin üstündə durdu , – bacaranlarsa , az deyil .
-Kimi nəzərdə tutursan ? , – Zaur sərt baxışlarla ona baxdı , – mənimi ?
Sevil ucadan güldü :
-Yoox , səni niyə ? Sən həqiqətən elmli , savadlı oğlansan . Fikrin də yeni biliklər əldə etməkdir,- sözünə ara verdi ,- mənim dediyim başqasıdır , Nübarı deyirəm , – zəndlə Zaura baxdı.
-O kimdir ? , – Zaur skamyadan qalxdı , – gedək , bu gün yorğunam , – dedi .
-Nübar da … Guya tanımırsan ? , – Sevil də yerindən qalxdı , – elə insanları heç xoşlamıram. Həmişə diqqət mərkəzində olmağa çalışır . Məktəbdə də elə idi , – Zaura baxdı , – biz onunla eyni sinifdə oxumuşuq . 
-Heç bilmirəm kimdən danışırsan , – Zaur etinasızlıqla cavab verdi , – mən elə adam tanımıram.Gedək.
Birlikdə dayanacağa doğru addımlamağa başladılar . Sevil başladığı mövzunu yarımçıq qoymaq istəmirdi :
-Kasıb , imkansız bir ailənin qızıdır , amma özünü elə göstərir ki , guya var – dövlətin içində üzür . Anası yazıq gecə – gündüz işləyib , çörəkpulu qazanır. Amma o …hər gün yeni geyim , ayaqqabı , bər – bəzək əşyaları tələb edir . Beləsinə nə deyəsən ?
-Bəs atası yoxdur ? , – Zaur dilləndi .
-Deyəsən var …Amma eləsinin olmağından , olmamağı yaxşıdır .
-Niyə ?
-Eşitdiyimə görə , içki düşkünüdür . Ailəsinə baxmır , əyyaşlıq edir…Nə isə …
Zaur eşitdiklərinə məyus oldu :
-Yazıq qız…
-Nə yazıq ! , – Sevilin üzü döndü , – eləsi yazıq deyil ! Yazıq onun anasıdır .
-Yenə də bilmədim kimdən danışırsan , – Zaur yadına salmağa çalışdı , – Nübar …Nübar …Bilmədim..
-Qonşu qrupda oxuyur . Qrup nümayəndəsidir , – nəsə fikirləşdi , – elə indiki mühazirədə mənimlə yanaşı oturmuşdu , – dodağını büzdü , – nə qədər ondan uzaq durmaq istəsəm də, əl çəkmir ki …Mənim də üzüm gəlmir …Neyləyim ?
Avtobusun yaxınlaşdığını görüb söhbəti yekunlaşdırdı . Zaurla sağollaşıb avtobusa mindi .Zaur da öz yoluna davam etdi . Özlüyündə : “ Mən də qəribə adamam , – düşündü , – tələbə yoldaşlarımı da tanımıram . Gərək onlara qarşı bir qədər diqqətli olum , – xəfif gülümsədi , – heç adlarını da bilmirəm . Sevil necə dedi ? …Hə …Nübar …kimdir görəsən ? Nədənsə , ona yazığım gəldi . “ 
Sevil hiyləsinin baş tutacağına tam əmin olduğundan yol boyu daxili bir sevinc hissi keçirir , vəziyyəti dərindən götür – qoy edirdi .Hətta özünə gülməyi də tuturdu : “ Yalanı necə məharətlə uydurub danışdımsa ,özüm də inandım “ , – düşünürdü .

Ardı var .

Gövher Rustemova
www.kafiye.net