Qəflətən ağlına gələn düşüncələr onun narahatlığını bir az da artırdı..Nübarın bir çox üstünlüklərini bildiyi üçün ehtimallarının nə vaxtsa gerçəkləşəcəyindən təşvişə düşdü. Başında dolanan qara fikirlər dincliyini pozmağa başladı. Daxilində yenidən rəfiqəsinə qarşı xoşagəlməz hisslər oyandı.
Ertəsi gün sonuncu dərsdə hər iki qrup eyni auditoriyada mühazirə dinləyəcəkdi. Fərziyyələrinin doğru olub – olmadığını yoxlamaq üçün əlverişli imkan yaranacaqdı. “ Aman Allah ! , – düşünürdü , – birdən şübhələrim doğru olsa ? O zaman …o zaman nə olacaq ? Nübar qrupda ən gözəl , ən cazibədar qızdır . Dərs əlaçısı , müəllimlərin sevimlisidir. Hamı onunla hesablaşır , xətrini çox istəyir. Gülərüz , mehribandır . Hər barədə məndən üstündür …Üstəgəl …varlı , zəngin ailənin qızıdır .Nə etməli ? “ , – düşüncələr ona rahatlıq vermirdi .Amma təslim olmaq fikri də yox idi ! 
Səhər tezdən bir stəkan çay içib , intituta yollandı .Yolda Nübarla rastlaşıb , birlikdə metroya endilər .Nübar atasının xəstəxanadan çıxacağı xəbərini sevinclə ona bildirdi . Sevil dodaqucu gülümsəyib , özünü sevinirmiş kimi göstərsə də , xəyalları başqa yerdə idi . Çevrilib diqqətlə qıza baxdı . Nübar fəslə uyğun , gözəl , dəbli bir don geyinmişdi . Boynuna yüngülvari bağladığı nazik şərf donun rənginə çox gözəl bir ahəng qatırdı . Vurduğu ətrin qoxusu ətrafdakıları bihuş edirdi . “ Belə qızı kim bəyənməz ? , – düşündü , – özünü sakitləşdirməyə çalışdı , – yaxşı ki, Zaur daha çox elm aləmində olur , hərdən də dostları ilə söhbətləşir . Yoxsa …yoxsa , gözü çoxdan tutmuşdu Nübarı …Yox , buna yol vermək olmaz ! Nəsə düşünmək lazımdır ! “.
Nübardan ayrılıb öz otaqlarına tərəf getdi . Hikkəsindən heç oğlanların toplaşdığı yerə tərəf də baxmadı . Acıqla keçib həmişəki yerində oturdu . 
Zaur dostları ilə bərabər otağa daxil olub , ətrafına baxmadan arxa cərgəyə keçdi . Əyləşib , dəftər – kitabını qovluqdan çıxartdı .Bu , Sevili lap hiddətləndirdi : “ Mənə heç məhəl də qoymur, burda olub – olmadığım onu heç maraqlandırmır…İlahi ! O , belə etdikcə , hisslərim , marağım daha da güclənir ! “
Yavaşca başını arxaya çevirdi . Zaur dostu ilə nə barədəsə danışır , arabir gülürdü .
Dərsin başlanmasına bir neçə dəqiqə qalmış , dekanlığın nümayəndəsi otağa daxil oldu :
-Tələbələr , – dedi , – sizə bir xəbərim var , – otağa sakitlik çökdü , – qrupunuzun nümayəndəsi Aygün Xəlilova əməliyyat olunub . Bir müddət dərslərə gələ bilməyəcək. Odur ki , onu əvəz edəcək qrup nümayəndəsi seçmək məcburiyyətindəyik . Amma bu , sizin razılığınızla olmalıdır . Aylardır ki , bir yerdə oxuyursunuz. Bir – birinizi kifayət qədər tanıyırsınız. Kimi məsləhət görsəniz , arzu etsəniz , o da seçiləcək .Düşünün , daşının …yaxşı olar ki , dərs əlaçısı , fəal tələbə olsun.
Tələbələr yerbəyerdən :
-Nəyi düşünəcəyik ? Ən yaxşı namizəd Zaurdur ! , Zaur olsun! Bunu ondan yaxşı heç kim bacarmaz ! , – kimi fikirlər səsləndirdilər .
İşin gözlənilməz gedişatı Zauru çaşdırdı , qaşlarını çatıb heç bir şey anlamırmış kimi yoldaşlarına baxdı . Tərəddüdlə :
-Yoox , nə danışırsınız ? , – dedi , mən bacarmaram , – həm də …həm də ki …məncə qızlardan seçilsə , daha yaxşı olar . Məsələn …məsələn , – otağa göz gəzdirdi , qızlardan az – çox tanıdığı Sevil olduğundan , – Sevil olsun! , – dedi .
Tələbələr birmənalı şəkildə etiraz etdilər :
-Yox ! Yox ! Elə sən olsan , daha məqsədəuyğundur .
Bütün bunlar Sevilin onsuz da yaxşı olmayan əhvalını bir az da pozdu . Qəzəbindən dodaqlarını çeynədi :” Hmm,..çox lazımdır ! Kimi seçirsiniz , seçin ! Mənimçün bunun heç bir əhəmiyyəti yoxdur ! “ . – düşündü , pərtliyini büruzə verməməyə çalışdı .
Tənəffüslərdə də heç kimlə dinib – danışmır , Nübargilin qrupu ilə birləşəcəyi saatı səbrsizliklə gözləyirdi .
Nəhayət , gözlədiyi an gəlib çatdı . Nübar həmişəki kimi otağa daxil olub , Sevilin yanında əyləşdi . Çantasından şirni çıxarıb rəfiqəsinə uzatdı :
-Al , Sevil , – dedi , – səninçün saxlamışam . Anam axşam bişirib, ye .
Sevil şirnini könülsüz alıb yeməyə başladı . Nübar :
-Deyəsən , Aygün xəstələnib , – dedi , – gərək ki , əməliyyat olunub .
-Hə , – Sevil udqundu , – son günlər özünü pis hiss edirdi .
-Yazıq qız…, – Nübar kədərləndi , – bəs indi necə olacaq ? Xəstəxanaya gedib baş çəkmək lazımdır .
-Hə …, – Sevil qayğılı görkəm aldı , – bəlkə ilin sonuna qədər dərsə gələ bilmədi .
-Bəs onu qrup nümayəndəsi kimi əvəz edən olacaqmı ?
Sevilin rəngi boğuldu . İti baxışlarla rəfiqəsinə baxdı . Bir söz deməyib , yaylıqla əllərini sildi :
-Çox sağ ol , – dedi , – dadlı idi .
Nübar :
-Nuş olsun , əzizim , – deyib dəftər – kitabını masanın üzərinə qoydu .

Ardı var .

Gövher Rustemova
www.kafiye.net