HƏSƏD  ( 15 )

Zaur vaxt itirmədən addımlarını yeyinlədib qıza yaxınlaşdı . Qolundan tutub qaldırmaq istəyirdi ki , qız buna imkan verməyib özü qalxdı . Yaxınlıqdakı skamyaya əyləşdi . Üst – başını çırpıb qaydaya salmağa başladı .Zaur :
-Əzilmədiniz ki ? , – soruşdu .
Qız gülümsəyib : 
-Yox , – dedi , – yaxşı ki , hər tərəf otluqdur …
Səs də , sima da Zaura tanış gəldi . Diqqətlə qıza baxdı , nəyisə xatırlayırmış kimi :
-Siz ? …Bu , sizsiniz ? , – soruşdu .
-Mənəm , – Sevil onun gözlərinə baxdı , – qəribə təsadüfdür , eləmi ?
-Hmm, nə deyim …-Zaur bir qədər duruxdu , – eyni institutda oxuyuruq deyəsən…
Sevil başı ilə təsdiqlədi :
-Nəinki eyni institutda , hətta eyni fakültədə , eyni kursda , və … – gülümsədi , – eyni qrupda …
Zaurun təəccübdən gözləri böyüdü :
-Doğru deyirsiz ? Bu necə olur ? …, – bir də qıza baxdı , – necə olub ki , bu vaxta qədər qrup yoldaşımı tanımamışam ? 
-O sualın cavabını yəqin ki , özünüz daha yaxşı bilirsiz , – deyib Sevil skamyadan qalxdı . Addım atmaq istəyirdi ki , ayağında guya ağrı hiss etdi – uff , deyəsən zədələnmişəm axı…
-Bəlkə …Bəlkə …getməyə tələsməyəsiz …Bir az oturun , ağrı keçsin , – Zaur qayğıkeşlik göstərdi.
Sevil fikrə getdi . Hadisələrin gedişindən ürəyində razı qalsa da , üzdə özünü narahat kimi göstərdi :
-Nə bilim…Burda tək oturmağım yaxşı deyil …həm də , evdə nigaran qalarlar.
-Tək niyə ? , – Zaur etiraz etdi , – sizi burda qoyub getməyəcəm ki…istədiyiniz qədər əyləşin . Lazım gəlsə , evə qədər də ötürə bilərəm. 
Sevil utanırmış kimi başını aşağı saldı :
-Narahat olmayın , gedin . Özüm birtəhər gedərəm…Yolunuzdan qalmayın.
Zaur bir söz deməyib , skamyada , ondan bir qədər kənarda əyləşdi . Qız sıxılmasın deyə ətrafdakı binalara , yaşıllıqlara tamaşa etməyə başladı . 
-İmtahanlarımıza da lap az qalır , – Sevil sükutu pozdu , gözucu Zaura baxdı , – gərək yaxşı hazırlaşaq .
Zaur onun dediklərini təsdiqlədi :
-Hə…Aşağı qiymət almaq olmaz , – gülümsədi , – qarşıma məqsəd qoymuşam ; yalnız əla qiymələrlə oxumaq ! 
“ İlahi , gülümsəmək ona necə yaraşır …” Sevil özlüyündə düşündü , – onunla bax beləcə , yanaşı əyləşib söhbət etməyə dünyanı verərdim . Amma …məncə bu günlük bəsdir …”
Yenidən ayağa qalxmağa cəhd edirmiş kimi skamyadan qalxdı :
-Çox yubanmayım , – bir addım atdı , – deyəsən yavaş – yavaş gedə biləcəm.
-Sizi haraya qədər lazımdırsa , ötürəcəm .
Bu , Sevilin lap ürəyindən oldu . Amma sevincini büruzə verməməyə çalışdı . Daha bir neçə addım da atıb :
-Narahat olmayın , – dedi , – yaxınlıqdakı dayanacağa gedirəm. Avtobus da ki , düz evimizin yanında dayanır . 
-Olsun , – Zaur da skamyadan qalxdı , – heç olmasa , dayanacağa qədər birgə gedərik .
Parkdan çıxıb , dayanacağa tərəf getməyə başladılar . Sevil aramla yeriyir , arabir ayağını çəkirdi. Zaur onun fikrini yayındırmaq məqsədilə :
-Bəlkə … bir – birimizə adımıza söyləyək ? , – deyib güldü , – neçə aydır bir yerdə oxuyuruq , heç tanış da deyilik…
-Adım Sevildir , – qız özünü ağrıyırmış kimi göstərdi .
-Mənsə , Zauram , – nə fikirləşdisə , – bir təklifim də var , – qıza baxdı , – gəl bir – birimizə “ sən “ deyə müraciət edək . Nə qədər olmaya , tələbə yoldaşıyıq .
-Nə deyirəm , qoy elə olsun , – Sevil cavab verdi , – qarşıdan gələn avtobusu göstərib , – odur , – dedi , – o avtobusla gedəcəyəm , – gülümsədi , – sabaha qədər Zaur . Bağışla , sənə əziyyət verdim .
Zaurun da üzü güldü :
-Heç bir əziyyəti yoxdur , Sevil . Əksinə , tanışlığımıza çox məmnun oldum .
Sevil gözlərini yerə dikdi . Avtobus dayanacağa yaxınlaşdı . Zaur Sevilin qolundan tutub minməyə kömək etdi . Qız keçib oturacaqlardan birinə əyləşdi . Pəncərədən Zaura baxıb gülümsədi .
Avtobus yola düşdü . Baş verənləri Sevil yol boyu ardıcıllıqla , təkrar – təkrar xatırlayır , götür – qoy edirdi .Qurduğu planın qismən də olsa , baş tutması onu çox sevindirirdi .
Evlərinin yaxınlığında cəld yerindən qalxıb , avtobusun ön qapısına yaxınlaşdı . Gediş haqqını ödəyib , pillələri sürətlə endi . Yaşadığı binaya tərəf iti addımlarla irəliləməyə başladı . Yolu şəstlə gedir , özünü günün qalibi hesab edirdi …

Ardı var .

Gövher Rüstemova
www.kafiye.net