SEVGİMİZİN QÜRUB ÇAĞI, GÖZLƏYİR

Hər baxan üz, təbəssümün dərirsən,
Göz qıysalar, odlu sevda görürsən,
Saflığına sən ki, cəza verirsən
Nisgil, nalə, kədər, ağı gözləyir.
Sevgimizin qürub çağı, gözləyir.

Biz ki, eşqin gözün ovub, didirik,
Kor sevgiylə söylə, hara gedirik?
Son mənzilsiz, çaşqın rəvan edirik
Seyrəngah yox, sinə dağı gözləyir.
Sevgimizin qürub çağı, gözləyir.

Sevinc səsi olmadı ona çatan
Uyuyaraq bəxtimiz oldu, yatan.
Hicran açıb qollarını, nə vaxtdan
Pusqu qurub sanki, yağı gözləyir.
Sevgimizin qürub çağı, gözləyir.

Əməlindir el – aləmə yayılan.
Dilə düşdün, çox pis ibrət sayılan.
Olmadınsa bu qəflətdən ayılan.
Sevgimizin qürub çağı, gözləyir.
Mübarizi sevda bağı gözləyir.

Mübariz Hüseyn
www.kafiye.net