HƏSƏD.   4

Arzu anasının əlindən tutub :
-Ana , – dedi , -qalx . Mətbəxdə süfrə hazırlamışam . Çay iç , çörək ye , dincini al . 
Zəhra minnətdarlıqla qızına baxdı :
-Çox sağ ol , qızım , qoy bir əl – üzümə su vurum , – deyib yerindən qalxdı .
Sevil bacısının hazırladığı şam süfrəsinə gözucu baxıb istehza ilə gülümsədi.Anasının eşitməyəcəyi səslə :
-Süfrə …Olmaz o süfrədən…, – deyib otağına tərəf getdi .
Arzu bacısının sözlərindən tutulsa da , pərtliyini büruzə vermədi . Anasının boşqabına yemək çəkib , özü də masa arxasına əyləşdi .
Zəhranın yorğunluqdan yemək yeməyə belə həvəsi yox idi . Əlini könülsüz halda çörəyə uzatdı . 
-Siz çörək yemisinizmi ?, – soruşdu .
-Hə , narahat olma , – Arzu məhəbbətlə anasına baxdı , – rahat çörəyini ye . Sevil rəfiqəsi Nübargilə qonaq getmişdi , ordan tox gəlib .
-Bəs …Niyə kefi yoxdur ? Xətrinə dəyən olmayıb ki ? , – ana narahatlıqla Arzuya baxdı .
-Yox ana , əksinə ordan çox məmnun gəlib ; ona gözəl hədiyyələr də bağışlayıblar . 
Zəhra ağzındakı tikəni uddu :
-Arzu , – dedi , – sabah evin sahibəsi pulumu verəcək . Üstündən bir qədər götürüb ərzaq üçün ayıracam . Qalanını sənə verəcəm. Nübarla mağazaya gedərsən , – sözünə ara verdi , – ona təzə əyin – baş , ayaqqabı alarsan . İlk gün hamı gözəl geyinib – keçinəcək . Uşaqdır , üst – başından utanmasın ,yaşıdlarının yanında sıxılmasın .
Arzu :
-Yaxşı , – dedi , – nəsə fikirləşdi , – ana ,- dedi , – sənə bir söz demək istəyirəm 
-De , qızım ..
-Amma … söz ver ki , əsəbləşməyəcəksən …Bəlkə … Bəlkə …Əziyyət çəkdiyin yetər ? Həyatın boyu hər zəhmətə qatlaşmısan , gecəni gündüzünə qatıb işləmisən , bizə korluq verməmisən . Məni doğru başa düş , ana …sənə baxanda ürəyim ağrıyır . Mən özümə münasib iş tapana qədər bəlkə o evdə sənin əvəzinə işləyim ? Sən bir az dincini al . Deyirəm …bəlkə bu barədə evin sahibəsi ilə danışasan ?
Zəhranın üzünün ifadəsi dəyişdi :
-Nə danışırsan , ay qız ! Mən gecə – gündüz əlləşib – vuruşmuşam , uşaq oxutmuşam ki , kiminsə qapısında nökərçilik etsin ? , – qarşısındakı boşqabı əli ilə itələdi ,- mənim başqa çarəm yox idi …sizi böyütməli idim …, – gözləri doldu , – atan yazıq ondan ötrü çıxmışdı evdən…Özünü oda – közə vururdu , deyirdi , ailəm gərək heç nədən korluq çəkməsin…Mən …mən onun övladlarını böyütməli idim …Ona layiq böyütməli idim , – gözlərində yaş gilələndi , – amma …sizi heç kimin qarşısında əymərəm . Onu atanın ruhu da mənə bağışlamaz . Nə qədər canımda can var , işləyib sizi saxlayacam .
Zəhranın qətiyyətli danışığı Arzunu fikrindən döndərdi . Yerindən qalxıb anasına yaxınlaşdı . Boynunu qucaqlayıb gözlərindən öpdü :
-Darıxma ana , – dedi , – sən bizim fədakar , cəfakeş , zəhmətkeş anamızsan .Biz də çalışıb sənə , atamıza layiqli övladlar olacağıq . 
Zəhra qızını bağrına basdı :
-Mənim ona şübhəm yoxdur , – qızım . Siz halal çörəklə böyümüsünüz . Naxələf övlad ola bilməzsiniz . Allahın köməkliyi ilə əliniz çörəyə çatar , istədiyiniz kimi dolanarsınız , bax o zaman mən də dinclik taparam .
Arzu mətbəxi yığışdırıb yataq otağına keçdi . Sevil əlindəki kitabı kənara qoyub , yerindən dikəldi . İstehza ilə :
-Nə danışırdız ? , – dedi , – məndən şikayətlənirdin ?
Arzu təmkinini pozmadan :
-Yox , – dedi , – çarpayısındakı yastığa söykəndi . Şikayətlənməyə elə bir səbəb yoxdur . Sonbeşiksən , şıltaqlıqlar edirsən , – gülümsədi , – amma ürəyin təmizdir.
-Ürəyitəmizlik avamlıq əlamətidir !, – Sevil bacısına acıqla baxdı , – Hamıya eyni cür , mərhəmətlə , sevgi ilə yanaşmaq olmaz ! Həyatda ədalətsizliklər çoxdur , bax onlara qarşı etiraz etmək lazımdır !
-Sevil , – məni dinləməyə çalış ,” həyat “ dediyimiz çox qəliz bir şeydir . İnsan ondan çox şey tələb etdikcə , sanki acığa düşüb bir az da gen gəzir . Əksinə , səbrlə , təmkinlə məqsədinə doğru irəlilədikdə isə , özü sənə tərəf addım atır, yol göstərir .
Bacısına mehribanlıqla baxdı :
-Gözəl bacım , sən düşüncəli qızsan . Dediklərimi yaxşı anlayırsan . Daxilindəki kin – küdurəti cücərməyə qoyma . Həyata münasibətini dəyiş , bax o zaman həyat da sənə gülümsəyəcək …
Sevil işığı söndürüb yatağına uzandı :
Qaranlıqda astadan :
-Mən haqsızlıqlarla barışmayacam , – dedi , – eşidirsən , barışmayacam !

Ardı var .

Govher Rustamova 
www.kafiye.net