HƏSƏD  3 

Sevili yola saldıqdan sonra Nübar otağa keçib stolun üstünü sahmana saldı . Stəkan – nəlbəkini yığıb mətbəxə apardı. 
Yuyulan qabları qurulayaraq səliqə ilə şkafa yığan Rəfiqə mehribanlıqla qızına baxdı :
-Sevil yaxşı qızdır , – dedi . Mehribandır , ağıllıdır . Əminəm ki , dostluğunuz möhkəm olacaq .
Nübar deyilənləri təsdiqlədi :
-Hə , ana , – dedi . Çox yaxşı qızdır , – nəsə fikirləşib , – amma …qəribədir , sinifdə heç kim onunla dostluq etmirdi .Özü də sanki adamlardan kənar gəzir…
-Hə , elə bil sıxıntı içindədir .
-Bilirsən ana , onun atası fəhləliklə məşğul idi . Biz hələ aşağı sinifdə oxuyarkən onlara bədbəxtlik üz verdi . Atasının işlədiyi müəssisədə böyük bir qəza olmuşdu . Nəticədə xeyli fəhlə dünyasını dəyişmişdi . Sevilin atası da onların sırasında idi . Yazıqlar çox ağır günlər yaşadılar . Anası onları böyütmək üçün hər əziyyətə qatlaşırdı . İmkanlı ailələrin evində gecə – gündüz paltar yuyur , yemək bişirir , ev – eşik yığışdırırdı . 
Rəfiqə əlindəki stəkanı silə – silə :
-Yazıq qadın , – dedi , – neyləsin , – körpələrini böyütmək üçün çalışıb – vuruşub.
Nübar mətbəx masasının üstünü silə – silə :
-Hə , – dedi , elə indi də çalışır , – sözünə ara verdi , – təkbaşına onları böyüdüb ərsəyə çatdırıb . Bacısı Arzu institutu bu il bitirdi . Sevil də Ali məktəbə qəbul oldu . Tək qadın üçün əlbəttə ki , bunlar asan başa gəlməyib.
-Elədir , – Rəfiqə dərindən köks ötürdü , – analar bala üçün hər cəfaya dözürlər , – qızına baxdı , – sən ona qarşı həmişə diqqətli olmağa çalış qızım , qəlbi sınıqdır . Nəyə ehtiyacı olsa , mənə de . 
Nübar gülümsədi :
-Yaxşı ana . Bundan sonra onsuz da bir yerdə olacağıq . İnstituta da birgə gedib – gələcəyik . Seminarlara , imtahanlara da birlikdə hazırlaşacağıq . O da evimizin bir qızı olacaq . 
Ana mehribanlıqla qızına baxdı :
-Lap yaxşı qızım . Qoy sıxılmasın. Buranı öz evi bilsin. Bacardığımızdan evlərinə , ailələrinə də kömək edərik .
Nübar məmnunluqla anasına baxdı :
-Yaxşı , ana . Mən onu özümə bacı biləcəm ,- gülümsədi , – vaxt gələr , ailəliklə dost olarıq . Sən də onun anası ilə tanış olarsan .
Qapının zəngi onların söhbətini kəsdi . Rəfiqə saata baxıb :
-Yəqin atandır , – dedi , – qapını aç , qızım .
Az sonra Kamran evə daxil oldu . Qızını qucaqlayıb üzündən öpdü . Əlindəki iri bağlamaları Rəfiqəyə verdi :
-Hə , – dedi , – qızımın ürəyi istəyən hər şeyi almışam . Baxın , görün bəyənirsinizmi ?
Nübar bağlamalardan birini açdı . Heyrətdən gözləri böyüdü :
-Bu ki mənim iki gün əvvəl mağazada görüb bəyəndiyim paltardır !
– Hə , qızım . Mağazaya zəng vurub sifariş etdim , sürücü gedib götürdü , – gülümsədi , – hələ o biri bağlamanı da aç .
Nübar sevincək digər bağlamanı da açdı :
-Ayy, çox sağ ol , ata , – dedi , – bu ayaqqabı ilə çantanı da ona uyğunlaşdırmısan , – atasının üzündən öpdü , – zövqünə də ki , söz ola bilməz .
Kamran qızını bağrına basdı :
-Mənim tələbə qızım gərək hamıdan gözəl görünə …Sağlıqla geyin , qızım . Bunlar tələbəliyinin ilk gününə mənim hədiyyəmdir .

Ardı var .

Govher Rustamova 
www.kafiye.net