HƏSƏD  ( 2 )

Sevil otağında idi . Nübargildən gətirdiyi hədiyyələri açıb baxırdı .
Qapının astaca açıldığını hiss edib başını çevirdi . Bacısını görcək gülümsədi :
-Arzu , – dedi , – gəl bax , bu hədiyyələri mənə Nübarla anası verib.
Arzu maraqla bacısının əlindəki qara dəri çantaya baxdı :
-Nə gözəl çantadır , Sevil , – dedi .Sağ olsunlar , yaxşı hədiyyədir .
Sevil qutudakı ətri çıxarıb burnuna yaxınlaşdırdı . Məmnun halda :
-Bunu da Nübar verdi , bəyəndiyim ətirdir , – dedi , – O , bu ətirdən vuranda sinifdə hamı bihuş olurdu . Bunu mənə hədiyyə alıb.
-Görürsən necə yaxşı rəfiqən var ? 
Sevil iti baxışla bacısına baxdı :
-Mən də onun kimi dəbdəbəli evdə yaşasaydım , onun geyindiklərini geyinib , yediklərini yesəydim , əzizlənsəydim , yaxşı qız olardım…
Bacısı onu qucaqlayıb üzündən öpdü :
-Yaxşı olmağın şərtləri bunlar deyil , əzizim.Sənin rəfiqənin çox böyük ürəyi var . Sən də ona qarşı o cür olmağa çalış . Həyatda yaxşı dost tapmaq çox çətindir . Bir də ki…Bir də ki , heç kimə həsəd aparma , bacı . O , sənə həyatda yaşamağa mane olacaq .
-Mənə həyatda başqa şeylər mane olur ! , – Sevilin üzünün ifadəsi dəyişdi , – niyə hər şey birinə verilir ? Niyə onun vəzifəli , imkanlı atası olmalıdı , mənim atam cavan yaşında qara torpağa getməlidir ?Niyə onun anası bər – bəzəkli evində xanım kimi yaşamalıdir , mənim anam isə bir qarın çörəkdən ötrü elələrinin qapısında qulluqçuluq etməlidir ? Niyə onların evində hər şey bərq vurmalıdır, bizimkində isə hər şey uçulub – sökülməlidir ? , – acıqla solğun kağızı neçə yerdən cırılmış divara baxdı , – adam xəcalət çəkir , heç kimi evə dəvət edə bilmirik , – kinayə ilə gülümsədi , – deyirsən “ sən də ona qarşı elə ol”. Onu bu evəmi dəvət edim ? Qayğanağamı qonaq edim ? , – qəhərdən boğuldu , – mənə öz otağını göstərmək istəyirdi , mən də ona buranımı göstərim? 
Arzu bacısını qucaqlayıb köksünə sıxdı :
-Qəm yemə ,Sevil , – dedi , – pis günün ömrü az olar . Anamız bizi təkbaşına, minbir əziyyətlə böyüdüb . Özü yeməyib , bizi yedizdirib , özü geyməyib , bizi geyindirib , – Sevilin istehzalı gülüşünə əhəmiyyət vermədi , – Hər halda , bacardığını edib.Mən Ali məktəbi bitirmişəm , sən də , çox şükür , qəbul olmusan , bunlar bisavad qadın üçün az iş deyil . Mən də öz ixtisasıma uyğun iş axtarıram . İşləsəm , anamızın yükü azalar , – bacısının üzündən öpdü, – indi biz başqasına həsəd aparmaqdan çox bir – birimizə arxa – dayaq olmalıyıq . Var gücümüzü bir yerə toplayıb , vəziyyətdən çıxış yolları axtarmalıyıq .
Arzunun sakit , səbrli danışığı Sevili bir qədər sakitləşdirdi.Başını aşağı salıb , ürəyində bacısının dedikləri ilə qismən də olsa , razılaşdı .
Qapının açıldığını hiss edib hər ikisi otaqdan çıxdı .Arzu cəld yeriyib anasının üzündən öpdü , əlindəki ağır zənbili aldı . Sevil üz – gözündən yorğunluq yağan anasını süzdü . Əynindəki nimdaş paltara , köhnə ayaqqabılara baxdı . Fikrində onu Nübarın anası ilə müqayisə etdi . Daxilində bayaqdan boğmaq istədiyi naməlum hiss yenidən baş qaldırdı . Yenidən qaşları çatıldı .
Anası ilə ağızucu salamlaşıb , otağına keçdi . 
Arzu zənbildəki ərzaqları mətbəxdə yerbəyer edib , Sevilin otağına keçdi . Astadan :
-Sevil , – dedi , – dediklərimi unutma . Anamız yazıqdır , bizim onu darıxdıran vaxtımız deyil .Ağıllı ol . 
Sevil dərindən ah çəkdi :
-Bax , bir neçə gündən sonra dərslər başlayacaq . Hamı təzə əyin – baş alır , həvəslə hazırlaşır . Bəs mən ? Əynimə nə geyinəcəm ? Nə qədər onun – bunun köhnəsini geyinmək olar? , – incik halda bacısına baxdı , – Nübar hər gün təzə paltarlar , ayaqqabılar geyinəcək , bahalı ətirlər vuracaq …mənsə …onun yanında sıxıla – sıxıla qalacam…
Arzu yenə bacısını sakitləşdirməyə çalışdı :
-Darıxma , Sevil . İş tapan kimi sənin əyin – başını özüm təzələyəcəm , söz verirəm . Bir az səbrli ol . İndi isə gəl anamızın üzündən öp , yorğunluğu canından çıxsın , – gülümsədi ,- gəl…
Sevil könülsüz halda yerindən qalxıb Arzunun ardınca , anası oturan otağa keçdi . 
Zəhra divanda oturub başını arxaya söykəmiş , gözlərini yummuşdu . 
Sevil ona sakitcə yaxınlaşıb yanında əyləşdi . Başını onun çiyninə qoyub :
-Çoxmu yorğunsan ana ? , – dedi .
Zəhra gözlərini açıb gülümsədi :
-Hə qızım , – dedi , – bu gün işlədiyim evin çoxlu qonaqları vardı . Sahibə bizə o qədər iş tapşırmışdı ki , başımızı itirmişdik . Danışa da bilmirik , o saat təzə işçi axtarır …Neyləyim , işimi itirə bilmərəm . Məcburam hər dediyini can – başla yerinə yetirim…
Sevil anasının vaxtından əvvəl ağarmış saçlarına , qırışmış əllərinə , yorğun gözlərinə baxdı :
-Elə sahibələr sənin kimisini anlaya bilməz , ana . Onlar yağ içində böyrək kimidirlər . Yoxsulluğun , əzab – əziyyətin , səfalətin nə olduğunu bilmirlər …
Arzunun qaş – gözü ilə verdiyi işarəni anlayıb susdu

Ardı var ..

Goher Rustamova 
www.kafiye.net