HƏSƏD. 1

Sevillə Nübar sevincdən yerə -göyə sığmırdılar. Bir – birini qucaqlayıb öpür , təbrik edirdilər. Hər ikisi Ali məktəbə qəbul olmuşdu. Özü də eyni Ali məktəbə , eyni fakültəyə . Eşidən – bilən ailələrə gözaydınlığı verir , qızlara uğurlar diləyirdi .
Nübar eyvandan ona evə qalxmasını işarə edən anasına baxıb gülümsədi . Sevilin əlindən tutub :
-Anam evə çağırır , – dedi , – bəlkə birlikdə bizə qalxaq ? Anan işdə , bacın da rəfiqəsigildədir . Evdə tək oturub neyləyəcəksən ? 
Təklif Sevilin ürəyindən olsa da , cavab verməyə tələsmədi . Rəfiqəsigilin ev – eşiyini görmək , həyat tərzi ilə tanış olmaq onun çoxdankı arzusu idi .Qızın zövqlü geyim – keçimi , həyatından razılıq ifadə edən siması onda bu ailəyə çox böyük maraq oyatmışdı . Hiss edirdi ki , Nübar evdə – ailədə çox əzizlənir…Ondan fərqli olaraq…
Bir qədər fasilədən sonra :
-Yaxşı , – dedi , – nə deyirəm , gedək .
Nübarın anası onları mehribanlıqla qarşılayıb :
-Nə yaxşı , – dedi , – adın Nübarın dilindən düşmür , – axır ki,, özünü də gördük . Xoş gəlmisən , qızım . Gəlin , keçin içəri . 
Sevil özünü utancaq kimi göstərib gülümsəyərək :
-Salam xala , – dedi .Mən evə gedirdim , Nübar xahiş etdi , mən də sözünü yerə salmadım.
-Lap yaxşı elədin . Nübarın rəfiqəsi evimizin ən əziz adamıdır , – deyib , – ana masaya səliqə ilə ütülənmiş dümağ süfrə saldı , – hə , – dedi , – Nübar , mənimlə mətbəxə keç , qızım . 
Nübar gülümsəyib anasının ardınca mətbəxə keçdi . 
Sevil fürsəti əldən verməyib maraqla ətrafa nəzər saldı , zövqlə bəzədilmiş otağa göz gəzdirdi . Bahalı mebelə , par – par yanan çılçırağa , bir – birindən gözəl büllur qablara , pəncərədəki dəbli pərdəyə maraqla tamaşa etdi . Özlüyündə :
-Hmm, – düşündü , – Nə xoşbəxt insandırlar , bu cür ev – eşik sahibidirlər . Hər tərəf par – par parıldayır …
-Sevil , – Nübarın səsi gəldi , – gəl əllərimizi yuyaq . Anam bizə dadlı yeməklər bişirib . Birlikdə nahar edəcəyik .
Sevil yerindən qalxıb dəhlizə çıxdı. Nübar ona əlüzyuyanı göstərib :
-Gəl , əllərini yu , orda təmiz məhrəba var , qurula , – dedi. 
Vanna otağına keçən Sevilin gözləri təəccübdən böyüdü : “ Aman Allah ! – düşündü , – mən hara düşmüşəm ? Hər tərəf bərq vurur!
Əllərini qurulayıb otağa keçəndə isə heyrətdən özünü ititdi ; Nübarla anası süfrəni cürbəcür təamlarla elə gözəl bəzəmişdilər ki , baxmağın özü insana zövq verirdi .
Sevilin duruxduğunu görən Nübar onun əlindən tutub :
-Gəl , – dedi , – sıxılma , bura sənin öz evindir , rahat ol.Bundan sonra bura tez – tez gələcəksən . Anam bizim dostluğumuza çox sevinir . İstəyir ki , biz sona qədər mehriban rəfiqələr olaq .
Sevil pörtdü . Bir söz deməyib süfrə arxasına keçdi . Nübar onun boşqabına yeməklər çəkir , həvəslə qulluq edirdi . Yeməklərin dadından , ətrindən çaşbaş qalan Sevil özlüyündə: “ Ana belə olar !, – düşündü . Ev , ailə belə olar! Bir bax , necə cah – cəlal içindədirlər ! Hər şeyləri var . Elə bil nağıllar aləmidir . Amma biz…”
-Niyə yemirsən ? , – Nübarın səsinə diksindi , – xoşuna gəlmədi?
-Nə danışırsan ? Əksinə , hər şey çox dadlıdır . 
-Elə isə , iştahla ye , – özü də həvəslə yeməyə başladı , – hələ qarşıda çay süfrəmiz də olacaq , anam dadlı şirniyyatlar bişirib . Səni onlara da qonaq edəcəyəm.
Nübarı dinlədikcə Sevilin daxilində özünün də baş açmadığı , qəribə bir hiss oyanırdı . Üzünün ifadəsi dəyişir , haldan – hala düşür , bu evdən qurtulub qaçmaq istəyirdi .” Axı niyə ? “ Sualın cavabını özü də bilmirdi .
Yemək süfrəsini yığışdırmaqda Nübara kömək bəhanəsilə qabları yığıb mətbəxə keçdi . İlahi , necə geniş , səliqəli , rahat bir məkana düşdü ! Hər şey göz oxşayırdı . Rəfiqə qabları onun əlindən alıb :
-Zəhmət çəkmə , qızım , – dedi , – Nübar özü yığışdıracaq . Keç, keç otağa . İndi sizə pürrəngi çay dəmləyəcəm. 
Az sonra çay süfrəsi hazır oldu . Nübar şkafdakı cürbəcür şirniləri həvəslə süfrəyə düzür , təzə konfet qutuları açır , Sevilə növbənöv mürəbbələrdən dadmağı təklif edirdi .
Sevilsə …özünə yer tapmırdı…
Mürəbbəli çayı tələm- tələsik içib ayağa qalxdı :
-Mən gedim Nübar , – dedi , – anamgil burda olduğumdan xəbərsizdirlər .Qapını bağlı görüb , nigaran qalarlar . 
Nübar təəssüflə ona baxdı :
-Heyf , sənə öz otağımı göstərmək istəyirdim , – gülümsədi , – eybi yox , qalsın gələn dəfəyə . O otaqda dərslərimizi hazırlayarıq . Vaxtımızı birlikdə keçirərik.
Sevil “ Hə “ deyib qapıya tərəf getdi . Rəfiqə mətbəxdən dəhlizə keçib : 
-Nə oldu , qızım ? Niyə belə tez gedirsən ? , – nəsə fikirləşib , – gözlə , – dedi .
Yan otağa keçib əlində bağlama qayıtdı :
-Al qızım , çantadır , əsl tələbə çantası . Bu da mən xalandan sənə hədiyyə. Sağlıqla işlət .
Nübar da : 
-Dayan , – deyib öz otağına qaçdı . Çox keçmədi ki , əlində kiçk ətir qutusu geri döndü , – Al , Sevil . Bu da məndən sənə hədiyyə . Bu , mənim ən çox sevdiyim ətirdir , – gülümsədi , – elə sənin də … Hər dəfə onunla ətirlənəndə mənə “ Nə gözəl ətir vurmusan” deyirdin . İndi o ətirdən səndə də var .Götür.
Sevil sıxıla – sıxıla təşəkkür edib , hər iki hədiyyəni qəbul etdi . Sağollaşıb qapıdan çıxdı .
Həyətə çıxar – çıxmaz dərindən nəfəs aldı . Aman Allah , sanki onu məhbusluqdan azad etmişdilər . Daxilindəki sıxıntıdan necə qurtulacağını bilmirdi .
Evlərinə tərəf addımladıqca nəfəsi təngiyir , üzünün ifadəsi dəyişir , baxışları sərtləşirdi…
Pillələləri sürətlə qalxıb qapıya yaxınlaşanda bacısı Arzunu görüb duruxdu : 
-Hardan gəlirsən Sevil ? 
Sevil cibindəki açarı çıxarıb qapını açdı :
-Nübargildə idim. Qonaq çağırdı , xətrinə dəymədim , getdim. 
-Bəs niyə bikefsən ?
-H…Heç…, – bacısına baxdı , zorla gülümsədi , – narahat olma , hər şey yaxşıdır.
Arzu bir söz deməsə də , qızın əhvalı onda şübhə doğurdu. 
Əllərini yuyub mətbəxə keçdi . Ordan :
-Sevil , aclığın varmı ? , – dedi , – gəl birlikdə nahar edək .
-Nahar edək…- Sevil onu yamsıladı , – nə yeyəcəksən ?
-Allah verəndən , – Arzu gülümsədi .
-Allah hər gün eyni şeyi verir…;qayğanaq , kartof qızartması…
-Sənə nə olub ? , – Arzunun siması dəyişdi , – buna da şükür . Ürəyindən başqa nəsə keçirsə , de .
Arzunun yanaqları pörtdü :
-Ürəyimdən çox şey keçir ! Camaatın yaşayışından xəbərin varmı ? Necə geyinib – keçindiklərini , nələr yeyib , nələr içdiklərini bilirsənmi ? Necə dəbdəbəli evdə yaşadıqlarını təsəvvürünə gətirirsənmi ?
Söhbət Arzunu möhkəm tutdu . Əlindəki yumurtanı kiçik tavadakı yağa vurub Sevilə tərəf döndü :
-Allah hər kəsin alnına bir qismət yazıb , – dedi , – kimisinə dəbdəbəli həyat, kimisinə də…, – tavanı plitənin üstündən götürüb köhnə mətbəx masasının üzərinə qoydu , – axşamdan qalmış boyat çörəyi götürdü , – amma …gözəl bacım , yadında saxla , bal – çörək var ki , zəhər dadır , duz – çörək var ki …
-Bal – çörək elə bal – çörək dadır ! , – Sevil səsini qaldırdı.
Başını aşağı dikib aramla çörəyini yeyən Arzuya indi bəzi mətləblər aydın olurdu .Bacısı rəfiqəsinin dəbdəbəli həyatını görüb məyus olmuşdu . Bu an Sevilin onu dinləməyəcəyini yəqin edib , söhbəti dayandırdı .

Ardı var .

 
Govher Rustamova 
www.kafiye.net