Ələnir hər şey

Xəmir yoğurmağa un ələyirəm,
“Bismillah”la”bərəkət diləyirəm.
Xəlbirin xırda gözündə
Eləndikcə narın-narın,
Xəlbirlənir xəyalımda
Yaxınlarım-uzaqlarım.
Xəlbirlənir duyğularım,
Səhvlərimdən arınınam.
Üzə çıxır günahlarım,
Süzülürəm , duruluram.
Elənir dost bildiklərim,
Uğuruna öldüklərim.
Aylar illər bircə-bircə düşüb gedir,
Ellərim bomboşdur amma.
Tək-tük yerdə qalıb dən-dən
Ümidlərim giley edir.
Necə demiş ulu Tanrı
Demiş ki sən,
İnsan oğlu, geriyə dön ,
Günlərini, aylarını ,illərini saya-saya.
Dünya dərya …
Sən dünyadan içə bildin doya-doya?
Bir çeçələ barmağını batıranda suya,
Ey qul!
O barmaqda nə qədər su götürmüsən?
Elin boşdur !
Sənə verdiyim həyatı
Sən boşuna ötürmüsən…
…Xəlbirlənir un ələkdə ,
Yellənirəm dünya adlı
Bir beşikdə.
Bir üzü ağ , biri qara 
Ölüm dayanıb keşikdə.
Tənha Bulud ,sitəm etmə
Aç gözünü bəsirətlə .
Yaşadığın hər acıda
Rəbbinin bir rizası var.
Behiştində mələklərin
“Salam olsun!” duası var.
Yaşayırsan kəramətlə.
Öləcəksən qüdsiyyətlə.

Tamara Rustamova Tənha Bulud
20.02.2018
www.kafiye.net