Daha nağıllara inanmıram mən

 
Susdursam cavabsız suallarımı,
Haqsızlıq önündə susammıram mən.
Tərk etdim uşaqlıq xəyallarımı,
Daha nağıllara inanmıram mən.
 
Divin xəlbirindən su axmır daha,
Tık-tık xanım yalqız darıxmır daha,
Çiçəyin içindən qız çıxmır daha,
Daha nağıllara inanmıram mən.
 
Qartal zirvəsində qarğalar süzür,
Qurdlar oylağında çaqqallar gəzir,
Mərdlər sındırılır,canından bezir,
Daha nağıllara inanmıram mən
 
Ələddinin çırağı cinsiz qalıb,
Cinlər adamların canına dolub,
Uçan xalçalar da yüyənsiz qalıb,
Daha nağıllara inanmıram mən.
 
Məlikməmməd,qılıncın dəyib daşa
Yeddibaşlı əjdahayla çıx başa!
Təpəgözün zindanında dol yaşa,
Daha nağıllara inanmıram mən.
 
Dirilik siyunda balıq dirilmir,
Ağ Qoçun Qaradan fərqi bilinmir,
Göyçək Fatmaların saçı hörülmür,
Daha nağıllara inanmıram mən.
 
İşıqlı dünyaya zülmət şah olub,
Həyat ağacının çiçəyi solub,
Ağ atlı oğlanlar nağılda qalıb,
Daha nağıllara inanmıram mən.
 
Tənha Bulud,təbin gəldi,dayanma!
Hər süzülən göz yaşına inanma.
Sürüşkən zirvəni güvənli sanma,
Daha nağıllara inanmıram mən.
 
 
24.02.2018.
Tamara Rustamova Tenha Bulud
www.kafiye.net